23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Universitetində “Naxçıvan Muxtar Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri” kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə ali təhsil ocağının rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid təqdimat mərasimində çıxış edərək bildirib ki, ötən əsrin 70-ci illərindən başlayaraq ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən ekoloji strategiya bu gün ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Ötən dövr ərzində ekoloji mühitin yaxşılaşdırılması, biomüxtəlifliyin qorunması üçün ətraf mühitə olan neqativ təsirlər minimuma endirilib, iqtisadi inkişafda müasir texnologiyalar tətbiq edilib, alternativ enerji mənbələrindən istifadəyə üstünlük verilib. Füsunkar estetik gözəlliyə malik ərazilərin, flora və fauna növlərinin qorunması, ekoloji tarazlığın gözlənilməsi, biomüxtəlifliyin mühafizəsi və bərpa edilməsi, təbii mühit unikallığının, nadir və nəsli kəsilmək təhlükəsi olan növlərin saxlanılması üçün xüsusi mühafizə olunan təbiət əraziləri yaradılıb.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında təbiətin qorunması, ekoloji tarazlığın diqqətdə saxlanılması, xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkilində əldə edilən uğurlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muxtar respublikada apardığı uğurlu ekoloji siyasətin nəticəsidir. Həyata keçirilən məqsədyönlü ­siyasət, sosial-iqtisadi inkişaf, ekoloji strategiya xüsusi mühafizə olunan təbiət ərazilərinin daha da inkişaf edəcəyini, müasir tələblərə uyğun şəkildə təkmilləşəcəyini ­deməyə əsas verir.

Qeyd olunub ki, həyata keçirilən ekoloji tədbirləri əhatə edən və muxtar respublikanın biomüxtəlifliyini özündə əks etdirən “Naxçıvan Muxtar Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri” adlı kitab-albomun nəşri bu sahəyə göstərilən dövlət qayğısının ifadəsidir. Kitab Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2019-cu il üçün nəşr planına uyğun olaraq çap edilib. Yeni nəşrdə milli qoruq və parklar haqqında geniş məlumatlar, onların coğrafi mövqeyi, qədim tarixə malik mədəniyyət abidələri, Qırmızı kitaba daxil olan flora və fauna növləri öz əksini tapıb. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatda 300 tirajla nəşr olunan bu kitab Naxçıvan təbiətinin dünyada tanıdılması, bu sahənin tədqiqinə akademik və elmi yanaşmaya tələbatın və marağın artması baxımından əhəmiyyətlidir. Albom-kataloqda əlverişli coğrafi mövqeyin təqdim edilməsi Naxçıvanın turizm potensialının inkişafına, bu ərazilərə turistlərin cəlb olunmasına xidmət məqsədi daşıyır.
Vurğulanıb ki, kitabda adları çəkilən ərazilərə səyahət edən turistlərə bələdçilər vasitəsilə piyada və atla gəzinti turları, qayaya dırmanma-alpinizm və dağ velosipedi ilə velo­turlar kimi xidmətlər təklif olunur. Yaradılan və mühafizə edilən qoruq və parklar ali məktəb tələbələri üçün istehsalat təcrübələrinin keçirilməsində əyanilik baxımından xüsusi əhəmiyyətlidir. Əminliklə demək olar ki, kitab-kataloqun nəşri vasitəsilə bu sahənin tədqiqinə marağın artması ali təhsil ocaqlarında Naxçıvanın milli qoruq və parkları, ümumiyyətlə, Naxçıvan ekologiyası və təbiəti haqqında seçmə fənnin tədrisinə həsr olunmuş dərs vəsaiti və proqramların nəşri məsələsinə də elmi müstəvidən baxmaq zərurəti yaradacaqdır.
Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Mayis Əliyev çıxışında qeyd edib ki, müasir dövrümüzdə təbiətin qorunması, əlverişli ekoloji mühitin yaradılması əhəmiyyətli olduğu kimi, həm də bu sərvətlərdən insanların sosial-rifahının yaxşılaşdırılması, turizm-rekreasiya məqsədilə istifadə olunması da aktual məsələdir. Bunun üçün xüsusi mühafizə olunan təbiət ərazilərinin, əsasən də milli parkların yaradılmasına daha çox üstünlük verilir. Bu gün muxtar respublikada həyata keçirilən ekoloji tədbirlərin əsasında ətraf mühitin qorunması sahəsində fəaliyyətin gücləndirilməsi, milli, regional, beynəlxalq səviyyədə təbii ehtiyatlardan indiki və gələcək nəsillərin maraqlarını təmin etməklə səmərəli istifadə dayanır. Görülən işlərin nəticəsidir ki, beynəlxalq təşkilatlar diyarımızda həyata keçirilən ekoloji tədbirləri yüksək qiymətləndirir, nüfuzlu ekspertlər görülən işləri nümunə kimi qəbul edirlər.
Bildirilib ki, bu gün təqdimatı keçirilən kitab ekoloqlar, təbiət­sevərlər və eyni zamanda bu sahə ilə maraqlanan bütün insanlar üçün əhəmiyyətli mənbədir. Nəşrdə Naxçıvan təbiətinin gözəlliklərinə, eko­turizm potensialına xüsusi yer verilib ki, bu da turizmin təbliğ edilməsi, tanıdılması baxımından mühüm önəmə malikdir.
Tədbirdə AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov çıxış edərək muxtar respublikamızda qorunub saxlanılan flora və fauna növləri haqqında, eləcə də qoruqların, yasaqlıqların önəmi ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib.
Naxçıvan Dövlət Universitetinin Coğrafiya kafedrasının müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Əli ­Həsənov çıxışında yeni nəşrdə yer alan materiallar, onların tələbə və gənclər üçün önəmi barədə danışıb.
Çıxışlar zamanı slaydlar nümayiş olunub. Sonra tədbir iştirakçıları muxtar respublikanın zəngin təbiətindən bəhs edən videoçarxa ­baxıblar.
Sonda Tələbə Turizm Assosiasiyasının hazırladığı guşə ilə tanışlıq olub.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR