Naxçıvan Qarnizonu qoşunlarında aprel ayı ərzində həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.
Əlahiddə Ümumqoşun Orduda keçirilən andiçmə mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Gənc əsgərlər komandirlərinin və valideynlərinin şahidliyi ilə Vətənə sədaqət andı içərək yurdumuzun müdafiəsində ayıq-sayıq dayanacaqlarına söz veriblər.
Tədbirdə çıxış edənlər gənc əsgərlərə hərbi andı qəbul etmələri münasibətilə təbriklərini çatdırıblar.
Çıxışların ardından Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, general-mayor Elman Orucov Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdırıb. Bildirilib ki, qədim tarixə malik olan Naxçıvan muxtariyyətinin 95-ci ilində uğurla inkişaf edir, yeni-yeni nailiyyətlər qazanır. Ötən il Əlahiddə Ümumqoşun Ordunun hərb tariximizə qızıl hərflərlə yazdığı Günnüt zəfəri muxtar respublikamızın müdafiə qüdrətindən xəbər verir. Təbii ki, bütün bunlar da ümummilli lider Heydər Əliyev yoluna sədaqətin, muxtar respublikamızın hərtərəfli inkişafının və xalq-ordu birliyinin təntənəsidir.
* * *
Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında keçirilən hərbi andiçmə mərasiminə hazırlıq barədə raport verildikdən sonra hərbi hissənin döyüş bayrağı sıra meydanına gətirilib. Mərasim ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycan torpaqlarının azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra gənc əsgərlər hərbi andı qəbul ediblər. Briqada komandiri, general-mayor Səlim Niftalıyev çıxış edərək bildirib ki, muxtar respublikamızda bütün hərbi hissələr müasir texnikalar və avadanlıqlarla təchiz edilib, maddi-texniki baza təkmilləşdirilib. Gənc əsgərlər keçilən dərslərdə bu texnikalardan düzgün istifadəni dərindən öyrənməli, hərbi anda sadiq qalmaq hər bir əsgərin müqəddəs borcu olmalıdır.
Tədbirdə “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının zabiti, kapitan Orxan Seyidov Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərovun təbrikini şəxsi heyətə çatdırıb.
Andiçmə mərasimində Naxçıvan Dövlət Universitetinin müəllimi Xəzər Hüseynov, valideynlər adından isə İlqar Sabirli çıxış edərək hərbi xidmətin Vətən qarşısında müqəddəs borc olduğunu qeyd edib və əsgərlərə nümunəvi xidmət arzulayıblar.
Əsgərlər adından çıxış edən Elxan Zeynalov onların qarşısında qoyulan vəzifələri layiqincə yerinə yetirəcəklərinə, Vətənimizə şərəflə xidmət edəcəklərinə söz verib.
* * *
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında keçirilən andiçmə mərasimində isə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəis müavini, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-mayor Niyaməddin Tağıyev Sərhəd Diviziyasının maddi-texniki bazasının xeyli möhkəmləndirilməsindən, sərhəd zastavalarının müasir texnika, avadanlıq və ləvazimatlarla təmin olunmasından, yeni sərhəd infrastrukturu yaradılmasından danışıb, hərbi andı qəbul edən gənc əsgərləri təbrik edib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra gənc əsgərlər Vətəni ləyaqətlə qoruyacaqlarına, əsgəri borclarını şərəflə yerinə yetirəcəklərinə and içiblər.
Andiçmə mərasimləri şəxsi heyətin tribuna önündən təntənəli keçidi ilə başa çatıb.’
Xəbərlər şöbəsi