Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 2006-cı il 26 mart tarixli qətnaməsinə əsasən hər il mayın 17-si “Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü” kimi qeyd olunur.
Azərbaycanda informasiya cəmiyyətinin qurulması dövlət siyasətinin əsas prioritetlərindəndir. Ümummilli lider Heydər Əliyev 2003-cü ildə respublikamızda informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiq olunması və inkişaf etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)”nı təsdiq etmişdir. Milli Strategiyanın qəbulundan sonra ölkəmizdə bu sahədə kompleks tədbirlər həyata keçirilmişdir.
İnformasiya texnologiyalarının inkişafına mühüm əhəmiyyət verən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu sahədə məqsədyönlü tədbirlər görülür. Son illər qəbul edilən dövlət proqramları və həyata keçirilən zəruri islahatlar nəticəsində ölkəmizin ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası, elektron hökumətin yaradılması, informasiya təhlükəsizliyi və digər məsələlərin həlli istiqamətində mühüm addımlar atılmış, Azərbaycanın dünya kosmik məkanına inteqrasiyası təmin edilmişdir.
İnformasiya texnologiyalarının inkişafı sahəsində müəyyənləşdirilən dövlət siyasəti Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. İnformasiya sistemlərinin inkişafına, informasiya təhlükəsizliyinin təmin edilməsinə, elektron hökumət, elektron imza və elektron sənəd dövriyyəsinin tətbiqinə, elektron poçt-maliyyə xidmətlərinin, internetdən istifadə səviyyəsinin artırılmasına xüsusi diqqət yetirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” 2011-ci il 15 iyul tarixli Fərmanına əsasən yaradılmış “Elektron hökumət” portalının imkanları ildən-ilə inkişaf etdirilir. “Bir pəncərə” prinsipi əsasında fəaliyyət göstərən 33 dövlət təşkilatı tərəfindən hazırda 291 elektron xidmət istifadəçilərə təqdim olunur. Bundan əlavə, 150-yə yaxın dövlət və ictimai təşkilata elektron poçt ünvanları və domen adları verilmiş, həmin təşkilatların internet səhifələri hazırlanaraq qlobal şəbəkədə yerləşdirilmişdir. Bunun üçün İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin maddi-texniki bazası daha da möhkəmləndirilmiş, əlavə server avadanlıqları, irihəcmli məlumatların qəbulu və paylanması üçün şəbəkə avadanlıqları alınıb quraşdırılmışdır.
Muxtar respublikanın yaşayış məntəqələri tamamilə telefonlaşdırılmış, bir kanal vasitəsilə telefon, internet və televiziya xidmətlərindən istifadəyə imkan verən Yeni Nəsil Telekommunikasiya sistemlərinin tətbiqinə başlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov muxtar respublikada informasiya-kommunikasiya texnologiyalarının inkişafı barədə demişdir: “Bu gün muxtar respublikada informasiya-kommunikasiya texnologiyaları sahəsində böyük layihələr həyata keçirilir. Muxtar respublikada bütün telefon stansiyaları avtomatlaşdırılmış, fiber-optik kabellər çəkilmiş, yeni poçt şöbələri yaradılmış və digər tədbirlər həyata keçirilmişdir. Qısa zaman kəsiyində görülən işlər muxtar respublikanın informasiya blokadasından çıxmasına səbəb olmuşdur”.
Muxtar respublikada yeni nəsil texnologiyaların tətbiqi ilə əlaqədar nəzərdə tutulan 5 mərhələdən ibarət layihənin artıq 4 mərhələsi başa çatdırılıb. Ötən ilin noyabr ayında Culfa rayon ərazisində yeni nəsil telekommunikasiya sisteminin qurulması ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə Çin Xalq Respublikasının “Huawei” şirkəti arasında müqavilə imzalanmış və avadanlıqlar muxtar respublikaya gətirilmişdir. Hazırda avadanlıqların montaj-quraşdırma işləri davam etdirilir.
Muxtar respublikada informasiya texnologiyalarının inkişafı istiqamətində həyata keçirilən tədbirlər poçt sistemini də əhatə etmişdir. 164 poçt şöbə və bölməsi avtomatlaşdırılmış, yeni sistem üçün server qurulmuş, lazımi proqram təminatı ilə təchiz edilmişdir. Bu gün elektrik enerjisi, qaz və digər xidmət haqlarının ödənilməsi tamamilə poçt şöbə və bölmələri vasitəsilə həyata keçirilir. Bununla yanaşı, poçt şöbə və bölmələrində bankomat kartları ilə POS-terminallardan ödəniş üçün lazımi şərait yaradılmış və ümumilikdə, 174 POS-terminal quraşdırılmışdır. “Elektron hökumət” portalı üzərindən muxtar respublikamızda real vaxt rejimində poçt məntəqələrində kommunal xərclərin yığılması davam etdirilir. Həmçinin pensiya ödənişlərinin avtomatlaşdırılması məqsədilə “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssisləri tərəfindən hazırlanmış elektron bazalı proqram təminatı, bələdiyyə xidmət rüsumlarının toplanması da avtomatlaşdırılmış, şəhər, rayon və kənd bölmələrində məftilli internet abunəçiləri üçün balansartırma və tullantı məhsullarının qəbulu üçün proqram təminatı hazırlanmış, cari il mart ayının 20-də istifadəyə verilmişdir.
