23 Dekabr 2024, Bazar ertəsi

Gömrük nəzarəti zamanı narkotik vasitələrin, odlu silahların, partlayıcı qurğuların və müxtəlif qaçaqmalçılıq predmetlərinin aşkar edilməsində kinoloji xidmətin fəaliyyətindən geniş istifadə olunur. Bu məqsədlə muxtar respublika gömrük orqanlarında xidməti itlərin təlimi və xüsusi hazırlığının təşkili diqqətdə saxlanılır.
Qeyd edək ki, əvvəllər sərhəd-keçid məntəqələrinin hər birində instruktor-kinoloqlar fəaliyyət göstərirdisə, indi Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin ayrıca Kinoloji şöbəsi və Kinoloji mərkəzi vardır. Xidməti itlərin təlimi, yetişdirilməsi, kinoloqların seçilməsi, öyrədilməsi, xidməti itlərə baytarlıq nəzarətinin təşkili Naxçıvan Şəhər Gömrük İdarəsinin ərazisindəki Kinoloji mərkəzdə aparılır.
Muxtar respublikamızda ilk dəfə olaraq bu mərkəzdə xidməti itlərdən balaların alınması və yetişdirilməsi işi həyata keçirilir. Əgər əvvəllər gömrük orqanları üçün xaricdən xidməti itlərin alınmasına külli miqdarda vəsait sərf olunurdusa, indi buna ehtiyac yoxdur. Mərkəzdə nəin­ki gömrük işi sahəsində, digər sahələrdə də xidməti itlərin yetişdirilməsi üçün hər cür imkanlar yaradılıb.

Mərkəzdə 10 istiqamət üzrə – narkotika, partlayıcı maddə, silah-sursat, tütün məmulatları, valyuta, sağ qalmış və ya ölmüş insanın axtarışı üzrə xidməti itlər, həmçinin xüsusi əməliyyat, asayiş-patrul və iz-təqib itləri yetişdirilir. Burada müxtəlif təyinatlar üzrə dünyada özünü doğrultmuş “Belçika malinuası” da deyilən Belçika çoban iti və Spaniel kimi it cinsləri vardır. İnstruktor-kinoloqlar həftəlik iş qrafikinə uyğun bölünərək muxtar respublikanın sərhəd-keçid məntəqələrində xidmət aparırlar.
Komitə tərəfindən kinoloqların hazırlıq səviyyəsi və xidməti itlərin axtarış qabiliyyətinin artırılması kimi məsələlər diqqətdə saxlanılır, hər rübdə bir dəfə instruktor-kinoloqların təlimləri təşkil olunur. Cari ildəki ilk təlimdə gömrük orqanlarından 8, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasından 2 kinoloq olmaqla, ümumilikdə, 10 kinoloq öz xidməti iti ilə iştirak edib. Xidməti itlərin 4-ü narkotik vasitələrin, 2-si odlu silahların, 1-i tütün məmulatlarının, 1-i valyutanın axtarışı, 2-si isə silahlı şəxsin zərərsizləşdirilməsi və cinayətkarın tutulması üzrə yetişdirilmiş cins itlər olub. Təlimdə əvvəlcə xidməti itlərin “gözlə” komandası veriləndən sonra növbəti komandaya qədər olduqları yerdə qalmaları yoxlanılıb. Xidməti itlər sınaqdan uğurla çıxıb. İtaət hərəkətləri çərçivəsində xidməti itlər digər komandaları da dəqiq və qüsursuz yerinə yetiriblər. Kinoloji şöbənin balansında olan itlərdən alınmış və xidmətə yararlılığı müəyyənləşdirilmiş bala itlərin təliminin bəzi mərhələlərinin nümayişi də maraqla qarşılanıb.
Təlim çərçivəsində narkotik axtarışı üzrə yetişdirilmiş itlərin qapalı məkanlarda, eləcə də gömrük anbarlarında axtarış qabiliyyətləri yoxlanılıb. “Super burun” adlandırılan dedektor itlər əvvəlcədən müxtəlif yerlərdə gizlədilmiş narkotik vasitəni, odlu silahı, siqaret və valyutanı qısa vaxtda və məharətlə aşkarlayıblar. Məqsədinə çatmış xidməti itin reaksiyaya uyğun oturub səssiz qalması və kinoloqun əlini qaldırması axtarışın uğurla nəticələndiyinin göstəricisi olub.
Gömrük orqanlarının Kinoloji mərkəzində “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadası üçün silahlı şəxsin və hadisə yerindən qaçan cinayətkarın zərərsizləşdirilməsi üzrə yetişdirilən Belçika qurdu irqindən olan xüsusi əməliyyat itlərinin də hazırlıq səviyyəsi təqdirəlayiq sayılıb. Əsas məqsəd silahlı şəxsin zərərsizləşdirilməsindən ibarət olduğundan təlimlər üç istiqamət üzrə xüsusi ssenari əsasında təşkil edilib. Kinoloqlar xidməti itlərin köməyi ilə şərti qaydada müəyyənləşdirilmiş silahlı şəxsi qısa vaxt ərzində zərərsizləşdirməyə müvəffəq olublar. Qeyd edək ki, “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının iki kinoloqu mart ayının əvvəllərindən təlimlərə cəlb edilib.
Yeri gəlmişkən, bu istiqamət üzrə xidməti itlər elə yetişdirilir ki, onlar silah-sursat və partlayış səslərindən, yanğından qorxmur, xüsusi əməliyyat şəraitinə adaptasiya olunurlar. Xüsusi əməliyyat iti bir anda silahlı şəxsin üstünə cumaraq onun qolundan yapışır və silahdan istifadəsini çətinləşdirir.
Təlimin yekunu olaraq kinoloqların hazırlıq səviyyəsi yüksək qiymətləndirilib, gömrük orqanlarında kinoloji işin keyfiyyətinin daha da artırılması, müxtəlif istiqamətlər üzrə yeni xidməti itlərin hazırlanması qərara alınıb.

Naxçıvan Muxtar Respublikası
Dövlət Gömrük Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR