Xəbər verdiyimiz kimi, Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi vəzifəsini icra edən Alessandro Frakassetti aprelin 16-17-də Naxçıvan Muxtar Respublikasında səfərdə olublar. Qonaqlar “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Kətə” festivalında, Naxçıvan Biznes Mərkəzində Avropa İttifaqının maliyyələşdirdiyi “Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” layihəsinin açılış konfransında, Şahbuz rayonunun Kükü və Ağbulaq kəndlərində turist qəbul edəcək hostellərin təqdimatında iştirak edib, Naxçıvan Dövlət Universitetində olublar. Qonaqlar “Şərq qapısı” qəzetinə müsahibələrində səfərin məqsədi və təəssüratları barədə danışıblar:
Kestutis Yankauskas: – Bu, mənim Naxçıvana dördüncü səfərimdir. Ötən il “Avropa günləri”ndə də Naxçıvana gəlmişdim. Bu dəfə keçirilən “Kətə” festivalı, Naxçıvanın gəncliyi məndə dərin təəssürat yaratdı. Düşünürəm ki, bu torpağın tarixi zənginliyi qədər gənc potensialı da vardır. Odur ki, Naxçıvanda hər hansı bir yeni layihə üçün də geniş imkanlar olduğunu deyə bilərəm. Bu layihəmiz isə çox ciddi məzmunludur. Xüsusən qadınlar arasında yeni ideya sahibi olub, bizneslə məşğul olmaq istəyənlərə dəstək göstərmək, onların özünü təsdiqetmə qabiliyyətini üzə çıxarmaq baxımından bu layihənin əhəmiyyəti böyükdür. Çünki qadınlar əhalinin sayca əsas hissəsini təşkil etməklə, həm də cəmiyyətin aparıcı qüvvəsi olma imkanına malikdir. Onlar digər sahələrdə olduğu kimi, biznesdə və menecmentdə də özlərini sübut etməyə çalışırlar. Bunun üçün bizim layihə tərəfdaşlarımız onlara necə başlamaq haqqında lazımi köməklik göstərəcək.
Biz müxtəlif yerlərdə, ucqar dağ kəndlərində olduq, əhali ilə görüşdük, buradakı iş və yeni biznes imkanları ilə maraqlandıq. Gəldiyimiz nəticə isə o oldu ki, Azərbaycan neft ölkəsi olmaqla yanaşı, həm də kiçik biznesin inkişafı üçün ideal məkandır.
Alessandro Frakassetti: – Bu, mənim Naxçıvana ilk səfərimdir. Burada istehsal olunan çox sayda yerli məhsullar, ailə təsərrüfatları mənim diqqətimi çəkdi. Qadınların səlahiyyətləndirilməsi üzrə başladığımız layihənin uğuruna çox ümid edirik. Biznes qurmaq istəyən qadınların maliyyə savadlılığının artırılması istiqamətində görülən işlər öz bəhrəsini verəcək. Bu sahədə qazandığımız təcrübənin Naxçıvanda da tətbiq olunması üçün yaxşı imkanlar vardır. Burada bizə verilən dəstək və eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən qadınlar üçün yaradılan şərait bunu deməyə əsas verir. Xüsusən Naxçıvanın dağ kəndlərində turizmlə məşğul olmaq istəyən və bunun üçün müəyyən təcrübəsi olanlara layihənin fayda verəcəyinə inanıram.
Əli CABBAROV