Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası ilə əlaqədar Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi ilə birgə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov sərəncamın təcrübəli gənc kadrların hazırlanmasında böyük imkanlar açdığını vurğulayıb. Rektor universitetdə elmi tədqiqatların əlaqələndirilməsi bölməsinin nəzdində İnnovasiya Mərkəzinin yaradılmasından və fəaliyyətindən danışıb. Bildirib ki, mərkəz innovativ layihələrin üzə çıxarılmasında və peşəkar ekspert qrupları ilə birgə dəyərləndirilməsində yaxından iştirak edəcək.
Naxçıvan Muxtar Respublikası Ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev qeyd edib ki, müvafiq sərəncamın icrası ilə əlaqədar universitetin Sosial idarəetmə və hüquq fakültəsinin Hüquqşünaslıq, Dövlət və bələdiyyə idarəetməsi ixtisaslarında təhsil alan tələbələr nazirliyin himayəsinə verilib.
Vurğulanıb ki, sərəncamın icrası məqsədilə nazirlikdə xidməti müşavirə keçirilib, əməkdaşlardan ibarət işçi qrupu yaradılıb, müvafiq tədbirlər planı təsdiq edilib. “İdeyadan başlanğıca” layihəsi üzrə nazirlikdə “İnnovativ layihələrin təşviqi mərkəzi” yaradılıb. Ekspert qrupunun əksəriyyətinin universitetdə pedaqoji fəaliyyət göstərdiyini nəzərə alaraq bu istiqamətdə görülən işlərin gələcəkdə daha səmərəli olacağı vurğulanıb. Nazir diqqətə çatdırıb ki, əsas məqsəd nazirliyin fəaliyyət istiqamətlərinə uyğun gördüyü işlərə tələbələrin cəlb edilməsi və yeni layihələrin üzə çıxarılmasıdır.
Nazirliyin Qeydiyyat və notariat şöbəsinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti bölməsinin baş məsləhətçisi, Naxçıvan Dövlət Universitetinin Hüquq kafedrasının müəllimi Reyhan Sadiqova, Təşkilat-nəzarət şöbəsinin rəisi, ədliyyə müşaviri, ekspert qrupunun rəhbəri Səttar Zamanov çıxışlarında layihələrin qiymətləndirilməsi və tətbiqində tələbələrə yaxından dəstək olacaqlarını bildiriblər.
Qeyd edək ki, tələbələr nazirliyin Aparatında, Penitensiar Xidmətdə, Məhkəmə Ekspertizası Mərkəzində, Naxçıvan Bələdiyyəsində ikigünlük təcrübədə olublar.
Səadət Əliyeva
* * *
“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətində Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri ilə görüş keçirilib.
Tədbiri giriş sözü ilə cəmiyyətin direktoru Mahir Əliyev açaraq bildirib ki, müvafiq sərəncamın icrası ilə əlaqədar “İdeyadan başlanğıca” devizi altında hazırlanan yeni layihələrin (startapların) həyata keçirilməsi üçün ekspert qrupu yaradılıb. Ekspert qrupu tərəfindən ictimai əsaslarla fəaliyyət göstərən mərkəzlərin qurulması, layihələrin qəbulu və təqdimatının keçirilməsi istiqamətində bütün zəruri tədbirlər görülür.
Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin dekanı Cavanşir Zeynalov çıxışında qeyd edib ki, universitetin Nəqliyyat və informasiya texnologiyaları kafedrasında təhsilin keyfiyyətinin daha da artırılması üçün dəmiryol nəqliyyatındakı iş proseslərini özündə əks etdirən müasirtipli laboratoriya yaradılıb. Bu da tələbələrdə dəmiryol işinə həvəsi daha da artırır. Bundan əlavə, tədris proqramına uyğun olaraq universitetin 3-cü və 4-cü kurs tələbələri dəmiryol müəssisələrinə istehsalat təcrübəsinə gəlirlər.
Sonra Naxçıvan Dövlət Texniki Kollecinin direktor müavini Tural Məmmədovun, Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin müəllimi Yadulla Həziyevin və Naxçıvan Dövlət Texniki Kollecinin müəllimi Polad Hüseynovun çıxışları dinlənilib.
Sonda tələbələr “Naxçıvan Dəmir Yolları” MMC-nin fəaliyyəti ilə tanış olublar.
Pərviz HACILI