23 Dekabr 2024, Bazar ertəsi

Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında keçirilən tədbirdə iştirakçılar əvvəlcə poliklinikanın foyesində akademikin büstü önünə gül dəstələri qoyub və görkəmli alimin həyat və fəaliyyətini əks etdirən sərgiyə baxıblar.
Poliklinikanın iclas zalında ­keçirilən tədbiri Naxçıvan Muxtar Respublikası səhiyyə naziri Niyazi Novruzov açaraq mənalı ömrü, keçdiyi şərəfli həyat yolu nəsillərə mənəviyyat məktəbi, xalqa təmənnasız xidmət nümunəsi olan görkəmli akademik Zərifə Əliyevanın çoxşaxəli həyat yolundan, xalqımız qarşısında göstərdiyi böyük xidmətlərdən danışıb.
Bildirilib ki, Naxçıvan Şəhər Poli­klinikası 1990-cı ildən görkəmli oftalmoloq-alimin adını daşıyır. Ümummilli lider Heydər Əliyev 1990-cı və 1999-cu illərdə poliklinikada olub. 2012-ci ilin mayında ölkə Prezidenti cənab İlham Əliyev Akademik Zərifə xanım Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının yeni binasının açılışında iştirak edib.
Vurğulanıb ki, Zərifə xanım Əliyeva yüksək mədəniyyəti, zərif qəlbi, elmə sədaqəti, insanlara münasibəti ilə xalqımızın qəlbində həmişə yaşayır, parlaq xatirəsi daim böyük ehtiramla anılır. Tibb elmində neçə-neçə ideyanın əməli işdə gerçəkləşdirilməsi onu yenilikçi alim kimi tanıtmışdır. Geniş dünyagörüşü, dərin tədqiqatçılıq bacarığı, yüksək ziyalılığı ilə hamının rəğbətini qazanmış bu fədakar alimin həyat və yaradıcılığı hər bir Azərbaycan vətəndaşı, bütün elm adamları və tibb işçiləri üçün həyat və mənəviyyat, kamillik, müdriklik məktəbidir. Zərifə xanım Əliyeva yüksəkixtisaslı gənc kadrların yetişdirilməsinə və oftalmoloq həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirirdi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid “Zərifə xanım Əliyeva fədakar ana, vəfalı həyat yoldaşı və görkəmli elm xadimi kimi” mövzusundakı çıxışında bildirib ki, Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərib. Bütün sahələrdə öz imzaları ilə böyük nüfuz sahibi olan qadınlarımızın adları çoxəsrlik tariximizin şanlı səhifələrinə əbədi olaraq qızıl hərflərlə yazılıb. Onlar hər zaman xüsusi ehtirama, diqqətə layiq olublar. Zaman keçdikcə dünyada olduğu kimi, Azərbaycan cəmiyyətində də qadı­nın rolu daha da artıb, o, ictimai həyatın fəal iştirakçısına çevrilib, hətta digər ölkələrin qadınlarına örnək göstərilib.
Ülvilik, zəriflik və gözəllik rəmzi olan Zərifə xanım Əliyeva da məhz bütün dünyaya örnək olan belə qadınlarımızdan, analarımızdandır.
“Naxçıvan dünya tarixinə qadınlıq və analıq nümunəsi sayılan, tarixdə fəaliyyəti ilə ad qazanan çox sayda qadın bəxş etmişdir. Lakin onlardan dövlət başçısının həyat yoldaşı və anası statusunu daşıyan, öz möminliyi və ağlı, elmi, dünyagörüşü, siyasi uzaqgörənliyi ilə bütün dünyada tanınan və tarixdə şərəfinə abidə ucaldılan iki qadın – Möminə xatın və Zərifə xanım Əliyevanın yeri əvəzolunmazdır”, – deyən Surə Seyid qeyd edib ki, Zərifə xanım Əliyeva elmi nailiyyətləri ilə Azərbaycan tibb elminin, eyni zamanda ictimai fəaliyyəti ilə ictimai fikir ­tariximizin inkişafında tanınmış şəxsiyyətlərdəndir. Akademik Zərifə Əliyeva keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümum­ittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü, “Əməkdar elm xadimi” fəxri adına və ən yüksək elmi adlara layiq görülüb.
Vurğulanıb ki, Zərifə xanım Əliyeva müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin – ümummilli lider ­Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Vaxtilə Əziz Əliyevin ailəsində görüb-götürdükləri yaxşı bir təcrübə kimi ölkənin birinci ­şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatıb. O, ulu öndərimizə mənəvi dayaq, arxa olub.
Dahi öndər siyasi fəaliyyətinin ən çətin dövrlərində ona öz sevgisi ilə güc verən xanımının varlığını yüksək qiymətləndirərək deyirdi: “Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda, hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib”.
Qeyd olunub ki, Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Ancaq bu adlar sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, Prezidentimiz cənab İlham Əliyevin anasıdır.
Dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq-alim Zərifə xanım Əliyevanın həyatı, elmi və ictimai fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca yaddaşımızda Ulu Tanrının ən yüksək mənəvi xüsusiyyətlər bəxş etdiyi bu böyük insanın obrazı canlanır, gözlərimiz önündə onun portreti yaranır.
Diqqətə çatdırılıb ki, dünya oftal­mologiya elminin tanınmış simaları Zərifə xanım Əliyevanı nəinki alim, eyni zamanda bir qadın və ana kimi yüksək qiymətləndirərək haqqında tarixi fikirlər söyləyiblər. Akademik N.Puçkovskaya “Xeyirxahlıq Zərifə xanımın həyat tərzi idi”, – deyərək, alimin böyük insani keyfiyyətlərə malik olduğunu vurğulayırdı. Professor A.Brovkina onu “nəciblik və mənəvi paklıq timsalı”, professor V.V.Şmelyeva “əvəzolunmaz insan haqqında ­povest” adlandırırdı.
Vurğulanıb ki, Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi: “Onun zəngin elmi irsi, tədqiqatları, qazandığı nailiyyətlər, fundamental əsərləri Azərbaycan tibb elminin parlaq səhifəsini təşkil edir. Xalqımızın yetişdirib dünya tibb elminə bəxş etdiyi görkəmli alimin və istedadlı həkimin şəxsiyyəti bu gün də – ölkəmizin müstəqillik şəraitində yaşadığı dövrdə də hər bir alimin və Hippokrat andını içmiş hər bir həkimin cəmiyyətdə oynamalı olduğu rola parlaq nümunədir”.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri ­Ramilə Seyidova “Akademik Zərifə xanım Əliyeva əsl Azərbaycan qadını kimi” mövzusunda çıxışında bildirib ki, Zərifə xanım görkəmli oftalmoloq-alim, mənalı və zəngin həyat yolu keçən ziyalı bir qadın olmuşdur. Səmimilik, alicənablıq, birinci növbədə, özünə, daha sonra ətrafdakılara tələbkarlıq, sözü ilə işinin birliyi, vətənpərvərlik, xalqına, Vətəninə və torpağına, ailəsinə sönməz məhəbbət böyük alimə xas ­cəhətlər idi.
Poliklinikanın baş həkimi Səadət Əlizadə “Zərifə xanım Əliyevanın xeyirxahlıq, ağıl və qüdrət məktəbi” mövzusundakı çıxışında görkəmli oftalmoloq-alim, bənzərsiz ziyalı, qayğıkeş insan Zərifə Əliyevanın son dərəcə zəngin, mənalı həyat və fəaliyyətinin müxtəlif dövrlərindən bəhs edib.
Tədbir iştirakçıları akademikin mənalı ömür yolunu əks etdirən xronikaya baxıblar.
Naxçıvan Qızlar Liseyinin şagirdləri görkəmli alimə həsr olunmuş şeirləri bədii qiraət ediblər.
Sonra Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının bir qrup həkimi Naxçıvan şəhərindəki Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqlara baş çəkib.
Tədbirdə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının ak­tyorlarının ifasında tamaşalardan səhnəciklər göstərilib. Uşaqlar bayram personajları ilə birlikdə rəqs ediblər, onlar üçün çay və şirniyyat süfrəsi açılıb.
Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin
mətbuat xidməti

*  *  *

Aprelin 26-da Kəngərli rayonunun Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbində görkəmli oftalmoloq-alim, akademik ­Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümü ilə əlaqədar tədbir keçirilib.
Əvvəlcə görkəmli akademikin məktəbin foyesindəki büstü önünə gül dəstələri qoyulub, adını daşıyan muzeyə baxış ­keçirilib.
Tədbiri giriş sözü ilə açan Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Səriyyə Qurbanova dünya şöhrətli alimin Azərbaycan tibb elminin inkişafındakı fəaliyyətindən və oftalmologiya sahəsində qazandığı nailiyyətlərdən danışıb. Bildirib ki, insanlara nur bəxş edən, qayğıkeşliyi, nikbinliyi ilə özünə əbədi yer qazanan Zərifə xanım tibb elminin ən uca pillələrinə yüksəlməklə yanaşı, nümunəvi bir həyat yolu keçib. Onun həyat ideyaları və şəxsiyyəti bu gün də müasir Azərbaycan üçün əsl nümunədir.
Kəngərli Rayon Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlı çıxışında görkəmli alimin keçdiyi ­həyat yoluna nəzər salıb, onun yüksəkixtisaslı tibb kadrlarının hazırlanmasında və göz xəstəliklərinin müalicəsində göstərdiyi misilsiz xidmətlərdən bəhs edib.
Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbinin direktoru Ehtimad Məmmədov alimin həyat və fəaliyyəti, yüksək mənəvi keyfiyyətləri barədə məlumat verib.
Sonda məktəbin şagirdləri Zərifə xanım Əliyevaya həsr olunmuş ­şeirləri bədii qiraət ediblər, akademikin həyat və fəaliyyəti ilə bağlı filmə baxıblar.

Babək İSMAYILOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR