23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 5 noyabr 2018-ci il tarixdə elan olunmuş müsabiqədə müvəffəqiyyət qazanan dövlət qulluqçularının dünən Dövlət Bayrağı Muzeyində təntənəli andiçmə mərasimi keçirilib.
Tədbirdə komissiyanın sədri İsmayıl Qəribli çıxış edərək bildirib ki, bütün sahələrdə olduğu kimi, dövlət qulluğu sahəsi də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqəti və qayğısı ilə əhatə olunub. Ali Məclis Sədrinin 2008-ci il 22 aprel tarixli Fərmanı ilə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın yaradılması muxtar respublikada məşğulluq strategiyasının həyata keçirilməsinə öz müsbət töhfəsini verib. Belə ki, komissiya tərəfindən 2011-ci ildən bu günədək keçirilmiş 17 müsabiqədə 5529 namizəd iştirak edib, onlardan 1144-ü müsabiqəni müvəffəqiyyətlə başa vuraraq dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinə təyin olunub. Muxtar respublikanın dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularının 39,6 faizi komissiyanın keçirdiyi müsabiqələrdə uğur qazanıb, müasir dünyagörüşə, qanunvericilik və informasiya texnologiyaları üzrə biliklərə, habelə məntiqi düşüncə qabiliyyətinə malik olan dövlət qulluqçusudur.

Bildirilib ki, daxili işlər, ədliyyə, fövqəladə hallar, vergi, gömrük, miqrasiya və prokurorluq orqanlarında xidmətə qəbul üçün elan edilmiş 38 müsabiqədə 1730 nəfərin iştirakı qeydə alınıb.
Dövlət qulluğunun səmərəli təşkili və idarə olunması məsələlərindən danışan İsmayıl Qəribli diqqətə çatdırıb ki, bu gün muxtar respublikada vətəndaşların dövlət qulluğuna, o cümlədən dövlət qulluğunun xüsusi növünə aid orqanlara müsabiqə və şəffaflıq əsasında işə qəbulu üçün hər cür şərait yaradılıb.
Sonra müsabiqəni uğurla başa vurmuş və dövlət orqanlarında yeni vəzifələrə təyin olunmuş namizədlər Azərbaycan Respublikasına sadiq olacaqlarına, onun Konstitusiyasına dönmədən əməl edəcəklərinə, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına, dövlət qulluğunun onlara verdiyi hüquqları və üzərlərinə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, yalnız qanunauyğun şəkildə və dövlətin mənafeyi naminə həyata keçirəcəklərinə təntənəli surətdə and içiblər.
Komissiyanın sədri dövlət qulluqçularının anda sadiq qalacaqlarına, ümummilli liderimiz Heydər Əliyevin ideyalarına, dövlətə və dövlət­çiliyə sədaqətlə xidmət edəcəklərinə, onlara göstərilən etimadı doğruldacaqlarına əminliyini ifadə edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Andın mətnini imzalayan dövlət qulluqçularına andiçmə vərəqələri təqdim edilib, xatirə şəkli çəkdirilib.
Sonra mərasim iştirakçıları Dövlət Bayrağı Muzeyi ilə tanış olublar.
Xatırladaq ki, müsabiqəyə 305 vakant vəzifə çıxarılmış, həmin vəzifələrin tutulması üçün 583 sənəd təqdim olunmuşdu. Müsabiqənin test imtahanları mərhələsində 570 namizəd iştirak edib, 257 namizəd keçid balını toplaya bilib. Test imtahanında və müsahibə mərhələsində müvəffəqiyyət qazanmış namizədlərdən 99-u vakant vəzifələrə təyin edilib. Onlardan ilk dəfə dövlət qulluğuna qəbul olunmuş 88 nəfər andiçmə mərasimində iştirak edib.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR