Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya aprel ayında fəaliyyətində peşəkarlığın və keyfiyyətin artırılması, şəffaflıq və obyektivliyin tam təmin olunması, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarətin gücləndirilməsi istiqamətində tədbirləri davam etdirmişdir. Ötən ay komissiyanın internet portalının (www.dqmk.nmr.az) yeni variantı istifadəyə verilmişdir. Müvafiq dövlət orqanlarının müraciətləri nəzərə alınmaqla vakant aparat rəhbəri, şöbə müdiri və sektor müdiri vəzifələrinin tutulması üçün 11 nəfərin iştirakı ilə test imtahanları keçirilmiş, onlardan 5-i müvəffəqiyyət qazanaraq sertifikat əldə etmişdir. Həmçinin dövlət qulluğu, vergi və gömrük orqanlarında xidmətə qəbul, eləcə də müəllimlərin işə qəbulu üçün təşkil edilmiş hazırlıq kurslarında 169 nəfər iştirak etmiş, 77 nəfərin iştirakı ilə sınaq imtahanları keçirilmişdir.
Komissiya tərəfindən dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqədə müvəffəqiyyət qazanmış şəxslərin Dövlət Bayrağı Muzeyində təntənəli andiçmə mərasimi keçirilmiş, ilk dəfə dövlət qulluğuna qəbul olunmuş 88 nəfər andiçmə mərasimində iştirak etmişdir. Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri üçün “Dövlət orqanlarında vətəndaşların dövlət qulluğuna müsabiqə vasitəsilə qəbulu qaydaları” və “İnkişaf etmiş ölkələrdə dövlət qulluğu” mövzularında açıq dərs, “Vətəndaşların dövlət qulluğuna qəbulunun stimullaşdırılması” adlı ilk startap layihəsinin təqdimatı olmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli Qərarı ilə “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nın təsdiq edilməsi ilə əlaqədar komissiya tərəfindən 35 nəfərin iştirakı ilə “Dövlət orqanlarında sənədlərlə işin aparılması qaydaları” mövzusunda maarifləndirici seminar keçirilmiş, Dövlət Gömrük Komitəsi ilə birlikdə gömrük orqanlarına işə qəbulla bağlı müsabiqə elan edilmişdir. Ehtiyat kadrlarla işin təşkili məsələləri də diqqətdə saxlanılmış, ehtiyat kadrlar siyahısında olan 1 namizəd vakant vəzifəyə təyin olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti