Özünü dünya arenasında şahmat məkanı kimi tanıtmaqda olan Naxçıvan Muxtar Respublikasında daha bir Beynəlxalq Şahmat Festivalı uğurla başa çatdı. Yüksək təşkilatçılığı, əhatə dairəsi, əlamətdar tarixi təqvimi, gərgin və peşəkar mübarizələri ilə tarixiləşən bu festival iştirakçıların hafizəsinə unudulmaz təəssüratlarla yazıldı. Onlardan aldığımız son müsahibələri təqdim edirik.
Türkiyəli FİDE ustası Emirhan Tarlabaşı: – Əvvəllər bir sıra yarışlarda iştirak etsəm də, Naxçıvanda təşkil olunan Beynəlxalq Şahmat Festivalına ilk dəfədir, qatılırdım. Böyük qürurla deyə bilərəm ki, festival yüksək səviyyədə təşkil olunmuşdu, oyunlar rəngarəng və maraqlı keçdi. Burada dünyanın bir sıra ölkələrinin beynəlxalq qrossmeysterləri, FİDE ustaları iştirak etdiyindən böyük yarış təcrübəsi qazana bildim. Mən “A” qrupunda mübarizə apardım. Düzdür, ilk görüşlərdə ürəkaçan nəticə əldə etməsəm də, son oyunlar mənim üçün uğurlu oldu.
Onu da deyə bilərəm ki, Naxçıvanda bizi çox xoş və qonaqpərvərliklə qarşıladılar, səmimi münasibətin şahidi olduq. İstanbulda yaşayan biri kimi deməliyəm ki, orada Naxçıvandakı qədər yaşıllıq ərazilər, ağaclar yoxdur. Yaz fəsli qədim diyarın gözəlliyinə gözəllik qatıb, hər addımda səliqə-sahmanın, sakitliyin hökm sürməsi bir zəka sahibi kimi mənim ruhumu dincəltdi, əhval-ruhiyyəmə çox müsbət aura bəxş etdi. Festival çərçivəsində Duzdağ Fizioterapiya Mərkəzini ziyarət etmək imkanım oldu. Gördüklərimdən heyrətə gəldim, tuneldəki duz laylarının quruluşuna heyranlıqla tamaşa etdim.
Oğuz yurdunda olduğum müddətdə buranın tarixi-mədəni abidələri, təbiət əraziləri barədə də şifahi məlumat əldə etdim. Amma çox təəssüf edirəm ki, oyunların sıxlığından həmin yerləri gəzmək fürsətim olmadı. Onun üçün də gələcəkdə yenidən Naxçıvana gələrək buranı doyunca gəzmək niyyətim var.
Ortik Niqmatov – Özbəkistan Respublikası: – Festivalın gedişi zamanı növbəti yarışlardan birini – favoritlərdən belaruslu Vladislav Kovalyov kimi güclü bir rəqiblə heç-heçə başa vurmağımı yaxşı nəticə hesab etmək olar. Oyunlara konsentrasiya oluna bilməyimin başlıca səbəbi, şübhəsiz, festivaldakı gözəl təşkilatçılıq idi. Bir beynəlxalq səviyyəli şahmat yarışı üçün hər şey mükəmməl səviyyədə hazırlanmışdı.
Naxçıvanda, ümumiyyətlə, Azərbaycanda ilk dəfədir ki, oluram. Yarışların nəticəsindən asılı olmayaraq, bu festivaldakı çıxışlarım mənim üçün unudulmazdır.
- Nail ƏSGƏROV
- Əli CABBAROV