Naxçıvan şəhərindəki Şahmat Mərkəzində keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalına yekun vurulub. Festivalda 14 ölkəni – Ukrayna, Belarus, Belçika, ABŞ, İran, Hindistan, Latviya, Yunanıstan, Türkiyə, Rusiya, Gürcüstan, Özbəkistan, Qazaxıstan və Azərbaycanı təmsil edən 356 şahmatçı mübarizə aparıb. Zəka sahibləri “A”, “B” və “C” qruplarında iştirak ediblər.
Dünən Naxçıvan şəhərindəki Şahmat Mərkəzində festivalın qaliblərinin mükafatlandırma mərasimi olub. Tədbirdə festivalın baş hakimi Faiq Həsənov çıxış edərək şahmatçılara yaradılan şəraitə görə təşkilatçılara minnətdarlığını bildirib.
Sonra mükafatlandırma mərasimi başlayıb. İlk olaraq “C” qrupunda yaş qrupları üzrə qaliblər mükafatlandırılıb. Belə ki, 8, 10 və 12 yaşlı oğlanların mübarizəsində müvafiq olaraq Turan Mirzəyev (Naxçıvan), Nazar Talgatov (Qazaxıstan), İlqar Məmmədov (Rusiya), qızların mübarizəsində isə Məryəm Abbaszadə (Bakı), Lalə Hüseynova (Bakı) və Bayram Banu (Bakı) qalib adını qazanıblar. Ümumilikdə, “C” qrupunun qalibi 8 xalla İlqar Məmmədov olub.
“B” qrupunda Elxan Bayramov (2158) son görüşdə qələbə qazanaraq 8,5 xalla qrupda qalib olub. Atilla Eynullayev (2175) 7,5 xalla ikinci, Amil Abbasov (2215), Şahin Hüseynov (2189) və Elvin Bayramov 7 xalla 3-5-ci yerləri bölüşüblər.
“A” qrupunun lideri amerikalı qrossmeyster Timur Qarayevin (2560) isə belçikalı qrossmeyster Vadim Malaxatko (2508) ilə görüşü heç-heçə nəticələnib.
Azərbaycanlı qrossmeyster Eltac Səfərli (2624) qrossmeyster Nicat Abasova (2633), azərbaycanlı beynəlxalq usta Məhəmməd Muradlı isə (2451) gürcüstanlı qrossmeyster Tornike Sanikidzeyə (2488) məğlub olublar. Azərbaycanlı beynəlxalq usta Vüqar Əsədli (2454) özbəkistanlı beynəlxalq usta Ortik Niqmatovla (2469) heç-heçə oynayıb.
Naxçıvanlı zəka sahiblərindən qrossmeyster Urfan Sevdimalıyev (2352) azərbaycanlı beynəlxalq usta Abdulla Qədimbəyliyə (2394), FİDE ustası Sadiq Məmmədov (2205) qrossmeyster Xəyalə Abdullaya (2228) məğlub olub. Beynəlxalq usta Toğrul Həsənzadə (2323) azərbaycanlı şahmatçı Ləman Hacıyeva ilə (2041), FİDE ustası Pərviz Qasımov isə (2328) beynəlxalq usta Xanım Balacayeva ilə (2358) xalları bölüşüblər. Beynəlxalq usta Talıb Babayev (2329) hindistanlı beynəlxalq usta Nandhidhaa PV üzərində qələbə (2314) qazanıb. Beləliklə, 9 görüşdən 7,5 xal toplayan amerikalı qrossmeyster Timur Qarayev (2560) turnirin qalibi olub. Azərbaycanlı qrossmeyster Nicat Abasov (2633) 7 xalla ikinci, gürcüstanlı qrossmeyster Tornike Sanikidze isə 6,5 xalla üçüncü olub. Digər 5 zəka sahibi 6 xalla 4-8-ci yerləri bölüşüb.
Sonda çıxış edən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov festivalın keçirilməsində əməyi olanlara təşəkkürünü bildirib. Federasiya sədri ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalının qalibi amerikalı qrossmeyster Timur Qarayevə kuboku təqdim edib, yarışda yaxşı nəticə göstərmiş ən kiçikyaşlı şahmatçı Əli Zamanovu (Naxçıvan) da mükafatlandırıb. Federasiya sədri qalibləri təbrik edərək onlara növbəti yarışlarda uğurlar arzulayıb və festivalı bağlı elan edib.
Səbuhi HƏSƏNOV