Şərur rayonu
Faşizm üzərində tarixi qələbənin 74-cü ildönümü Şərur rayonunda bu il də geniş qeyd edilib. Tədbirin iştirakçıları əvvəlcə 1941-1945-ci illər müharibəsi qurbanlarının xatirəsinə Şərur şəhərində ucaldılan abidəni ziyarət edib, abidə önünə tər çiçəklər düzüblər.
Tədbir Şərur Olimpiya İdman Kompleksində davam edib. Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov çıxış edərək faşizm üzərində qələbənin qazanılmasında azərbaycanlıların göstərdikləri misilsiz igidlik və qəhrəmanlıqları, respublikamızın bu dəhşətli müharibədə təkcə canlı qüvvə ilə deyil, təbii resursları ilə də iştirak etdiyini nəzərə çatdıraraq bildirib ki, Bakı neftinin faşizmin məhv edilməsində böyük rolu olub.
Vurğulanıb ki, İkinci Dünya müharibəsində 4 min 7 şərurlu iştirak edib, onlardan yalnız 2 min 218-i geri qayıdıb. Bu gün rayonda 5 İkinci Dünya müharibəsi veteranı, 178 nəfər həlak olmuş və sonradan vəfat etmiş müharibə veteranlarının dul arvadları və arxa cəbhə veteranı vardır.
Qeyd olunub ki, respublikamız müstəqillik qazandığı ilk illərdə hakimiyyətdə olanlar veteranlara diqqət və qayğını nəinki unutmuşdular, hətta onlara yad nəzərlərlə baxırdılar. Respublikamızda ikinci dəfə siyasi hakimiyyətə qayıdan ümummilli liderimiz müharibə veteranlarının sosial-məişət şəraitinin, maddi rifahının yaxşılaşdırılması istiqamətində müvafiq fərman və sərəncamlar imzaladı. Müstəqillik illərində təkcə Şərur rayonunda 88 müharibə əlilinə nəqliyyat vasitəsi, müharibə iştirakçılarına və şəhid ailələrinə, ümumilikdə, 42 mənzil verilib.
Diqqətə çatdırılıb ki, müharibə iştirakçılarına göstərilən dövlət qayğısı bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Veteranlar adından çıxış edən Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurası Şərur Rayon Təşkilatı sədrinin müavini Musa Şirəliyev göstərilən diqqət və qayğıya görə ölkə başçısına və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Tədbir boyu rayon Mədəniyyət Şöbəsinin hazırladığı ədəbi-bədii proqramda vətənpərvərlik mövzusunda şeirlər, marşlar səsləndirilib, mahnılar ifa olunub.
Sonda veteranlara hədiyyələr təqdim edilib. Səhhəti ilə əlaqədar tədbirdə iştirak edə bilməyənlərə hədiyyələr evlərində çatdırılıb.
Elman MƏMMƏDOV
Babək rayonu
1941-1945-ci illər müharibəsində alman faşizmi üzərində qələbənin 74-cü ildönümü Babək rayonunda da qeyd edilib. Bu münasibətlə keçirilən tədbirdə Babək Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların kollektivləri, eləcə də rayon sakinləri iştirak ediblər.
Əvvəlcə İkinci Dünya müharibəsində həlak olmuş babəklilərin xatirəsinə rayon mərkəzində ucaldılmış abidə ziyarət edilib, önünə gül dəstələri qoyulub, müharibədə həlak olmuş qəhrəman övladlarımızın xatirəsi ehtiramla yad edilib.
Sonra tədbir çay süfrəsi arxasında davam etdirilib. Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov çıxış edərək bildirib ki, 1941-1945-ci illər müharibəsinə Babək rayonundan 1275 nəfər yollanıb. Müharibəyə gedənlərdən 1058 nəfəri qəhrəmancasına həlak olub, bir çoxu müxtəlif orden və medallarla təltif edilib.
Bildirilib ki, bu gün 74-cü ildönümünü qeyd etdiyimiz qələbənin qazanılmasında iştirak etmiş qəhrəman veteranlarımıza xalqımızın böyük oğlu Heydər Əliyevin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra hərtərəfli diqqət yetirilməyə başlanılıb. Hər il 9 May – Qələbə Günü ölkəmizdə böyük təntənə ilə qeyd edilir, həlak olmuş soydaşlarımız ehtiramla yad olunur, yaşayanlara yüksək səviyyədə qayğı göstərilir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq- Mühafizə Orqanları Veteranları Şurası Babək Rayon Təşkilatının sədri Həsən Həsənov çıxış edərək dövlətimiz tərəfindən onlara göstərilən qayğıya görə minnətdarlığını bildirib.
Babək Rayon Mədəniyyət Sarayının “Zabul” instrumental ansamblının ifa etdiyi rəngarəng musiqi nömrələri tədbirə bayram ovqatı qatıb.
Sonda veteranlara hədiyyələr təqdim olunub.
Muxtar RZAZADƏ
Ordubad rayonu
Qələbənin 74-cü ildönümünə həsr olunmuş tədbirin əvvəlində 1941-1945-ci illər müharibəsi iştirakçılarının şərəfinə ucaldılmış Xatirə kompleksi ziyarət edilərək abidə önünə gül dəstələri qoyulub.
Sonra Ordubad şəhərindəki “Emin” şadlıq sarayında 9 May – Qələbə Gününə həsr edilmiş tədbir keçirilib. Çay süfrəsi arxasında keçirilən tədbirin aparıcıları qeyd ediblər ki, həmyerlilərimizin faşizm üzərində qələbənin qazanılmasında göstərdikləri igidliklər xalqımızın qəlbinə əbədi həkk olunub.
Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə veteranları təbrik edib. Çıxışında bildirib ki, Ordubad rayonunun qəhrəman övladları da müharibə illərində həm ön, həm də arxa cəbhədə böyük fədakarlıq və igidlik nümunələri göstəriblər.
Müharibə başlanandan rayondan cəbhəyə 3387 nəfər yollanıb, onların əksəriyyəti qanlı döyüşlərdə həlak olub.
Elşad Məmmədov daha sonra qeyd edib ki, İkinci Dünya müharibəsində şücaət göstərən Vətən övladlarının xidmətləri bu gün dövlətimiz tərəfindən layiqincə qiymətləndirilir.
Tədbirdə Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının sədri Qürbət Rzayev, muxtar respublikanın Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurası Ordubad Rayon Təşkilatının sədri Fərrux Nağızadə, muxtar respublikanın Əməkdar mədəniyyət işçisi Vilayət Bağırov çıxış ediblər.
Müharibə veteranı Məhəmmədəli Sultanov onlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Tədbirə Ordubad Rayon Mədəniyyət Sarayının “Dübəndi” instrumental ansamblının ifa etdiyi rəngarəng musiqi nömrələri bayram tədbirinə xüsusi ab-hava qatıb.
Tədbirin sonunda müharibə veteranlarına hədiyyələr təqdim olunub.
Abbas SEYİD
Culfa rayonu
Alman faşizmi üzərində tarixi qələbənin 74 illiyi Culfa rayonunda da qeyd olunub. Tədbir iştirakçıları əvvəlcə rayon mərkəzində 1941-1945-ci illər müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyub, müharibədə həlak olmuş qəhrəman həmyerlilərimizin xatirəsini ehtiramla yad ediblər.
Çay süfrəsi arxasında davam etdirilən tədbirdə qeyd olunub ki, qısa müddət ərzində bütün Avropanı, ümumilikdə isə dünyanı bürüyən bu müharibə miqyasına, iştirakçı ölkələrin və döyüşən orduların sayına, vurulan maddi zərərin və insan tələfatının həcminə görə bəşər tarixində baş vermiş müharibələrin ən böyüyü sayılır.
Vurğulanıb ki, bu döyüşlərdə naxçıvanlılar da böyük igidliklər göstəriblər. Onlardan 3-ü Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülüb, bir nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi, 102-si “Şöhrət” ordeninin ayrı-ayrı dərəcələri, 105-i birinci və ikinci dərəcəli “Böyük Vətən müharibəsi”, 315-i “Qırmızı Ulduz”, 29-u “Qırmızı Bayraq” ordenləri ilə təltif olunublar.
Tədbirdə çıxış edən Culfa Rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev müharibə veteranlarını qələbə bayramı münasibətilə təbrik edərək bildirib ki, müharibənin başlaması ilə az bir müddət ərzində 1181 Culfa rayon sakini ön cəbhəyə yollanıb. Onların yarıdan çoxu – 647-si müharibədən geri qayıtmayıb.
Vurğulanıb ki, Culfa rayonundan olan müharibə iştirakçıları və onların ailə üzvləri ötən illər ərzində hərtərəfli dövlət qayğısı ilə əhatə ediliblər.
Müharibə veteranlarına hədiyyələr təqdim olunduqdan sonra rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Qurban Qurbanov çıxış edib.
Müharibə veteranları onlara göstərilən böyük ehtirama görə dövlətimizə minnətdarlıqlarını bildirib, tezliklə işğal altında olan torpaqlarımızda da Qələbə Gününün qeyd edilməsini arzulayıblar.
Tədbir Culfa Rayon Mədəniyyət Sarayının özfəaliyyət kollektivinin çıxışları ilə davam etdirilib.
Səhhətinə görə bayram tədbirində iştirak edə bilməyən veteranlara hədiyyələr evlərində təqdim olunub.
Hüseyn ŞƏKƏRƏLİYEV
Şahbuz rayonu
Alman faşizmi üzərində qazanılan tarixi qələbənin 74-cü ildönümü münasibətilə Şahbuz rayonunda da tədbir keçirilib. Tədbir başlanmazdan əvvəl ictimaiyyət nümayəndələri 1941-45-ci illər müharibəsində iştirak edən qəhrəman oğulların xatirəsinə yaradılmış Ana Abidə Kompleksinin önünə tər qərənfillər düzüblər.
“Batabat” şadlıq sarayında davam etdirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev veteranları Qələbə Günü münasibətilə təbrik edib. Bildirib ki, ümummilli liderimiz Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə xüsusi diqqət yetirib, onlara hərtərəfli qayğı ilə yanaşıb və sosial məsələlərin həlli istiqamətində mühüm addımlar atıb. 1941-1945-ci illər müharibə veteranlarını “Azərbaycan xalqının qızıl fondu” adlandıran ulu öndərin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra 9 May müstəqil respublikamızda “Qələbə Günü” kimi rəsmiləşdirilib, dövlət bayramları sırasına daxil edilib, müharibə veteranlarının sosial müdafiəsi gücləndirilib.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında da İkinci Dünya müharibəsi iştirakçılarına və arxa cəbhədə fədakarlıq göstərən əmək adamlarına hərtərəfli qayğı göstərilir. Bu qayğıdan şahbuzlu veteranlara da pay düşüb.
Sonra Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurası Şahbuz Rayon Təşkilatının sədri Məmməd Bağırov, Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının sədri Rizvan Məmmədov çıxış edərək veteranları qələbə günü münasibətilə təbrik ediblər.
Diqqətə çatdırılıb ki, on minlərlə qurban hesabına qazanılan qələbənin əldə olunmasında şahbuzluların da rolu vardır.
Tədbirdə müharibə veteranı Əli Xəlilov tarixi qələbənin qazanılmasında Azərbaycanın qəhrəman oğullarının şücaətindən, müharibədə yüzlərlə şahbuzlunun iştirak etməsindən və onların əksəriyyətinin qəhrəmancasına həlak olmasından danışıb.
Sonra veteranlara hədiyyələr təqdim olunub. Tədbir iştirakçıları konsert proqramına baxıblar.
