23 Dekabr 2024, Bazar ertəsi

Tarixi proseslərə nəzər saldıqda bir daha aydın olur ki, ictimai-siyasi formasiyalarda məhz xarizmatik liderlər məsuliyyəti öz üzərlərinə götürərək xalqın daim arzusunda olduğu azadlıq, müstəqillik və milli dövlətçilik kimi müqəddəs idealların gerçəkləşməsində həlledici rol oynayır, bununla da özlərinə əbədiyaşarlıq qazanırlar. Tanrı belə şəxsiyyətlərə həm də xilaskarlıq missiyası verir – zamanın ən sərt sınaqlarından çıxmış bu insanlar bütün bir milləti, ölkəni fırtınalardan, bəlalardan, fəlakətlərdən xilas edir, onu işıqlı gələcəyə aparır. Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyev də məhz belə şəxsiyyətlərdəndir.

Xalqımızın müstəqillik arzusunu gerçəkliyə çevirərək milyonların qəlbində əbədi abidə ucaldan ulu öndərimiz həm də müstəqil Azərbaycanın inkişaf strategiyasının müəllifi kimi böyük ehtiramla anılır. Gəncliyində memar olmaq istəyən dahi şəxsiyyət özünün şah əsəri olan müstəqil Azərbaycan Respublikasını yaratmışdır.
Ümummilli liderimiz siyasi müdriklik və düha ilə hələ totalitar sovet rejimi dövründə Azərbaycan xalqının müstəqil dövlətçilik konsepsiyasını formalaşdırmış, sonralar isə ilk tarixi fürsətdə elə özü də bu mühüm siyasi konsepsiyanı həyata keçirmişdir. Düz 35 illik bir epoxanın aparıcı şəxsiyyəti, nəhəng siması olan dahi öndərin böyük siyasətdə qət etdiyi çətin və şərəfli yol, siyasi iradə və obyektiv mövqe, atdığı qətiyyətli addımlar, Azərbaycan xalqı və dövlətçiliyinə bəxş etdiyi töhfələr əsl məktəbdir. Heydər Əliyev siyasi məktəbi...

10 may 1923-cü ildə Naxçıvanda dünyaya göz açan, gəncliyindən öz dərin zəkası və fitri istedadı ilə seçilən, sovet dövlət təhlükəsizlik orqanlarında çalışmaqla siyasi yetkinlik qazanan, dövlət idarəçiliyi sirlərinə yiyələnən ulu öndər Heydər Əliyev deyirdi: “Mən balaca bir evdə, zəhmətkeş ailəsində, bir yaz günü dünyaya göz açmışam. Anadan olanda, yəqin ki, beş-on, uzağı otuz-qırx nəfər sevinib. İndi, bəlkə də, bir o qədər qeyri-təvazökar səsləndi, amma deməliyəm ki, anam məni bütövlükdə Azərbaycanımız üçün dünyaya gətirib. Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm”.
Bu gün müstəqil Azərbaycan dövlətinin qazandığı hər bir uğurun təməlində ümummilli liderimizin müəllifi olduğu inkişaf strategiyası dayanır. Bu strategiyanın tarixi ulu öndərimizin 1969-cu ildə Azərbaycana rəhbər seçilməsindən başlayır. Bu dövrədək zəngin iqtisadi potensialının, təbii sərvətlərinin olmasına baxmayaraq, ölkəmiz ittifaq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerləri tuturdu. Görkəmli dövlət xadiminin respublikamızda rəhbərliyə gəlməsi Azərbaycanda digər sahələrlə yanaşı, iqtisadi inkişafa da yol açmış və ölkəmiz qısa zamanda ittifaq tərkibində o zaman üçün müasir iqtisadiyyata malik respublikaya çevrilmişdi. O dövrdə dahi rəhbər sənaye və kənd təsərrüfatının inkişafına yönəlmiş çox mühüm qərarlar qəbul etmiş, 14 il ərzində 1048 sənaye obyekti tikilmişdir.
Ulu öndərimizin milli kadrların formalaşdırılması istiqamətində gördüyü işlər, həyata keçirdiyi məqsəd­yönlü siyasət xalqımızın gələcək müstəqilliyinə hədəflənmiş, milli özünüdərkin əsasını qoymuşdur. Bu dövrdə elm, təhsil, səhiyyə və mədəniyyətə qayğı da ön planda olmuşdur. Azərbaycanın bugünkü hərbi uğurlarının, milli hərbi kadrların formalaşdırılmasının əsası da ümummilli liderin qeyri-adi cəsarəti, şəxsi təşəbbüsü ilə 1971-ci ildə Azərbaycanda ilk hərbi məktəbin yaradılması ilə qoyulmuşdur.
Reallıqdır ki, müstəqil dövlətin yaradılması üçün müstəqil iqtisadiyyatın qurulması və kadr hazırlığı kifayət deyildi. Bunun üçün milli şüuru oyatmaq lazım idi. Ötən əsrin 70-ci illərindən başlanan milli-­mədəni dirçəliş, özünüdərk, milli ruhun yüksəlişi xalqımızın illərdən bəri qəlbində yaşatdığı dövlətçilik ideyasının milli azadlıq mübarizəsində əsas hərəkətverici qüvvəyə çevrilməsinə zəmin yaratdı.
Türk dünyasının böyük oğlu 1982-1987-ci illərdə Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək dövlət vəzifələrində fəaliyyət göstərəndə də Azərbaycanın mənafeyini üstün tutmuş, keçmiş ittifaqın maddi resurslarının respublikamızın inkişafına yönəldilməsinə nail olmuşdur.
Sovetlər Birliyində hamı Heydər Əliyev-Azərbaycan birliyi ilə hesablaşır, heç kim Azərbaycanın inkişafının qarşısını almağa, əsassız torpaq iddiası irəli sürməyə cəsarət etmirdi. Təsadüfi deyil ki, qərəzli təzyiqlər nəticəsində 1987-ci ildə ulu öndərimiz siyasi hakimiyyətdən uzaqlaşdırılandan 15 gün sonra Azərbaycanın Dağlıq Qarabağ ərazisinin müstəqilliyi məsələsi gündə­liyə çıxarıldı. Bununla da Azərbaycanın ağrı-acılı günləri başlandı.
Azərbaycana edilmiş hərbi təcavüzdən – 1990-cı ilin 20 Yanvar faciəsindən sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunu və şəxsən baş katib Mixail Qorbaçovu kəskin şəkildə ittiham edən ulu öndərə qarşı böyük təzyiqlər başlandı. Bütün bunlara baxmayaraq, O, 1990-cı il iyul ayının 20-də Bakıya, iki gün sonra isə doğma Naxçıvana gəlmiş, burada böyük izdiham, sevgi və coşqu ilə qarşılanmışdır.
Görkəmli dövlət xadiminin doğulub boya-başa çatdığı Naxçıvana dönüşü tarixi zərurət idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlhаm Əliyev bununla bağlı demişdir: “Sovet İttifaqının dağıldığı ərəfədə və ondan sonra Naxçıvan çox ağır günlər yaşayıb. O illərdə ancaq ulu öndər Heydər Əliyevin əzmkar­lığı, qətiyyəti və siyasi bacarığı Naxçıvanı böyük bəlalardan qorudu... O, məcbur olub Moskvadan Bakıya döndü. Ancaq Bakıda o vaxtkı rəhbərlik təzyiqləri davam etdirirdi və Heydər Əliyev öz Vətəninə, doğulduğu yerə – Naxçıvana gəldi. Onun gəlişi Naxçıvanı böyük bəlalardan qurtardı. Naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı qorudu”.
Dahi şəxsiyyət Heydər Əliyevin böyük və mənalı ömrünün Naxçıvanda keçən 3 ili ərzində görülən işlər müstəqil dövlətimizin qurulmasına yönəldilmiş strategiyanın tərkib hissəsi idi. Onun 1990-1993-cü illərdə Azərbaycan və Naxçıvan parlamentlərinin deputatı, Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi həm milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılması ilə nəticələnmiş, həm də muxtar respublikamız işğal təhlükəsindən qorunmuşdur. 1990-cı ilin noyabr ayında dahi şəxsiyyət Heydər Əliyevin Sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk sessiyasında qəbul olunan tarixi qərarlar müstəqil dövlətçiliyin konseptual əsaslarının yaradılmasına hesablanmışdı.
Sovetlər Birliyinin hələ mövcud olduğu bir dövrdə üçrəngli milli bayrağımızın Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması böyük cəsarət tələb edirdi. Bütün bunlar 1991-ci ildə Azərbaycanın müstəqilliyini elan etməsinə şərait yaratmışdır. Bu tarixi hadisə nəinki Azərbaycanın, Sovetlər Birliyinin digər müttəfiq respublikalarının da müstəqillik qazanmasına yol açmışdır. Digər tərəfdən, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasında dövlət müstəqilliyinin bərpası istiqamətində həyata keçirilən tədbirlər təkcə siyasi müstəvidə getmirdi. Yeni iqtisadi təfəkkürə söykənən, bazar iqtisadiyyatı tələblərinə uyğun iqtisadi model formalaşdırılırdı. Muxtar respublikanın iqtisadi problemlərinin həllinə ciddi diqqət yetirilir, blokadanın vurduğu ziyanın aradan qaldırılması üçün tədbirlər görülür, quruculuq işləri aparılırdı.
Həmin dövrdə Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin təşkili ilə Naxçıvanın müdafiəsi üçün sistemli tədbirlər görülmüş, ölkəmizdə ilk dəfə Naxçıvanda nizami ordu hissələri yaradılmışdır. Ulu öndər 1992-ci ildə tarixi Moskva və Qars müqavilələrini gündəmə gətirməklə Ermənistanın təcavüzkar siyasətini, Naxçıvanın muxtariyyət statusunu, əzəli Azərbaycan torpağı kimi toxunulmazlığını beynəlxalq miqyasda bir daha təsdiqləmiş, ağır blokada şəraitində olan muxtar respublika iqtisadi böhrandan çıxarılmışdır. Dahi öndərin Naxçıvandakı siyasi fəaliyyəti ərzində ərazinin erməni işğalından müdafiəsi, milli şüurun dirçəlişi, milli dövlət strukturlarının formalaşması kimi mühüm tarixi nailiyyətlər əldə olunmuş, xalqla həmrəyliyin təntənəsi öz təsdiqini tapmışdır. Müstəqilliyin ilk illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Azərbaycanın əsl dövlətçilik məktəbi funksiyasını həyata keçirmişdir.
Xalqımızın böyük oğlu tarixin ən çətin və məsuliyyətli anlarında Azərbaycan xalqının ruhuna nəfəs kimi qayıtmış, onu sevərək hifz etmiş, milli mövcudluğunu qoruyaraq xilaskarlıq missiyasını yerinə yetirmişdir. Taleyin hökmü ilə iki dəfə bu missiyanı üzərinə götürən ulu öndər hər dəfə Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatmış, ölkəmizi böyük bəlalardan qurtarmışdır.
1993-cü ildə Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan ulu öndərimiz on il ərzində əsrlərə bərabər işlər görmüş, müstəqil Azərbaycanın ­xilaskarı və qurucusu kimi böyük tarixi missiyanı uğurla həyata keçirmişdir. Məhz Heydər Əliyev dühası Azərbaycan xalqını, Azərbaycan dövlətçiliyini, Azərbaycanın iqtisadiyyatını dağılmaq, məhv olmaq təhlükəsindən xilas etmişdir.
Görkəmli dövlət xadiminin bütün siyasi uğurlarının əsasını təşkil edən, onu dünya azərbaycanlılarının ümummilli lideri səviyyəsinə yüksəldən milli dövlətçilik təlimi, Azərbaycançılıq məfkurəsidir. Bu məfkurəni yüksək dövlətçilik təlimi səviyyəsinə məhz dahi Heydər Əliyev gətirmişdir.
