Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər aprel ayında da davam etdirilib. Belə ki, muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan 18 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barələrində müvafiq tədbirlər görülüb.
Ötən ay Dövlət Miqrasiya Xidmətinə daxil olan 647 müraciətin 127-si əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazələrin verilməsi və yenidən rəsmiləşdirilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi, Azərbaycan Respublikasının vətəndaşlığına bərpa, eləcə də Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı olmuşdur. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılmış, müvafiq qərarlar qəbul edilmişdir.
Ötən dövrdə olduğu yer üzrə qeydiyyatla bağlı 520 müraciət qeydə alınaraq icrası təmin olunmuş, həmin müraciətlərdən 246-sı elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilmiş, fəaliyyət istiqamətlərinə uyğun olaraq maarifləndirmə tədbirləri aparılmışdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya
Xidmətinin mətbuat xidməti