“Naxçıvan Open – 2019” Beynəlxalq Şahmat Festivalı çox yüksək səviyyəli bir turnirdir. Festivalda yüksək reytinqli bir sıra şahmatçının iştirakı da bunu təsdiq edir.
Bu sözləri “Şərq qapısı” qəzetinə müsahibəsində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti, Türkiyə Respublikası Şahmat Federasiyasının prezidenti Gülkız Tülay deyib.
İkinci dəfədir ki, muxtar respublikada keçirilən Beynəlxalq Şahmat Festivalının açılış mərasimində iştirak etdiyini vurğulayan Gülkız Tülay qeyd edib ki, ötən il Culfa, Ordubad və Babək rayonlarında fəaliyyət göstərən uşaq-gənclər şahmat məktəblərində olub, burada dərs prosesini izləyib, turnirlərdə uğurlar qazanan gənc şahmatçılarla görüşüb və Naxçıvanda şahmatın inkişafının, kütləviliyinin təmin edilməsi istiqamətində böyük işlər görüldüyünün şahidi oldum.
“Naxçıvandakı şahmat məktəbləri bütün dünyaya nümunə göstərilə biləcək səviyyədədir. Türkiyədə də şahmat inkişaf etdirilib, ancaq təhsildən fürsət qalanda şahmata və yaxud başqa fəaliyyətlərə vaxt ayrılır. Azərbaycanda, o cümlədən muxtar respublikada isə şahmat artıq təhsilin bir hissəsinə çevrilib”, – deyən Türkiyə Respublikası Şahmat Federasiyasının prezidenti bildirib ki, muxtar respublikaya hər səfərində Naxçıvanın tarixiliyi, həm də müasirliyi onu valeh edib.
Gülkız Tülay deyib: “Naxçıvan çox gözəldir. Muxtar respublikanın iqlimi Türkiyənin iqliminə çox oxşayır. Mən bütün dostlarıma Naxçıvanı gəlib görməyi tövsiyə edirəm. Bura gələcəkdə bir daha səfər etməyi düşünürəm”.
Tural AĞAYEV