Böyük şəxsiyyətin ideyaları, amalları bu gün də Azərbaycanın yoluna işıq saçır, xalqımızı xoşbəxt gələcəyə aparır. Xalqımız əmindir ki, ümummilli liderimizin siyasi kursu möhkəm əllərdədir.
Dünya dövlətləri sırasında layiqli yerini tutan Azərbaycanın ulu öndərimiz tərəfindən müəyyənləşdirilən inkişaf xəttini hazırda ölkə başçısı cənab İlham Əliyev uğurla davam etdirir. Ölkə rəhbəri nəinki regionda, bütövlükdə, dünyada qəbul edilmiş siyasətçi kimi Azərbaycanı, onunla birlikdə Heydər Əliyev kursunu da yaşadır, ölkəmizi inamla daha xoşbəxt gələcəyə aparır, böyük uğurlara imza atır. Dövlət başçısının həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycan daha da inkişaf edərək regionda lider dövlətə çevrilmişdir. Bu inkişaf ölkə həyatının bütün sahələrini və regionları əhatə edir.
Bu il 95 illiyini təntənəli şəkildə qeyd edən Naxçıvan Muxtar Respublikası da sürətli inkişaf yolundadır. Ulu öndərimiz çıxışlarında dəfələrlə Naxçıvanın muxtariyyət statusunun qorunub saxlanılmasının vacibliyini xüsusi olaraq vurğulamış, qədim diyarın təhlükəsizliyinin təmin olunmasında, inkişafında muxtariyyətin əhəmiyyətini qeyd etmişdir. Bu mənada, muxtariyyət həm də Heydər Əliyev əmanətidir. Onun 95 illik yubileyinin muxtar respublikada dövlət səviyyəsində qeyd olunması, eyni zamanda Heydər Əliyev siyasi xəttinə dönməz sədaqətin bariz nümunəsidir.
Ümummilli liderimizin yolu ilə gedən Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası iqtisadi və mədəni yüksəlişə layiqli töhfəsini vermişdir. Qədim diyarımız möhtəşəm inkişaf və tərəqqi yoluna çıxmışdır. Yüksək iqtisadi potensiala malik olan muxtar respublikada bu gün bütün dövlət pro­qramlarının, infrastruktur layihələrinin böyük uğurla həyata keçirilməsi sayəsində Naxçıvan artıq bir sıra mühüm göstəricilər üzrə iqtisadi təhlükəsizliyini təmin etmiş, mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilmişdir. Ötən il İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı olan qədim diyarımız Azərbaycan Respublikası Prezidentinin ilk sədri olduğu “Caspian European Club”un 2017-ci və 2018-ci illər üçün ölkə­nin iqtisadi regionları üzrə hazırladığı investisiya reytinqində ən yüksək ümumi bal toplayaraq birinci olmuşdur. Şübhəsiz, bütün bunlar Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsinin məntiqi nəticəsidir.

Bugünkü yüksək sosial-iqtisadi göstəricilər təsdiq edir ki, Heydər Əliyevin ideyaları bu gün də yaşayır, sabah da ölkəmizin yoluna işıq salacaq, Azərbaycanın gələcəyi daha xoşbəxt, firavan olacaqdır. Çünki Onun ideyalarının tükənməz, yaradıcı gücü xalqımızın nurlu gələcəyi üçün sönməz məşəldir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bu siyasət yaşayacaq, özü ilə birlikdə Azərbaycan xalqını da yaşadacaqdır. Bu gün heç kimin şübhə etmədiyi reallıq bundan ibarətdir ki, dahi Heydər Əliyev faktoru təkcə iyirminci əsr Azərbaycanının deyil, iyirmi birinci əsr Azərbaycanının da gerçək simasını və inkişaf perspektivlərini müəyyənləşdirir”.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR