Culfa rayonunun kənd yaşayış məntəqələrinin böyük əksəriyyəti Babək rayonunun Çeşməbasar kəndindən keçən qol üstündə qərarlaşıb. Bu qola Culfa-Naxçıvan magistralından ayrılan Camaldın kəndini keçməklə də girmək olar. Onu da qeyd etmək istərdim ki, muxtar respublikamızda bərqərar edilmiş ictimai-siyasi sabitlik, nail olunmuş müasirliyi görmək üçün həmin qol üzərində yerləşən yaşayış məntəqələri ən ideal məkanlardır.
Budur, Çeşməbasar kəndi. Adıçəkilən magistralın kənarına sığınmış bu kənd özünün inkişaf mərhələsinə bir neçə ildir ki, qovuşub. Yoldan ötənlərin diqqətini müasir infrastrukturu ilə cəlb edən kənddə yeni məktəb binası, kənd və xidmət mərkəzləri, səhiyyə məntəqəsi, məscid və yeni yol buraya göstərilən hərtərəfli dövlət qayğısından soraq verir. Yeri gəlmişkən onu da qeyd edək ki, bu yol ən ucqar dağ kəndi olan Boyəhmədə qədər uzanır. Bir-birinə bitişik olan Güznüt kəndi Çeşməbasardan seçilmir. Qəlbimizdə fərəh doğuran həm də odur ki, sərhədlərini ayırmaq mümkün olmayan yaşayış məntəqələrinin hər ikisində eyni obyektlər inşa edilib. Uzaq gələcəyə hesablanmış bu tikililərin ətraflarında sakinlərin müasir üslubda işlənmiş evləri sıralanıb. Bir-birindən gözəl və yaraşıqlı olan bu evlər sosial-iqtisadi inkişafın bəhrəsidir. Sonra diqqətimizi göz işlədikcə uzanan taxıl zəmiləri çəkir. Bu il də bol məhsul götürüləcəyi uzaqdan bilinir. Deməli, torpaq adamlarının çəkdikləri zəhmət hədər getməyib.
Bu, Ərəzin kəndidir. Müasir Azərbaycan kəndinin daha bir canlı nümunəsi. Tarixi qədim, özü cavan. Bütün infrastrukturu yenilənmiş yurd yeri. Vətənpərvər insanların cəmləşdiyi Ərəzində dəfələrlə olmuşam. Təhsilə, elmə böyük önəm verilən yaşayış məntəqəsi özünün yetişdirdiyi elm adamları ilə qürur duyur. Muxtar respublikada ilk məktəblərdən biri 90 il bundan əvvəl Ərəzində fəaliyyətə başlayıb. Ovaxtkı köhnə, uyğunlaşdırılmış məktəb binasının yerində bu gün bütün müasir tələblərə cavab verən yeni bina inşa olunub, digər qurumlara da bu qayğıdan pay düşüb.
Bu qol üstə yerləşən yaşayış məntəqələrini yadıma salmaq istəyirəm. 20-dək kəndi xatırlayıram. Əbrəqunus, Bənəniyar, Saltax, Göydərə, Əlincə, Qazançı, Milax, Boyəhməd, Ərəfsə, Ləkətağ, Teyvaz, həmin yoldan bir qədər aralıda Qızılca, Kırna, Xoşkeşin, Xanəgah... Bu yurd yerlərinin hər birinin dağı, daşı, qayası qəhrəmanlıq tariximizi özündə yaşadır. Möhtəşəm Əlincəqala 14 il Əmir Teymurun hücumlarına məruz qalsa da, məğlubedilməzliyini göstərdi, dünyanın ən böyük fatehlərindən biri buradan, necə deyərlər, sözün əsl mənasında, əli ətəyindən uzun, suyu süzülə-süzülə geri qayıtdı. Burnu ovulan ordu böyük itki verdi. Naxçıvanlılar torpaq qeyrətini uca tutaraq yurd yerini qəhrəmanlıqla qorudular. Bu gün Əlincəqala Naxçıvanın qəhrəmanlıq simvoludur. Bir neçə il əvvəl böyük zəhmət bahasına Əlincəqala yenidən quruldu, qalada üçrəngli Azərbaycan bayrağı qaldırıldı, ərazidə muzey tikildi. İndi təkcə ölkəmizin başqa bölgələrindən deyil, xarici ölkələrdən gələn qonaqlar da belə möhtəşəm quruculuq tədbirinə heyrətlərini saxlaya bilmirlər.
Hürufilik təriqətinin banisi, Nəsiminin müəllimi Fəzlullah Nəimi öz ideyalarını buradan yaymağa başlayıb. Bu gün onun qəbri, iqamətgahı insanların ziyarət yerinə çevrilib.
Yurd yerinə bağlılığın, sabaha cavabdehliyin, qurub-yaratmaq, doğma diyarı gözəl görmək arzusunun, bu ünvanlarda yaşayan insanların həyat səviyyəsinin yüksəldilməsi üçün çəkilən zəhmətin, onların məşğulluq probleminin həllinə nail olmaq məqsədilə həyata keçirilən belə tədbirlərin bəhrələri istər-istəməz səni yaxın keçmişə aparır: sınıq-salxaq avtomobillərlə saatlarla yol qət edib mənzilbaşına çatmaq bu kəndlərin sakinlərinin ən böyük problemlərindən idi. Fasiləsiz elektrik enerjisindən danışmağa belə, dəyməzdi. Qışda evləri isitmək üçün kəsilən ağaclar da tükənməkdə, ekologiyamıza ciddi zərbə vurulmaqda idi. Əlacsız qalan insanlar meyvə ağaclarını da kəsməyə başlamışdılar. Təhsil, səhiyyə, rabitə obyektləri uyğunlaşdırılmış binalarda fəaliyyət göstərirdi. Bu ünvanlardakı vəziyyət daha da acınacaqlı idi. Muxtar respublika həm də nəqliyyat blokadasına salındığından buraya yanacaq gətirilməsi mümkün deyildi. Odur ki, həmin binalarda soyuq hava şəraiti hökm sürür, təhsilin, səhiyyə, mədəniyyət, rabitə xidmətlərinin səviyyəsi getdikcə aşağı düşürdü.
Adıçəkilən yaşayış məntəqələrinin o günləri yaşamış sakinləri ötən əsrin 90-cı illərinin sonlarını yaxşı və minnətdarlıqla xatırlayırlar. Muxtar respublikada start götürən yeni era – quruculuq ab-havası artıq bu ünvanlara da ayaq açdı. Kompleks quruculuq tədbirləri bir kənddən digər kəndə keçdikcə insanlar unudulmadıqlarını gördülər. Bu gün o yaşayış məntəqələri həm də ən gözəl turizm məkanlarına, bolluq, ruzi-bərəkət ünvanlarına çevrilib. Təmiz suyu, havası, ekoloji sağlam məhsulları var bu yaşayış məntəqələrinin. Dövlətçiliyimizə, müstəqilliyimizə sadiq və vətənpərvər, vətənpərvər olduqları qədər qonaqpərvər insanları məskunlaşdıqları belə yurd yerlərinin qədrini bilirlər. Qurulanları qoruyur, öz zəhmətləri ilə maddi rifah hallarını yaxşılaşdırırlar.
Bu fikirlərlə növbəti yaşayış məntəqəsinə – Əbrəqunus kəndinə çatırıq. Quruculuq ərməğanları elə yaşayış məntəqəsinin girəcəyindən bizi “qarşılayır”. Məscid və mərasim evi, Bənəniyar gölündən ayrılan su kanalının üzərində salınmış körpü, kənd mərkəzi, tam orta məktəb, həkim ambulatoriyası və digər müasir tikililər, sözün həqiqi mənasında, göz oxşayır, kəndə göstərilən qayğının ifadəsi kimi diqqəti cəlb edir. Məktəbin həyətindəki qələbəlik diqqətimi çəkir. Avtomobildən düşürəm. Burada muxtariyyətimizin 95 illiyinə həsr olunmuş tədbir keçirildiyini öyrənirəm. Kənd məktəbinin və mədəniyyət evinin birgə hazırladıqları tədbirdə müxtəlif çıxışlar, mahnılar, şeirlər səsləndirilir. Elə bu kənddən də yazı hazırlamaq qərarına gəlirəm. Kənd camaatının da toplaşdığı tədbirdən sonra məktəbin direktoru Fikrət Quliyevlə həmsöhbət oluram. Onu da deyim ki, neçə illərdir, tanıdığım Fikrət müəllim ömrünün 40 ildən artıq bir dövrünü şərəfli müəllim peşəsinə həsr edib. Uzun müddətdir, məktəb direktoru vəzifəsində çalışır. Əbrəqunusun dünənini yaxşı xatırlayır, bu günü ilə fəxr edir.
– Orta təhsil aldığım, sonra isə müəllim kimi əmək fəaliyyətinə başladığım məktəbi tez-tez xatırlayıram. O dövr üçün tipik olan həmin binaya bu gün məktəb deməyə adamın dili gəlmir. Bugünkü şəraitlə o dövrü müqayisə etmək isə sadəlövhlük olardı. Hazırda məktəbdə oxuyan şagirdlərə, gənc müəllimlərə bunları danışanda inanmaqları gəlmir. Çünki qısa bir zaman kəsiyində muxtar respublikada belə inkişafa nail olunması, doğrudan da, böyük möcüzə təsiri bağışlayır, artıq bu qədim diyarın bugünkü mənzərəsini “İnkişafın Naxçıvan modeli” adlandıranlar səhv etmirlər.
Uzağa getməyə ehtiyac yoxdur, – deyə müsahibim Əbrəqunusda həyata keçirilmiş quruculuq tədbirləri çərçivəsində tikilmiş təhsil ocağını misal çəkir:
– Elə götürək bu məktəbi. 3 mərtəbəli bina 432 şagird yerlikdir. Müəllim və şagirdlərin ixtiyarına 23 sinif otağı, 3 elektron lövhə, 12 dəst kompüter, idman zalı, kitabxana, kabinələr verilib. Təhsil ocağı fərdi qazanxanadan istifadə edir. 41 müəllimin, 13 texniki işçinin çalışdığı məktəbin gülzarlığa çevrilmiş böyük həyətyanı sahəsi var.
Direktor deyir ki, müəllimin vəzifəsi təkcə savadlı məzun yox, həm də vətənpərvər gənc yetişdirməkdir. Bunu pedaqoji kollektiv diqqətdə saxlayır.
Məktəbin müəllimləri də söhbətə qoşulurlar. Onların öz vəzifə borclarına məsuliyyət və vətənpərvərliklə yanaşmalarını məktəbin məzunlarının ictimai həyatdakı fəallıqları da sübut edir.
Təhsil ocağının binası ilə yanaşı olan həkim ambulatoriyasının həyətində baş həkim Səftər Həsənov da söhbət zamanı bir qədər keçmişi xatırlayır, yaşayış məntəqəsinin sakinlərinin bütün sahələrdə qayğı ilə əhatə olunduğunu deyir:
– İnsanın qurub-yaratmağında, yaxşı gün-güzərana malik olmağında onun sağlamlığı başlıca amillərdən biridir. Əbrəqunuslular da razılıq edirlər ki, onların sağlamlığı keşiyində dayanan gözəl həkim ambulatoriyası istifadəyə verilib, səhiyyə ocağı müxtəlif tibbi avadanlıqlarla təchiz olunub. Burada 14 nəfər işlə təmin edilib. Ambulatoriyada aptek də yaradılıb ki, artıq kənd adamlarının digər yerlərə üz tutmalarına ehtiyac qalmayıb. Yəni lazım olan dərman preparatlarının sifarişlə kəndə gətirilməsi mümkündür.
Kənd mərkəzləri muxtar respublikada son illərin yeni infrastrukturu kimi diqqəti çəkir. Belə obyektlərin üstünlüyü ondadır ki, yaşayış məntəqələrinin bütün dövlət və özünüidarəetmə qurumları bu mərkəzlərdə yerləşir. Sakinlər vaxt itirmədən öz problemlərini bu ünvanda həll edirlər. Bəhs etdiyimiz yaşayış məntəqələrinin hamısı kimi Əbrəqunusda da kənd mərkəzi istifadəyə verilib. İkimərtəbəli binada fəaliyyət göstərən müxtəlif təşkilatlarda 20-dən artıq insanın məşğulluğu təmin edilib. Kitabxana müdiri Mətanət Vəlisoy ixtisaslı kadr kimi ona tapşırılan vəzifənin öhdəsindən gəlməyə səy göstərir:
– Müstəqil dövlətimizdə həyata keçirilən siyasətin təməlində insan amili dayanır. Onun yaxşı təhsil almasını, tibbi xidmətlə təmin edilməsini, məişət qayğılarına həssaslıqla yanaşılmasını elə bu kəndin də timsalında görmək olar. Ona görə də biz ziyalıların üzərinə ciddi vəzifələr düşür: dövlət siyasətini təbliğ etməklə tariximizin, milli dəyərlərimizin öyrədilməsində fəallıq göstərmək. Həmişə düşünmüşəm ki, kitabxanalar müqəddəs məkanlardır. Çünki bu ünvanların “sakinləri” olan kitablar hər bir insanın formalaşmasında, cəmiyyətə yararlı bir fərd kimi yetişməsində mühüm rola malikdir. Elə buna görə də muxtar respublikada mövcud olan geniş kitabxana şəbəkəsi hərtərəfli qayğı əhatəsindədir. Bu qayğıdan Əbrəqunus kitabxanasına da pay düşüb.
Kənd mədəniyyət evinin müdiri Rəsmiyyə Məmmədova söhbətə qoşulur:
– Bu gün muxtar respublikanın ən kiçik kəndində belə, mədəniyyət evlərinin tikilməsi, müasir iş şəraiti yaradılması bu sahənin inkişafına böyük stimuldur. Belə qayğı müqabilində öz işimizi günün tələbləri səviyyəsində qurmağa çalışır, yaradılmış şəraitə görə dövlətimizə minnətdarlığımızı bildiririk.
Kəndlə şəhər arasındakı fərqlərin aradan götürülməsinin ifadəsidir ki, Əbrəqunusda çörəkbişirmə sexi, bərbərxana, gözəllik salonu fəaliyyət göstərir. Bu xidmət sahələrindən hamı razılıq edir. Kənddə şəxsi minik avtomobillərinin və yeni salınan evlərin sayı ilbəil artır. Hazırda 70-dən yuxarı minik avtomobilinin olması, təkcə keçən il 3 fərdi evin inşa edilməsi əbrəqunusluların həyat şəraitinin gündən-günə yaxşılaşmasının göstəricisidir.
Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Güloğlan Orucov bu yaşayış məntəqəsi barədə daha geniş məlumat verir:
– Əbrəqunusda 580 təsərrüfatda 2351 sakin yaşayır. Torpağa bağlı, zəhmətdən çəkinməyən, dövlət qayğısını öz üzərində hiss edən kənd sakinləri taxılçılıq, üzümçülük, meyvəçilik, heyvandarlıq, arıçılıqla məşğuldurlar. Torpaq mülkiyyətçiləri bu sahədə zəngin təcrübəyə malikdirlər. Muxtar respublikanın aidiyyəti nazirliklərinin əməkdaşları tez-tez kəndə gəlir, onlar arasında maarifləndirici söhbətlər təşkil edir, bəzi tədbirləri praktik olaraq həyata keçirirlər. Kənd adamlarının texnikalardan istifadəsi də qaydaya salınıb, tədarük edilmiş məhsulların satışının Naxçıvan şəhərində təşkil edilən kənd təsərrüfatı festivallarında, yarmarkalarında iştirakının təmin olunmasında da heç bir problem yoxdur. Güzəştli kreditlərdən istiqaməti üzrə istifadə olunması da bəhrələrini verir.
Güloğlan Orucov deyir ki, cari ilin məhsulu üçün ötən ilin payızında 117 hektarda taxıl əkilib. Ailə təsərrüfatlarında 600-dən çox iribuynuzlu, 3740-dan çox xırdabuynuzlu, 606 arı ailəsi saxlanılır. Baytarlıq xidməti də öz işini bu istiqamətdə qurub.
Muxtariyyətimizin 95 illiyini həyatımızın hər bir sahəsində qazanılan yüksək nailiyyətlərlə qeyd etdiyimiz bir dövrdə əbrəqunuslular da dönüb geriyə baxır, keçilən yolu göz önünə gətirir, fərəh hissi keçirirlər. Bu hisslərdə dövlətimizə, dövlətçiliyimizə, müstəqilliyimizə böyük sədaqət və ehtiram duyğuları öndədir. Bunu həmsöhbət olduğum hər bir əbrəqunuslunun timsalında gördüm. Sabah bundan da yaxşı olacağına inamlarını çöhrələrindən oxudum.
P.S. Culfa rayonunun müasirliyə qovuşmuş kəndləri haqqında gördüklərimi, düşündüklərimi qələmə almaqda məqsədim heç də müsabiqəyə qatılmaq, yer tutmaq deyil – bunu səmimi qəbul edin. Yazdıqlarım Naxçıvanı özünə qibləgah, müqəddəs, əvəzolunmaz məkan sayan bir naxçıvanlı kimi son illər qədim diyarımızda görülən işləri bir daha xatırlatmaqdır. Bu, tarixdir. Tarixi yaşatmaq vətənpərvərlikdir. Vətənpərvərlik isə hər bir naxçıvanlının qanında və canındadır. Vətənpərvərlik sonradan qazanılmır, qanla gəlir. Naxçıvan vətənpərvərlik sözünün sinonimi, Naxçıvanı qoruyanlar isə ən böyük vətənpərvərlərdir.
Muxtar MƏMMƏDOV
Bu məqalə “Muxtariyyətin quruculuq, inkişaf və sabitlik dövrü”
mövzusunda yaradıcılıq müsabiqəsinə təqdim etmək üçündür.