23 Dekabr 2024, Bazar ertəsi

Beş minillik tarixə malik olan Naxçıvan,
İşğal təhlükəsiylə üzləşib zaman-zaman.
Qoruyubdur igidlər şəhərini, kəndini,
Əlimizdən getməyib torpağımız, daşımız,
Daşlara həkk olunub möhtəşəm yaddaşımız.

 

Otuz ilə yaxındır müstəqildir, azaddır,
Qartala həyat verən böyük qoldur, qanaddır.
Təntənəli sürətdə qeyd olunur ad günü,
Doxsan beşi adlayır muxtariyyət yaşımız,
Daşlara həkk olunub möhtəşəm yaddaşımız.

Bu torpağa bir vaxtlar dəyib Nuhun qədəmi,
Onunçün Haçadağı haçalayıbdır gəmi.
Təsdiqini tapıbdır neçə illərdən sonra,
Araşdırıb öyrənib elmi əməkdaşımız,
Daşlara həkk olunub möhtəşəm yaddaşımız.

Əlincə mübarizdir, Gülüstansa möhtəşəm,
Bərpadan sonra onlar alıblar yeni görkəm.
Düşmən bu gözəlliyə hiyləgərcə yanaşıb,
Rəğbətlə alqışlayıb dostumuz, qardaşımız,
Daşlara həkk olunub möhtəşəm yaddaşımız.

Möminə xatın qadın ismətinə qiymətdir,
İmamzadə türbəsi məsuma məhəbbətdir.
Yurdumun hər yerində abidələr iz salıb,
Qədimliklə yanaşı səsləşir çağdaşımız,
Daşlara həkk olunub möhtəşəm yaddaşımız.

Dövlətçilik simvolu sayılır Xan sarayı,
Əshabi-Kəhf and yeri, məzlumların harayı.
Gəmiqaya rəsmləri qədim həyat tərzidir,
Saymaqla tükənməyir tarixi sirdaşımız,
Daşlara həkk olunub möhtəşəm yaddaşımız.

Sədərək alınmaz qala, qəhrəmanlıq dastanı,
Dillərdə əzbər olub oğulların ad-sanı.
Günnütdən sonra zəfər Kərkidə çalınacaq,
Qələbə qabaqdadır, bitməyib savaşımız,
Daşlara həkk olunub möhtəşəm yaddaşımız.

Qızıldan qiymətlidir bu torpağın sərvəti,
Badamlının, Sirabın dünyada çox şöhrəti.
Yer altında gizlənib xeyli ləl-cəvahiri,
Muzeylərdə qorunur mənəvi daş-qaşımız,
Daşlara həkk olunub möhtəşəm yaddaşımız.

Açıq səma altında bir muzeydir Naxçıvan,
Əsrlərdir bu yurdda ayaq saxlayıb karvan.
Duzdağın nemətləri gəzib bütün dünyanı,
Heyran edib qonağı səhəngimiz, kaşımız,
Daşlara həkk olunub möhtəşəm yaddaşımız.

Bərqərar edilibdir sabit, əmin-amanlıq,
Yaxşı yaşam naminə qurulub güzəranlıq.
Günü-gündən dəyişir kəndimiz, şəhərimiz,
Yaraşıqlı görkəmin alıbdır dam-daşımız,
Daşlara həkk olunub möhtəşəm yaddaşımız.

Aparılan siyasət göstərir bəhrəsini,
Düşmən qıla bilməyir başının çarəsini.
Dünyaya agah olub qüvvətimiz, gücümüz,
Günü-gündən çoxalır yaxın tərəfdaşımız,
Daşlara həkk olunub möhtəşəm yaddaşımız.

Naxçıvanda böyüyür quruculuq, inkişaf,
Çoxu paxıllığından bunu etmir etiraf.
Gündəmə gəlmək üçün səhv yola əl atırlar,
Görünür hələ vardır siyasətdə naşımız,
Daşlara həkk olunub möhtəşəm yaddaşımız.

Nail ƏSGƏROV
Bu şeir “Muxtariyyətin quruculuq, inkişaf və sabitlik dövrü” mövzusunda yaradıcılıq müsabiqəsinə
təqdim etmək üçündür.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR