Azərbaycanın dilbər guşəsi Qarabağın baş tacı, dağlar gözəli olan Şuşa 27 il bundan əvvəl – 1992-ci il mayın 8-də Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilib. 25 min nəfərədək azərbaycanlının yaşadığı bu şəhər mayın 8-nə keçən gecə təcavüzkar erməni silahlı birləşmələrinin intensiv artilleriya atəşinə məruz qalıb. Qəhrəman döyüşçülərimizin inadlı müqavimətinə baxmayaraq, ermənilər keçmiş sovet ordusunun 366-cı alayının 40 zirehli texnikasının bilavasitə iştirakı və köməyi ilə Şuşa şəhərini işğal ediblər.
Bu yurd yeri qədim Azərbaycanın milli musiqisinin beşiyi sayılır. Gözəlliyi ilə gözoxşayan əsrarəngiz Şuşa şəhəri Pənahəli xan Cavanşirin adı ilə bağlıdır. Belə ki, 1747-ci ildə Nadir şah öldürüldükdən sonra Pənahəli bəy xan elan edilir və Qarabağ xanlığını düşmən hücumlarından qorumaq məqsədilə alınmaz bir qala tikdirməyi qərara alır. 1750-ci ildə Qarabağın səfalı guşəsində, üç tərəfdən sıldırım qayalarla əhatə olunmuş dağ yaylasında yeni qalanın bünövrəsini qoyur. Pənahəli xan hasarın içərisində yeni binalar və özü üçün saray tikdirir. Yerli əhali bu şəhəri Pənahəli xanın şərəfinə “Pənahabad” adlandırır. Şişuclu dağlar əhatəsində yerləşən Pənahabad əvvəllər “Şişə”, sonralar isə “Şuşa” adlandırılıb.
Azərbaycanın çar Rusiyası tərəfindən işğalına qədər Şuşa şəhəri Qarabağ xanlığının iqamətgahı və xanlığın inzibati mərkəzi olub. Rusiyaya güclü Qarabağ xanlığı sərf etmirdi və çar məmurları xanlığı zəiflətmək üçün hər cür vasitəyə əl atırdılar. Yeganə çıxış yolunu isə Azərbaycana və onun ayrılmaz tərkib hissəsi olan Qarabağa, Şuşaya ermənilərin köçürülməsində görürdülər. Ermənilərin xislətinə və psixologiyasına yaxşı bələd olan, onlardan gələcəkdə də özlərinin geosiyasi maraqları üçün istifadə etmək məqsədilə çar Rusiyası Azərbaycan torpaqlarına, o cümlədən Qarabağa erməni ailələri köçürməyə başlayır. 1832-ci ildə azərbaycanlılar Qarabağ əhalisinin 91 faizini təşkil edirdisə, köçürmə siyasəti nəticəsində bu, 64,8 faizə enmişdi.
1822-ci ildə Qarabağ xanlığı ləğv olunmuş, əvəzində eyniadlı əyalət yaradılmış və 1840-cı il islahatı ilə “Qarabağ əyaləti” yerində yaradılan və Kaspi (Xəzər) vilayətinə daxil edilən “Şuşa qəzası” 1868-ci ildən Yelizavetpol (Gəncə) quberniyasına verilmişdir. Bu vəziyyət Azərbaycan sovetləşənə qədər davam etmişdir. Bu cür parçalanmalar, inzibati ərazi bölgüsünün kobudcasına pozulması isə, ümumilikdə, ermənilərin Azərbaycana qarşı gələcəkdə irəli sürəcəkləri ərazi iddiaları üçün zəmin hazırlamışdır.
Xəyanətkar ermənilər tərəfindən Şuşadakı tarixi mədəniyyət abidələrimiz sovet hakimiyyəti illərində də dağıdılıb. Şuşa şəhərinin yenidən dirçəldilməsi yalnız 1969-cu ildə ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsindən sonra mümkün olub. Məhz ulu öndərimizin təşəbbüsü ilə şəhərin tarixi-memarlıq abidələrinin dağıdılmasının qarşısını almaq üçün tədbirlər görülüb, 1977-ci ilin avqust ayında Azərbaycan SSR Nazirlər Soveti “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edib. Şəhərin sosial-iqtisadi və mədəni həyatının dirçəldilməsi üçün də xeyli iş görülüb, ölkədə tar, kamança, ud, nağara və digər milli musiqi alətlərini istehsal edən yeganə Şərq Milli Musiqi Alətləri Fabriki istifadəyə verilib, Azərbaycan mədəniyyət və incəsənətinin korifeyləri olan Ü.Hacıbəylinin, Bülbülün, X.Natəvanın, M.M.Nəvvabın ev-muzeyləri təşkil olunub, 1982-ci ilin yanvarında M.P.Vaqifin məqbərəsi açılıb.
Ümummilli lider Heydər Əliyev Şuşanın Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək deyib: “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”.
Şuşa həm də Cıdır düzü ilə məşhurdur. 350 hektar sahədə yerləşən Şuşa şəhərinə ancaq bir nəqliyyat yolu var idi: Ağdam-Əskəran-Xocalı-Xanbağı-Ağa körpüsü-Şuşa yolu.
Şuşa XX əsrdə 3 dəfə erməni təcavüzünün qurbanı olub. 1905-1907-ci illərdə şəhər ermənilər tərəfindən hücuma məruz qalıb və yandırılıb. 1920-ci ildə Şuşanın xeyli hissəsi daşnaklar tərəfindən dağıdılıb. Məlum işğal faktı isə 1992-ci ilin mayında olub...
Bu gün Şuşa şəhəri düşmən işğalı altında qələbə sorağındadır. 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt zəfəri süni şəkildə uydurulmuş yalançı erməni mifini darmadağın etdi, ordumuzun qüdrətinə inam yaratdı, Şuşa torpağına ümid işığı oldu. Lələtəpə, Qızılqaya və Eyvazxan yüksəkliklərinin fəth edilməsi, həmin zirvələrdə Azərbaycan bayrağının dalğalanması böyük milli qürur hadisəsi olmaqla yanaşı, həm də Böyük Qələbənin uzaqda olmadığını göstərdi. Günnütə, Cocuq Mərcanlıya qayıdış, sanki Şuşaya, Laçına, Xankəndiyə Böyük Qayıdışın müjdəçisinə çevrildi. Bəli, biz bu torpaqlara mütləq qayıdacağıq – istər sülh, istərsə də müharibə yolu ilə. Çünki əzmimiz, iradəmiz, birliyimiz, gücümüz var. Bütün bunlar bizi Şuşaya aparacaq. Böyük istiqlal şairi Mehmet Akif Ərsoyun “İstiqlal marşı”nda yazdığı kimi: “Doğacaqdır sənə vəd etdiyi günlər Haqqın... Kim bilir, bəlkə yarın, bəlkə yarından da yaxın”.
Rauf KƏNGƏRLİ