Hicran Əliyeva
Kəngərli rayonu
Faşizm üzərində tarixi qələbənin 74-cü ildönümü ilə əlaqədar Kəngərli rayonunda da tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Qıvraq qəsəbəsində 1941-1945-ci illər müharibəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, abidə önünə tər güllər düzüblər.
Çay süfrəsi arxasında davam etdirilən tədbirdə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov veteranları qələbənin 74-cü ildönümü münasibətilə təbrik edib. Çıxışda vurğulanıb ki, İkinci Dünya müharibəsi zamanı Naxçıvan Muxtar Respublikasının əhalisi də döyüşlərdə şücaətlə iştirak edib, cəbhə üçün əllərindən gələni əsirgəməyib. Həmin qanlı-qadalı illərdə müharibəyə Kəngərli rayonundan 800 nəfərdən artıq insan göndərilib.
Qeyd edilib ki, ölkə başçısı cənab İlham Əliyevin imzaladığı növbəti sərəncama müvafiq olaraq Kəngərli rayonunda 39 nəfərə birdəfəlik maddi yardım verilməsi müharibə veteranlarına göstərilən ehtiramın ifadəsidir.
Kamal Ələkbərov müharibə veteranlarını bir daha qələbənin 74-cü ildönümü münasibətilə təbrik edib, onlara uzun ömür, cansağlığı arzulayıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurası Kəngərli Rayon Təşkilatının sədri İsmayıl Hüseynquliyev, rayon Ağsaqqallar Şurasının sədri Nahas Səfərov çıxış edərək veteranlara göstərilən diqqət və qayğıdan danışıblar.
Tədbirdə, həmçinin veteran hərəkatında fəal iştirakına görə Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurası Kəngərli Rayon Təşkilatının sədri İsmayıl Hüseynquliyevə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının “30 il” yubiley medalı təqdim edilib.
Rayon Mədəniyyət Şöbəsinin “Kəngər” instrumental ansamblı üzvlərinin və uşaq musiqi məktəbləri kollektivlərinin çıxışları alqışlarla qarşılanıb.
Sonra veteranlara hədiyyələr verilib.
Babək İSMAYILOV
Sədərək rayonu
Alman faşizmi üzərində qazanılan qələbənin 74-cü ildönümü münasibətilə Sədərək rayonunda keçirilən tədbirdən əvvəl rayon ictimaiyyətinin nümayəndələri, müharibə veteranları, idarə, müəssisə və təşkilatların əməkdaşları Sədərək kəndindəki Şəhidlər xiyabanına gələrək 1941-1945-ci illər və Azərbaycan Vətən Müharibəsi iştirakçılarının əziz xatirəsinə ucaldılan abidələrin önünə və burada uyuyan türk əsgərinin məzarı üzərinə gül dəstələri qoyublar. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Heydərabad qəsəbəsində çay süfrəsi arxasında davam etdirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov çıxış edərək bildirib ki, 1941-1945-ci illər müharibəsində Sədərək kəndindən 462 nəfər iştirak edib. Onların 263-ü qəhrəmancasına həlak olub.
İcra başçısı qeyd edib ki, müharibə veteranlarının mənzillərlə, şəxsi minik maşınları ilə təmin edilmələri, onların müalicə olunmaq üçün müxtəlif sanatoriyalara, pansionatlara göndərilmələri, digər problemlərinin həll edilməsi üçün dövlətimiz tərəfindən bütün mümkün tədbirlər həyata keçirilir. Həbib İbrahimov müharibə və arxa cəbhə veteranlarını qələbənin 74-cü ildönümü münasibətilə təbrik edib.
Veteranlara qiymətli hədiyyələrin təqdim olunduğu tədbirdə Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurası Sədərək Rayon Təşkilatının sədri Əkbər Kərimov və Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımov və Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Vüsalə Əliyeva çıxış ediblər.
Tədbirin bədii hissəsində rayon Mədəniyyət Şöbəsinin “Qeyrət qalası” instrumental ansamblı üzvlərinin ifasında səsləndirilən mahnılar, nümayiş olunan ədəbi-bədii kompozisiya tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Sərxan İSMAYILOV