23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Universitetinin Klinik Xəstəxanasının akt zalında Azərbaycanın görkəmli elm xadimi, tanınmış oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96 illiyinə həsr edilmiş elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tibb elminin inkişafına mühüm töhfələr verən, oftal­mologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ-də, eləcə də dünyada böyük şöhrət qazanan akademik Zərifə xanım Əliyevanın şərəfli və zəngin həyat yolu barədə danışıb.
Qeyd edilib ki, unudulmaz alim, təbib və müəllimin elmi-pedaqoji və praktik fəaliyyəti Azərbaycanda oftalmologiya elminin inkişafına, həkimlərin yeni nəslinin yetişməsinə kömək göstərib, ölkədə bir sıra göz xəstəliklərinin qarşısının alınmasında mühüm rol oynayıb.
Ümumi təbabət və gigiyena kafedrasının baş müəllimi Güllü Səfərova istedadlı alim, qayğıkeş ana olan Zərifə Əliyevanın geniş elmi fəaliyyəti haqda danışaraq bildirib ki, akademik 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifi olub.
Ən geniş yayılmış göz xəstəlikləri sırasında olan katarakta barədə danışan oftalmologiya ixtisası üzrə müəllim Rəhmiyyə Əliyeva bu xəstə­liyin göz büllurunun şəffaflığının pozulması nəticəsində meydana gəldiyini diqqətə çatdırıb.
Oftalmologiya ixtisası üzrə I kurs həkim-rezident Aynur Əliyeva Günəşin gözlərə zərərli təsiri və müdafiə yollarından danışıb.
Sonda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş tələbələrə üzvlük vəsiqələri təqdim edilib.

Səadət ƏLİYEVA

 *   *   *

Naxçıvan Müəllimlər İnstitutunda keçirilən tədbiri giriş sözü ilə ali təhsil ocağının rektoru Elbrus İsayev açıb. Bildirib ki, görkəmli alim Zərifə Əliyevanın yüksək mənəvi zənginliyə malik irsi bu gün hər birimiz üçün əhəmiyyətlidir. Məhz Zərifə xanımın böyük zəhməti sayəsində Azərbaycanda oftalmologiya sahəsində mühüm elmi nailiyyətlər qazanılıb.
Tədbirdə institutun Ümumi fənlər kafedrasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Asif Axundov “Akademik Zərifə xanım Əliyeva: gənc nəsillərə nümunə” mövzusunda çıxış edərək bildirib ki, Zərifə xanım Əliyeva 96 il bundan əvvəl görkəmli dövlət xadimi, Azərbaycan səhiyyəsinin qurucusu və təşkilatçısı olan Əziz Əliyevin ailəsində dünyaya göz açıb. Uşaq yaşlarından həkimlik sənətinə hədsiz maraq göstərən Zərifə xanım 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olub və 1947-ci ildə oranı müvəffəqiyyətlə bitirərək Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşdırma kursu keçib.
Vurğulanıb ki, elmi tədqiqatlara olan hədsiz marağı onu Azərbaycan Oftalmologiya Elmi-Tədqiqat İnstitutuna gətirib çıxarıb. 1950-1953-cü illərdə Zərifə xanım Əliyeva aspiranturada təhsil alıb və elmi tədqiqatla məşğul olub. Taleyini tibb elminə həsr edən görkəmli alim oftalmologiyanın aktual problemlərinə dair çoxsaylı tədqiqatlar aparıb, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf edib, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının tapılması istiqamətində səmərəli elmi araşdırmalar aparıb. Zərifə xanım elmdə ilk dəfə olaraq yod və şin sənayesi işçilərinin görmə orqanında yaranan peşə xəstəliklərini öyrənib və bu xəstəliklərin profilaktikası üsullarını işləyib hazırlayıb. Onun bu sahədəki ciddi axtarışları dünya tibb elmi ədəbiyyatında nadir tədqiqatlar sırasındadır.
Sonda Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

