2000-ci ildən başlayaraq Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təşəbbüsü ilə aprel ayının 26-sı dünyada “Beynəlxalq Əqli Mülkiyyət Günü” kimi qeyd edilir.
Biliklərə əsaslanan XXI əsr iqtisadiyyatında əqli mülkiyyət intellektual kapital rolunda çıxış edir. İnkişaf etmiş ölkələrdə artıq əqli mülkiyyət aktivləri maddi aktivləri üstələyərək dünya iqtisadiyyatında yeni mərhələ yaratmışdır. Vaxtilə xammal və materiala əsaslanan iqtisadiyyatlar yeni mərhələdə kreativ iqtisadiyyata çevrilmiş və nəticədə, əqli mülkiyyət fenomeni prioritet fəaliyyət və təhlil istiqaməti kimi formalaşmışdır. Bu gün əqli mülkiyyət hər bir ölkənin davamlı inkişafında əsas rol oynayır. Çünki elm, texnika və mədəniyyətin inkişafı əqli mülkiyyət hüququnun qorunmasından asılıdır. Bu mənada, əqli mülkiyyətin mühafizəsi sahəsindəki dövlət siyasəti həm də ölkənin elmi-texniki potensialının inkişafı və bu potensialdan səmərəli istifadəyə səbəb olur. Buna görə də əqli mülkiyyət məsələlərinin milli qanunvericiliyə inteqrasiyası vacib mərhələ kimi qəbul olunmaqdadır.
Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə əqli mülkiyyətlə bağlı münasibətlərin tənzimlənməsi istiqamətində mühüm işlər görülmüş, əqli mülkiyyətin qorunması və inkişafına diqqət artırılmış, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. 1996-cı ildə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, 1997-ci ildə “Patent haqqında”, 1998-ci ildə “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunmuş, ölkəmiz 1995-ci ildə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təsis etdiyi Konvensiyaya və Avrasiya Patent Konvensiyasına qoşulmuş, Avropa Patent Təşkilatı ilə əməkdaşlıq əlaqələri qurmuşdur.
Bu gün ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qeyri-neft sektorunun inkişafına yönəldilən məqsədyönlü iqtisadi siyasət təcrübələrə və insan kapitalına hesablanan innovativ iqtisadiyyatın inkişafına xidmət etməkdədir. Cəmiyyətimizdə əqli mülkiyyətə iqtisadi faktor kimi artan maraq da bütün bunların əyani sübutudur. Sürətlə dəyişən dünyada Azərbaycan getdikcə öz mövqelərini möhkəmləndirir və layiqli yerini tutur. “Davamlı inkişafın Azərbaycan modeli” bir sıra vacib amilləri, o cümlədən biliklərə əsaslanan tərəqqini, informasiya-kommunikasiya texnologiyaları və əqli mülkiyyətin prioritetliyini özündə cəmləşdirir. “İndi dünyada inkişaf təbii sərvət üzərində deyil, bilik, müasir texnologiya üzərində qurulur. Bu səbəbdən biz təbii sərvətlərin insan kapitalına çevrilməsinə çalışırıq”, – deyən ölkə Prezidenti cənab İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilən milli iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində əqli mülkiyyətin, kreativ sənayenin inkişaf etdirilməsi kimi məsələlər də öz əksini tapıb.
Əqli mülkiyyət sahələri – ixtiralar, faydalı modellər, sənaye nümunələri, əmtəə nişanları və coğrafi göstəricilər ölkəmizdə Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılmış normativ-hüquqi aktlarla tənzimlənməkdədir. 2012-ci ildə “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunması bu sahədə həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirmişdir. Ölkəmiz əqli mülkiyyət hüquqlarının qorunması sahəsində beynəlxalq sistemə uğurla inteqrasiya olunmuş, yaradıcılıq fəaliyyəti nəticələrinin hüquqi mühafizəsinə əlverişli zəmin yaradılmışdır.
Azərbaycanın bugünkü reallıqları ondan ibarətdir ki, ölkəmiz dünya ölkələri tərəfindən tanınan islahatçı dövlətdir və bu islahatlar hər bir sahədə, o cümlədən əqli mülkiyyət sahəsində geniş miqyasda həyata keçirilir. 2018-ci ildə reallaşdırılan struktur, institusional və iqtisadi islahatlar nəticəsində əqli mülkiyyət sistemində əhəmiyyətli təşkilati və funksional dəyişikliklər baş vermişdir. Dövlət başçısının müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılmışdır. Agentlik respublika ərazisində əqli mülkiyyət hüquqları sahəsinin səmərəli fəaliyyətini, dayanıqlı inkişafını və şəffaflığını təmin etmək, əqli mülkiyyət hüquqları sahiblərinin hüquqlarını qorumaq, sözügedən sahədə bilikləri və informasiya cəmiyyətinə təsiri artırmaq, əqli mülkiyyət hüquqlarının tənzimlənməsi sahəsində mütərəqqi korporativ idarəetmə standartlarını əsas götürərək verilmiş tapşırıqları uğurla icra edir.
Naxçıvan Muxtar Respublikasında əqli mülkiyyət hüquqlarının qorunması və bu sahənin innovativ inkişafı üzrə həyata keçirilən uğurlu iqtisadi siyasət, ümumilikdə, əqli mülkiyyət sisteminin səmərəli formalaşdırılması üçün ciddi əsaslar yaratmışdır. İntellektual kapitaldan aktiv istifadənin və texnoloji inkişafın davamlı olaraq stimullaşdırılması hazırda üstün istiqamət kimi saxlanılmaqdadır.
Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qarşısında muxtar respublikada innovasiyalı inkişafla bağlı yürüdülən iqtisadi siyasətə uyğun olaraq innovativ inkişafa adekvat xidmətlərin göstərilməsi, əqli mülkiyyətin mühafizəsinin formalaşdırılması və müasir trendə uyğunlaşdırılaraq sənayedə tətbiqi kimi funksional vəzifələr dayanır. Agentliyin qarşısında duran vəzifələrin yerinə yetirilməsində, əqli mülkiyyətin əhəmiyyətinin və faydasının artırılmasında əsas prinsip muxtar respublikada iqtisadi islahatların uğurla həyata keçirilməsinə xidmət etməkdir. Bununla da əqli mülkiyyət investisiyalarının cəlb edilməsi və innovasiyaların həyata keçirilməsində fəal iştirakçıya çevrilmək, yeni texnologiyaların kommersiyalaşdırılmasını dəstəkləmək əsas hədəflərdəndir. Agentlik sənaye mülkiyyəti obyektlərinin mühafizəsi üçün əqli mülkiyyətin qorunması sahəsində mütəmadi tədbirlər həyata keçirir, muxtar respublikada patent sahəsinin inkişafını diqqətdə saxlayır. Patent sistemi vasitəsilə sənaye mülkiyyəti obyektlərinə dair iddia sənədlərinin qəbulu və ekspertizası həyata keçirilir, dövlət reyestri aparılır, bu sahədə hüquqların qorunması və beynəlxalq sistemlərə inteqrasiya təmin olunur.
Fəaliyyəti dövründə agentliyə ixtira, sənaye nümunəsi, faydalı model, əmtəə nişanı və coğrafi göstəricilər üçün 2021 müraciət daxil olmuş və dövlət ekspertizası aparılmışdır. 28 ixtira, 46 sənaye nümunəsi və 1 faydalı model patentləşdirilmiş, əmtəə nişanlarına dair 1073, coğrafi göstəricilərə dair 5 şəhadətnamə dövlət reyestrində qeydiyyata alınmışdır. Agentliyin tərkibində fəaliyyət göstərən Elmi-Texniki Kitabxananın patent fondu da komplektləşdirilmişdir. Fondda xarici ölkələrə məxsus 3 min 655 ixtira, həmçinin əmtəə nişanları və coğrafi göstəricilər, ixtiralar, faydalı modellər və sənaye nümunələrinə dair rəsmi bülletenlər toplanmış və yeni ədəbiyyatlarla zənginləşdirilmişdir. Əqli mülkiyyət hüquqlarının qorunmasına, bu sahədə maarifləndirmə işlərinin genişləndirilməsinə və əqli yaradıcılıq nəticələrindən qeyri-qanuni istifadənin qarşısının alınmasına da xüsusi diqqət yetirilir.
Muxtar respublikada əqli mülkiyyətin inkişaf etdirilməsi, ixtiraların istehsalatda tətbiqi və alınmış patentlərin beynəlxalq mühafizəsi tədbirləri bundan sonra da üstün istiqamət kimi davam etdiriləcəkdir.
Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına
Nəzarət Dövlət Agentliyinin mətbuat xidməti