May ayının 9-da faşizm üzərində qələbənin 74-cü ildönümü tamam olur. 1941-1945-ci illərdə azərbaycanlı çağırışçı və könüllülərdən ibarət atıcı diviziyalar sırasında olan naxçıvanlılar da müharibədə qəhrəmancasına döyüşüb, qələbənin qazanılmasına öz töhfələrini veriblər. 193-cü atıcı diviziyada xidmət etmiş Hökumət Eyvazov da həmin illərdə Orconikidzedən Berlinədək şərəfli döyüş yolu keçib. Onun döyüş şücaəti haqqında daha ətraflı məlumat almaq üçün oğlu Qasım Eyvazovla həmsöhbət olduq. Onun dediklərindən:
– Atam Şahbuz rayonunun Keçili kəndində dünyaya göz açıb. 1939-cu ilin noyabrında öz ərizəsinə əsasən hərbi xidmətə yollanıb, Orconikidze şəhərində atıcı polkunda xidmət etməyə başlayıb. Atam hərbi təhsil almaq üçün oradan Bakı polk məktəbinə göndərilib. O, polk məktəbində (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) 1940-cı ilin oktyabr ayınadək oxuyub, serjant rütbəsi alaraq 193-cü atıcı diviziyasının 883-cü polkuna qayıdıb. O, 1944-cü ilin sentyabr ayınadək həmin polkda bölmə komandiri işləyib. Orconikidzedən Berlinədək döyüş yolu keçən atam alman faşist işğalçılarına qarşı mübarizədə misilsiz qəhrəmanlıq göstərib. O, müharibənin əvvəllərində yaralandığına görə döyüş meydanından müvəqqəti olaraq uzaqlaşdırılıb. Uzun müddət müalicə olunduqdan sonra könüllü olaraq yenidən ön cəbhəyə qayıdıb.
Qasım Eyvazov övlad qürurundan doğan həvəslə atası haqqında xatirələrini çözələyir:
– Atam danışırdı ki, 1944-cü ildə 193-cü atıcı diviziyada xidmət edib Baranoviç şəhəri uğrunda vuruşurmuş. Komandir onu 28 nəfər döyüşçü ilə bərabər kəşfiyyata göndərir. Onlar lazımi qədər silah, mina, döyüş sursatı götürərək gecənin qaranlığında tankla meşəyə gedirlər. Bütün silahları meşənin ortasında yerə boşaltdıqdan sonra tank geri qayıdır. Vzvod komandiri onlara belə bir tapşırıq verir: “Biz iki mühüm döyüş tapşırığını yerinə yetirməliyik: faşistlərin səhərə yaxın olan hücumlarını pozmaq və onların meşəyə yaxın kənddə nə qədər qüvvəyə malik olduqlarını öyrənmək. İkinci tapşırığı yerinə yetirmək üçün biz hissəyə “dil” aparmalıyıq”.
Atam gözlərində kin və qəzəb parıldayaraq, fəxrlə həmin hadisəni bizə danışmağa davam edirdi: “Vaxt itirmədən döyüş tapşırıqlarını yerinə yetirməyə başladıq. Gözlənildiyinə görə alman tank və piyadaları hücum zamanı meşənin kənarındakı daş döşənmiş yoldan keçəcəkdilər. Biz gecə həmin yolu şahmat formasında minaladıq və səhərə yaxın meşənin dərinliklərinə çəkildik. Bir qədər keçmişdi ki, alman tanklarının gurultusu və onun arxasınca dəhşətli partlayış eşidilməyə başladı. Həmin gün almanlar xeyli miqdarda tank və canlı qüvvə itirərək hücumu dayandırmağa məcbur oldular. Zəhmətimiz hədər getmədi. Biz birinci döyüş tapşırığını layiqincə yerinə yetirdik. Ertəsi gün meşədə dincəlib gecə yenidən kəşfiyyata çıxdıq. Bu zaman mən dörd yoldaşımla birlikdə döyüş xəttində keşikdə dayanmış alman əsgərlərindən birini əsir tutub hissəyə gətirdim. İkinci tapşırığı yerinə yetirərkən yoldaşlarımızdan birini itirdik”.
Öyrənirik ki, Hökumət Eyvazov həmin döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi şücaətə görə Ali Baş Komandanlıq tərəfindən “Qırmızı ulduz” ordeni ilə təltif edilib. 1944-cü ilin iyununda 193-cü atıcı diviziya hücuma keçərək Bobryusk şəhərini tutduğu zaman göstərdiyi xidmətlərinə görə isə həmyerlimiz Ali Baş Komandanlığın təşəkkürünü alıb.
Qasım Eyvazov danışır ki, atası I və II Belarusiya cəbhələrindəki qoşunları Poznan rayonunda düşmənin iri qoşun birləşmələrini mühasirəyə alarkən döyüşlərdə fəal iştirak edib. O, fevralın axırlarında silahdaşları ilə birgə mühasirə qrupunu ləğv edib Oder çayına çatıb. Oder uğrundakı döyüşlərdə özünün cəsur və bacarıqlı rabitəçi olduğunu göstərib.
Həmsöhbətim danışır ki, faşistlər geri çəkilərkən Oder üzərindəki bütün körpüləri partladıbmışlar. Çaydan keçmək çox çətin imiş. Həmin vaxt Hökumət Eyvazov 108-ci diviziyanın 485-ci xüsusi rabitə batalyonunda xidmət edirmiş. Gecənin qaranlığında diviziyanın piyada hissələri gizlincə kiçik qayıqlar vasitəsilə çayın o tayına keçib orada döyüş mövqeyi tutublar.
Həmyerlimiz oğlu ilə söhbətlərində Oderin keçilməsini belə xatırlayırmış: “Komandir Oderin o biri sahilində olan sovet döyüşçüləri ilə ştab arasında telefon rabitəsi yaratmaq haqqında mənə tapşırıq verdi. Mən tapşırığı yerinə yetirmək üçün özümlə bərabər telefon aparatı, 1200 metrlik kabel götürüb gecə üç yoldaşımla birlikdə kiçik bir qayığa mindik və çayın o biri sahilinə keçməyə başladıq. Düşmən topundan atılmış mərmi qayığa dəydi və onu çevirdi. Çaydan keçərkən üç yoldaşım həlak oldu. Mən ölümlə çarpışaraq çox çətinliklə sahilə çıxdım. Çayın sahilində olan döyüşçülərimizi tapıb onlarla ştab arasında telefon əlaqəsi yaratdım. Başqa bir qayıqla yenidən geri qayıtdım”. Qəhrəman eloğlumuz bu şücaətinə görə ikinci dəfə “Qırmızı ulduz” ordeni ilə təltif edilib. Hökumət Eyvazov Qnev və Staroqrad şəhərlərinin mühüm dəmiryol qovşaqlarının alınmasında da fəal iştirakına görə 10-dan artıq təşəkkürnamə alıb. Vətənin müdafiə edilməsində göstərdiyi şücaətə görə müxtəlif orden və medallarla təltif edilən Hökumət Eyvazov döyüş cəbhəsində olduğu kimi, əmək cəbhəsində də fəal çalışıb. O, sonralar Naxçıvan kooperativlər ittifaqında işləyib, zəhmətkeşliyinə görə də bir sıra mükafatlara layiq görülüb. 1993-cü ildə dünyasını dəyişib.
1945-ci il 9 mayda faşist Almaniyası üzərində qələbə qazanılmasında Azərbaycan xalqının övladlarının göstərdikləri igidliklər unudulmaz qəhrəmanlıq tariximizdir. Düşmənə qarşı mərdliklə vuruşaraq canlarını qurban verən, Vətənə qələbə ilə qayıdan həmvətənlərimizin əziz xatirəsi bu gün də ehtiramla anılır. Faşizmlə müharibənin sonunadək ölüm-dirim mübarizəsi aparan, döyüş yolu Berlinin alınması kimi qələbə zirvəsinədək uzanan Hökumət Eyvazov kimi qəhrəmanlarımızın xatirəsi əsl vətənpərvərlik, igidlik nümunəsi kimi qəlbimizdə hər zaman yaşayacaq.
Güntac ŞAHMƏMMƏDLİ