 Pərviz HACILI

*   *   *

Naxçıvan Tibb Kollecində Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Qadınlar Şurasının təşkilatçılığı ilə akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Konfransda “Akademik Zərifə xanım Əliyevanın həyat və yaradıcı­lığı” mövzusunda məruzə ilə çıxış edən Naxçıvan Şəhər Təşkilatı Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Yazgül Rzayeva deyib ki, Zərifə xanımın yaşadığı mənalı həyat yolu hər bir Azərbaycan vətəndaşı, bütün alim və həkimlərimiz üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Akademikin zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.
Yazgül Rzayeva diqqətə çatdırıb ki, Zərifə xanım Əliyevanın traxoma xəstəliyinin müalicəsi istiqamətində gördüyü işlər milyonlarla insanı bu xəstəlikdən xilas edib. Kliniki və nəzəri oftalmologiyanın bir sıra aktual məsələlərinə həsr olunan yeni və uğurlu tədqiqatların əsasını qoyan Zərifə xanım Əliyeva Azərbaycanda kimya sənayesinin genişlənməsi və inkişafı ilə bağlı görmə üzvünə kimyəvi maddələrin təsir­etmə mexanizmlərinin praktik olaraq aşkar edilməsi kimi ciddi işlərin də təməlini qoyub. 1968-ci ildən isə Zərifə xanım peşə oftalmologiyası məsələləri ilə sistemli şəkildə məşğul olmağa başlayıb.
Vurğulanıb ki, genişmiqyaslı klinik müşahidələrin və eksperimental tədqiqatların yekunu olaraq onun indiyədək əhəmiyyətini itirməyən əsərləri və monoqrafiyaları yaranıb.
Yazgül Rzayeva qeyd edib ki, bütün həyatını, elmi-pedaqoji fəaliyyətini oftalmologiyanın çoxşaxəli problemlərinə həsr edən Zərifə xanımın gənc həkimlərin və oftalmoloq-alimlərin yetişməsində də xüsusi xidmətləri olub.
Tədbirdə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Tibb Kolleci ərazi ilk təşkilatının sədri Leyla Vəliyevanın “Böyük ana haqqında düşüncələr”, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstə­xanasının oftalmoloqu Kəmalə Əliyevanın “Akademik Zərifə xanım Əliyevanın elmi və ictimai fəaliyyəti”, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin V kurs tələbəsi Bənövşə Qasımovanın “Akademik Zərifə xanım Əliyevanın pedaqoji fəaliyyəti” mövzularında məruzələri dinlənilib.

Tural AĞAYEV

*  *  *

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96 illiyi ilə əlaqədar Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası Kəngərli Rayon Mərkəzi Xəstəxanasında humanitar aksiya keçirib.
Məqsəd aztəminatlı ailələrin uşaqları üzərində cərrahi əməliyyatların aparılması olub.
Səyyar aksiyadan əvvəl yerli tibb işçiləri tərəfindən cərrahi əməliyyata ehtiyacı olan uşaqlar müayinədən keçirilib və onlar xəstəxanaya dəvət ediliblər.
Cərrahi əməliyyatlar Mərkəzi Uşaq Xəstəxanası Cərrahiyyə şöbəsinin müdiri Şəhla İmanova, həkim-cərrah İldırım İbrahimov, həkim-anestezioloq Qərənfil Bədəlova tərəfindən həyata keçirilib. Briqadada, həmçinin 2 əməliyyat, 2 anesteziologiya üzrə tibb bacısı və sanitarlar da təmsil olunublar. Yerli həkim və orta tibb işçiləri briqadanın səmərəli fəaliyyəti üçün lazımi şərait yaradıblar. Aksiyanın ilk günü 19 uşaq üzərində fimoz əməliyyatı aparılıb. Onlar bir neçə saat həkim müşahidəsi altında saxlanıldıqdan sonra evə buraxılıblar.
Şahtaxtı kəndindən Yusif Quliyevin iki övladının cərrahi əməliyyatı keçirilib. O, övladlarını başqa yerlərə aparmadan yüksəkixtisaslı həkimlər tərəfindən əməliyyat olunduğuna görə minnətdarlığını bildirib, bütün bunları aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələrinin uğurlu icrası kimi dəyərləndirib.
Kəngərli Rayon Mərkəzi Xəstəxanasında humanitar aksiya bu gün də davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR