“Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalının iştirakçıları və ailə üzvləri Naxçıvan şəhərinin mədəniyyət müəssisələri ilə tanış olublar. Heydər Əliyev Sarayı, Naxçıvan Dövlət Rəsm Qalereyası, Azərbaycan Miniatür Kitab Muzeyinin Naxçıvan filialı, Dövlət Bayrağı Meydanı və Muzeyi ilə tanışlıq onlarda xoş təəssürat yaradıb.
Qonaqlardan bir neçəsi Beynəlxalq Şahmat Festivalı, eləcə də qədim diyar haqqında təəssüratlarını “Şərq qapısı” qəzeti ilə bölüşüblər.
Reza İbrahimi – İran İslam Respublikası: – Artıq 3 ildir ki, Naxçıvanda təşkil olunan Beynəlxalq Şahmat Festivalında iştirak edirəm. İlbəil bu festivala maraq, eləcə də oyunlardakı rəqabət hissi, mübarizə əzmi daha da yüksəlir. Mən “B” qrupunda mübarizəyə başlamışam və bu dəfə yaxşı nəticə göstərəcəyimə inanıram. İdman oyunları elədir ki, burada udmaq da var, uduzmaq da. Əsas olan odur ki, uduzanda da ruhdan düşməyib öz səhvlərini tapıb aradan qaldırasan. Bax, o zaman qələbə də səninlə olacaq. İstənilən halda mənim üçün bu festivalda iştirak qalibiyyətə bərabərdir. Çünki Naxçıvanda keçirilən bu idman bayramı mənə digər ölkə şahmatçıları ilə ünsiyyət qurmağa, fikirlərimi bölüşməyə şərait yaradır.
Onu da deyə bilərəm ki, ilbəil naxçıvanlı gənc şahmatçıların uğurlarının çoxalması da diqqətimdən yayınmır. Fikrimcə, burada idmana, xüsusilə də şahmata böyük diqqət göstərilir və nəticə də gözlər önündədir.
Bura hər dəfə gəlişimdə qədim diyarın gəzməli-görməli yerlərinə də səyahət etməyi çox xoşlayıram. Budəfəki gəlişimdə ailəmi də özümlə bərabər gətirdim ki, onlar da bu heyrətamiz məkanı doyunca seyr edib, gözəlliklərdən zövq alsınlar. Fürsətdən istifadə edib təşkilatçılara da öz minnətdarlığımı bildirirəm.
Bakı şəhərindən olan gənc şahmatçı Arif Cəbrayıllı “C” qrupunda mübarizə aparır. Yarışa qələbə ilə başlayan şahmatçı festivalla bağlı fikirlərini bizimlə bölüşərək dedi:
– Kiçik yaşlarımdan şahmata böyük həvəs və marağım olub. Artıq bir neçə ildir ki, iştirak etdiyim yarışlarda uğurlar qazanıram. Təbii ki, bir idmançının uğurlara nail olmasında əsas meyar öz üzərində səylə çalışmasıdır. Müəllimlərimin mənə verdiyi biliklərdən maksimum faydalanaraq gələcəkdə bu zəka idman növündə daha böyük nailiyyətlərə imza atmaq niyyətindəyəm.
Artıq ikinci ildir ki, Naxçıvanda təşkil olunan Beynəlxalq Şahmat Festivalına qatılıram. Sevinirəm ki, builki festival ötən ilkinə nisbətən daha rəngarəng və maraqlıdır. Çünki budəfəki festivala qatılan ölkələrin, idmançıların sayı da artıb. Yarışa qələbə ilə başladığım üçün çox şadam və inanıram ki, buradan yüksək nəticə ilə geri dönəcəyəm. Ötən il olduğu kimi, bu il də festival çərçivəsində Naxçıvanın gəzməli-görməli yerlərinə gedəcəyik. Artıq bu gün Naxçıvan şəhərinin bir neçə mədəniyyət müəssisəsində olduq. Xüsusilə Dövlət Bayrağı Muzeyindəki eksponatlar diqqətimi çəkdi, dövlətçiliyimizlə bağlı ətraflı məlumat öyrənə bildim. Fikrimcə, biz yerli idmançılar üçün ölkəmizin hər yerinin tarixi, mədəniyyəti və adət-ənənəsini öyrənmək vacibdir. Ən əsası ona görə ki, əcnəbi şahmatçılara Vətənimiz haqqında ətraflı məlumat vermək imkanımız olsun. Festival iştirakçıları adından yaradılan şərait üçün təşkilatçılara minnətdarlıq edirəm.
Söhbətə qoşulan Qazaxıstan Respublikasının vətəndaşı Saule Jardemova dedi: – Övladlarım ilk dəfədir ki, muxtar respublikada təşkil olunan “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalında iştirak edirlər. Burada şahmatçılar üçün çox gözəl şərait yaradılıb. Bu mənada, bir valideyn kimi minnətdarlıq hissi ilə demək istərdim ki, Naxçıvanda qonaqpərvərlik və xoş münasibət görürük.
İkinci gündür ki, Naxçıvandayıq. Burada olduğumuz müddətdə qədim diyardakı mədəniyyət müəssisələri ilə tanışlıq bizdə xoş təəssürat yaratdı. Xüsusilə qeyd etmək istərdim ki, Naxçıvanın çox gözəl təbiəti, təmiz havası və qonaqpərvər insanları var. Ona görə də bura gələrkən insan özünü vətənindəki kimi hiss edir. Naxçıvan şəhərinin təmizliyi, gözəlliyi isə mənim kimi bura ilk dəfə gələn hər kəsi valeh edir. Etiraf edim ki, muxtar respublikaya gəlməmişdən əvvəl diyarınızın bu qədər ecazkar olacağını təsəvvür belə, etməzdim. Bura gəldim və Şərqin, Asiyanın ən gözəl şəhərlərindən biri ilə tanış oldum. Unikallığı ilə yanaşı, bu şəhərdə həm də yüksək Avropa mədəniyyəti formalaşıb. Daha doğrusu, Şərqin və Qərbin ən üstün dəyərlərini bu şəhərdə görmək olar. Binaların memarlıq quruluşu da diqqətimi cəlb etdi. Şəhərdə qədimliklə müasirlik bir arada yaşadılır. Hiss edirsən ki, Naxçıvanda tarixi keçmişə böyük hörmət göstərilməklə yanaşı, müasirlik də ön planda saxlanılır. Bu isə çox gözəl harmoniya yaradır.
Nail ƏSGƏROV
Tural AĞAYEV