Müasir texnologiyaların tətbiqi muxtar respublika ərazisində rəqəmsal radio-televiziya yayımının təşkilinə də əsaslı zəmin yaratmışdır. Xüsusilə informasiya cəmiyyətinin qurulmasında elektron medianın imkanlarından geniş istifadə olunur. Muxtar respublikanın kütləvi informasiya vasitələrinin internet saytlarının yaradılması, sosial şəbəkələrdən istifadənin aktuallaşdırılması informasiyanın operativ şəkildə ötürülməsində və yayılmasında yeni mərhələnin əsasını qoymuşdur. 2014-cü ilin dekabr ayından analoq televiziya yayımı dayandırılmış, 6 güclü və 44 azgüclü verici stansiya vasitəsilə muxtar respublika ərazisində rəqəmsal televiziya yayımına keçid təmin edilmişdir. Hazırda bütün yaşayış məntəqələrində 12 televiziya kanalının və 9 radio dalğasının rəqəmsal yayımı təmin edilmişdir. Bu gün Naxçıvan Dövlət Televiziyası və Radiosu internet üzərindən bütün dünyaya yayımlanır. Muxtar respublika ərazisində İP televiziyanın yayımı Yeni Nəsil Telekommunikasiya Sistemi üzərindən televiziya kanallarını izləmək və digər xidmətlərdən yararlanmaq imkanı yaratmışdır. Azərbaycan Respublikasında ilk dəfə teleradio kanallarının bir tezlik üzərindən yayımını təmin edən SFN texnologiyası Naxçıvan Muxtar Respublikasında tətbiq olunub.
Hər il muxtar respublika ərazisində yeni tikilən kənd mərkəzlərinə, təhsil müəssisələrinə, dövlət təşkilatlarına fiber-optik xətlər çəkilir və bu xətlər üzərində iritutumlu telekommunikasiya şəbəkələri qurulur. Hazırda muxtar respublikada fiber-optik kabel xətlərinin ümumi uzunluğu 1600 kilometrdən artıqdır. Bu da muxtar respublikada rabitə əlaqələrinin tam kəsintisiz həyata keçirilməsində, elektron hökumət, genişzolaqlı internet, 4-cü nəsil xidmətlərin və digər informasiya-kommunikasiya texnologiyaları layihələrinin icrasında əvəzsiz rola malikdir. Son iki ildə Türkiyə istiqamətində əlavə fiber-optik kabel xətti çəkilmiş və muxtar respublikaya daxil olan internet kanalının həcmi iki dəfə artırılmışdır. Naxçıvan Muxtar Respublikasının beynəlxalq transavrasiya fiber-optik magistrallarına 2, qlobal internet sisteminə 4 tərəfli çıxışı vardır. Hazırda muxtar respublikanın yaşayış ərazilərinin 98,6 faizində genişzolaqlı, 99,5 faizində isə mobil internet xidmətləri göstərilir. 2018-ci ilin oktyabr ayında yaranmasının ikinci ilini qeyd edən Naxtel mobil operatoru uğurlu fəaliyyətini davam etdirmiş, ötən il abunəçilərini daha 30 min artırmaqla, ümumi istifadəçi sayının 60 mindən çox olmasına nail olmuşdur. Bundan əlavə, şəbəkənin keyfiyyətinin yüksəldilməsi üçün əlavə tədbirlər görülmüş, Babək rayonunun Yuxarı Buzqov və Şərur rayonunun Şahbulaq kəndlərində Naxtel mobil rabitəsinin tutumu təmin edilmişdir. Bütün bunlar informasiya cəmiyyəti quruculuğu istiqamətində həyata keçirilən tədbirlərin uğurlu nəticələridir.
Muxtar respublikada informasiya texnologiyalarının ayrı-ayrı sahələrdə də tətbiqinə diqqət yetirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq muxtar respublikada elektron təhsil infrastrukturunun inkişafı və təhsildə yeni texnologiyaların tətbiqi daim diqqət mərkəzində saxlanılır. Belə ki, son illər bu istiqamətdə işlər daha da genişləndirilmiş, təhsil müəssisələrində kompüter dəstləri və elektron lövhələr quraşdırılaraq internetə qoşulması təmin edilmişdir. 2018-ci il ərzində təhsil müəssisələri arasında interaktiv əlaqənin təmin edilməsi üçün 2014-cü ildə qurulan interaktiv təhsil sisteminə qoşulmuş muzeylərə daha ikisi əlavə edilmiş, istifadəyə verilən səkkiz təhsil müəssisəsinin fiber-optik əsaslı interaktiv təhsil sisteminə qoşulması təmin olunmuşdur. Hazırda muxtar respublika üzrə 200-dən artıq təhsil müəssisəsi və 17 muzey “İnteraktiv Tədris Sistemi”nə qoşulmuşdur.
İnformasiya cəmiyyətinin formalaşması prosesi mürəkkəb və çoxşaxəlidir. Odur ki, muxtar respublikada bundan sonra da informasiya texnologiyalarının inkişafı daim diqqət mərkəzində saxlanılacaq, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçiriləcəkdir.
Naxçıvan Muxtar Respublikası Rabitə və
Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti