“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində ilk dəfə keçirilən “Yaradıcı gənclər festivalı” iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Festivalın açılış mərasimində aparıcılar ölkəmizdə, o cümlədən muxtar respublikada gənclərə göstərilən diqqət və qayğıdan danışıblar.
Qeyd edilib ki, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin mühüm rolu vardır. Ulu Öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görüb. Ölkəmizdə gənclər siyasəti ilə bağlı bir çox fərman və sərəncamlar imzalayıb, gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə həmişə önəm verib.
Diqqətə çatdırılıb ki, bu gün ölkəmizdə gənclər siyasəti keyfiyyətcə yeni mərhələdə davam etdirilir. Dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasəti nəticəsində gənclərimiz cəmiyyətimizin inkişafında fəal sosial təbəqəyə çevriliblər. Son illər bu sahədə görülən işlər, həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri öz intellektual səviyyələri, bilik və bacarıqları ilə nəinki regionda, ümumiyyətlə, dünyada tanınır və qəbul olunurlar.
Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasında da gənclərin yüksək səviyyədə təhsil almaları, onların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakını təmin etmək üçün ardıcıl tədbirlər həyata keçirilir. Bu gün muxtar respublikada məşğul əhalinin əksəriyyətinin gənclərdən ibarət olması, onların dövlət orqanlarında irəli çəkilmələri gənclərə göstərilən diqqət və qayğıdan xəbər verir. Gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması istiqamətində həyata keçirilən tədbirlər də bu gün uğurla davam etdirilməkdədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanı gənclərə göstərilən diqqət və qayğının məntiqi davamıdır. Bu fərmanla Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı” təsis edilib, Naxçıvan şəhərində Gənclər Mərkəzi istifadəyə verilib ki, bu da gənclərin xüsusi layihələr vasitəsilə vahid bir məkanda toplanması, gənclərin inkişafı, onların asudə vaxtlarının səmərəli təşkili baxımından böyük əhəmiyyətə malikdir. Naxçıvan Muxtar Respublikasında müxtəlif sahələrdə fərqlənən istedadlı gənclərin qabiliyyəti daim yüksək qiymətləndirilir, onlar fəxri adlarla, qiymətli hədiyyələrlə mükafatlandırılırlar. Gənclərə göstərilən bu qayğı onların öz istedadları üzərində daha səylə çalışmalarına güclü təkan verir.
Vurğulanıb ki, bu gün muxtar respublikada ilk dəfə olaraq “Yaradıcı gənclər festivalı” təşkil olunması da gənclərə göstərilən diqqətin daha bir nümunəsidir. Festival çərçivəsində gənclər tərəfindən hazırlanmış rəsm əsərləri, əl işləri, foto şəkillər sərgilənəcək, müxtəlif musiqi nömrələri səsləndiriləcək, tamaşalar nümayiş olunacaq. Festivalda, həmçinin fiziki imkanları məhdud gənclərin də əl işləri və rəsm əsərləri sərgilənəcək.
Sonra festivala start verilib.
Festivalda muxtar respublikanın rayon və şəhərləri ilə birlikdə muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsilli müəssisələrində təhsil alan yaradıcı gəncləri də iştirak ediblər.
Tədbir Naxçıvan Şəhər Mədəniyyət şöbəsinin “Şəlalə” İnstrumental Ansamblının ifa etdiyi musiqi nömrələri ilə davam edib. Festivalda sərgilənən əl işləri, foto, memarlıq, musiqi, rəqs, teatr yaradıcılığı sahələri üzrə nümunələri və Gənc Vətənpərvərlər İctimai Birliyinin üzvlərinin hazırladığı fləşmob iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Festival çərçivəsində rəsm, əl işləri, foto, memarlıq, musiqi, rəqs, teatr yaradıcılığı sahələri üzrə qaliblərin müəyyən edilməsi üçün formalaşdırılan münsiflər heyətinin qərarına əsasən bütün sahələr üzrə I, II və III yerlərə layiq görülən iştirakçılar Gənclər və İdman Nazirliyi tərəfindən diplomla təltif olunublar.
Xəbərlər şöbəsi