Bu il dünya şöhrətli alim-oftalmoloq Zərifə xanım Əliyevanın əbədiyyətə qovuşmasının 34-cü ildönümüdür. Lakin görkəmli alimin 62 illik parlaq ömür yolu bu təqvim çərçivəsinə sığmayaraq xeyirxah əməlləri sayəsində ölməzlik qazanmışdır.
Akademik Zərifə xanım Əliyeva mənalı və zəngin həyat yolu keçmişdir. O, qədim Naxçıvan diyarında, adlı-sanlı ziyalıların vətəni olan Şahtaxtı kəndində, görkəmli alim və siyasi xadim Əziz Əliyevin ocağında dünyaya göz açmışdır. Uşaqlıq və ilk gənclik illəri Şahtaxtıda keçən Zərifə Əliyeva bu kəndin maarifçi mühitinin işıqlı ənənələrindən faydalanmışdır.
Zərifə xanım 1942-ci ildə Bakı şəhərində orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra oftalmoloq ixtisasını seçmişdi. Buna görə də sonra Moskvaya getmiş və orada Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda məşhur alimlərin iş təcrübəsi ilə tanış olmuş, praktik vərdişlərə yiyələnmiş, oftalmoloq ixtisası üzrə mütəxəssis kimi təkmilləşmiş, iki ildən sonra Vətənə qayıtmışdır. 1949-cu ildən etibarən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlamışdır. Bununla da onun elmi axtarışlarının, gələcək müvəffəqiyyətlərinin təməli qoyulmuşdur. O, fəaliyyət göstərdiyi Göz Xəstəlikləri İnstitutunun aspiranturasına daxil olmuş, elmi axtarışları dövründə özünə rahat yollar seçməyərək Vətənə, xalqa xeyir verə biləcək ən çətin sahələrdə əzm və iradə ilə çalışmışdır.
Ötən əsrin ortalarında Azərbaycanda traxoma xəstəliyi ocaqları genişlənir, ən çox uşaq müəssisələrini, məktəbləri əhatə edirdi. 1948-ci ildə Naxçıvan Muxtar Respublikasında 7 min nəfər traxomaya yoluxmuşdu. Onlardan 2 mindən çoxu uşaqlar idi. Yaşlıları, o cümlədən uşaqları görmə qabiliyyətinin itirilməsi kimi əzablı dövr gözləyirdi. Belə bir acınacaqlı vəziyyət tək Naxçıvan Muxtar Respublikasında yox, bütün Azərbaycanda ciddi həyəcan siqnalının çalınmasına əsas yaratmışdı. Moskva Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda təhsilini başa vuran gənc Zərifə xanım 1949-cu ildə Naxçıvanda traxomaya qarşı mübarizəyə həsr edilmiş səyyar seminarlarda iştirak etmiş, bu sahədə əldə etdiyi elmi və praktik nailiyyətlərin tətbiqinə nail olmuşdu. Gənc alim 1960-cı ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomitsinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdi. Həmin illərdə Oftalmologiya Elmi-Tədqiqat İnstitutunda böyük elmi işçi vəzifəsində çalışan Zərifə xanım 1967-ci ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunmuşdur.
Zərifə xanım Əliyeva “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində – Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdi. Alim-oftalmoloqların yüksək qiymətini almış dissertasiya işi oftalmologiyanın bu sahəsində ozamankı Sovetlər Birliyi məkanında ilk işlərdən idi. 1977-ci ildə Zərifə xanım Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmiş və o, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilmişdir.
Çətinliklərdən qorxmayan, hər zaman ən mürəkkəb problemlərin həllinə cəhd göstərən görkəmli alim tədqiqatlarını rahat kabinetlərdə aparmırdı. O, Azərbaycanın rayonlarını kəndbəkənd gəzir, insanları maarifləndirirdi. O vaxtlar Zərifə xanım Əliyevaya dünya şöhrəti gətirən görmə orqanının fiziologiyası və peşə patologiyası laboratoriyası Elmi-Tədqiqat İnstitutunda yox, məhz istehsal müəssisəsində – Bakı Məişət Kondisionerləri Zavodunda yaradılmışdı.
1981-ci ildə ölkəmizin tibb elmi, səhiyyə sistemi tarixində son dərəcə mühüm bir hadisə baş vermişdir. Moskvadan alınan xəbərdə qeyd edilirdi ki, Azərbaycan alimi Zərifə Əziz qızı Əliyeva görmə orqanının peşə patologiyası sahəsində apardığı silsilə elmi-tədqiqat işlərinin dəyərli nəticələrinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür.
Zərifə xanım Əliyeva 1982-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasının müdiri olmuş, 1983-cü ildə nəzəri və təcrübi təbabətdə qazandığı müvəffəqiyyətlərə, alınan elmi nəticələrinin səhiyyə praktikasında geniş tətbiqinə, yüksəkixtisaslı tibb kadrlarının hazırlanması yolunda göstərdiyi dəyərli xidmətlərə görə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. O, Azərbaycan oftalmoloqları arasında Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş ilk alimdir.
Zərifə xanımın elmi fəaliyyətini yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev demişdir: “Zərifə xanımın tibb elmi sahəsində xidmətlərindən biri də göz müalicəsi, tədqiqatı idi. Mənə belə gəlir ki, onun iki dəyərli irsi vardır. Birincisi, Azərbaycanda ilk dəfə deontologiyanı bir elm kimi meydana atıbdır. İkincisi, Zərifə xanım çalışıb ki, bizim gələcək nəsilləri irsi xəstəlikdən xilas etsin, sağlamlaşdırsın”.
Zərifə xanımın elmi-tədqiqat işlərinin mövzu dairəsi çoxşaxəli və genişdir. O, görmə orqanlarının virusla zədələnməsinə, bu səpkidə aparılan müalicə-profilaktika tədbirlərinə silsilə işlər həsr etmişdir. Onun “Herpetik göz xəstəliyi”, “Ağır virus konyunktivitləri” və sair əsərləri bu qəbildəndir.
Akademik Zərifə Əliyeva çoxsaylı elmi əsərlərin, monoqrafiya, səmərələşdirici təklif və dərs vəsaitlərinin müəllifi olmuşdur. Görkəmli alim gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli həkim-oftalmoloqların, professional elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərmişdir. O, onlarca elmlər doktoru və elmlər namizədinin elmi məsləhətçisi və elmi rəhbəri olmuş, böyük bir elmi məktəb yaratmışdır. Təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da görkəmli alim kimi tanınan Zərifə Əliyeva oftalmologiya elmində əldə etdiyi nailiyyətlərə, xalqımızın sağlamlığı keşiyində dayanan çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində göstərdiyi əvəzsiz xidmətlərinə görə “Azərbaycanın Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.
Zərifə xanım mətbuatda həkim etikası problemlərinə dair maraqlı məqalələr dərc etdirmişdir. Həmin məqalələrdən birində o yazırdı: “Əsl həkim yalnız o şəxsdir ki, xəstənin əzablarını öz əzabları bilir və onun üçün sağalıb evinə qayıtmış insanın təbəssümü ən yüksək mükafatdır. Vicdan əsas hakiminizdir. Ən çətin məqamda və ən xoş saatımızda o, bizimlə üzbəüz dayanıb soruşacaq: Sənin ağ xalat geyinməyə haqqın varmı?”
Zərifə xanımın çoxistiqamətli elmi yaradıcılığı 12 monoqrafiya, dərslik və dərs vəsaitlərində, 160-dan çox elmi işdə, bir ixtira və 18 səmərələşdirici təklifdə öz əksini tapmışdır. Böyük alimin bütün mənalı ömrü boyu yaratdığı, lakin heç yerdə çap olunmayan bir kitabı da var: bu, heç bir dərsliyə, yaxud monoqrafiyaya sığmayan Zərifə xanım Əliyevanın həyat kitabıdır.
Zərifə xanım Əliyeva yaşadığı ömrə təkcə yaxşı həkim olmağı sığdırmamışdır. O heç kəsin dərdinə biganə qalmayan qayğıkeş İnsan, vəfalı ömür-gün yoldaşı, mehriban ana idi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Zərifə xanım əsl ana, vəfalı ömür-gün yoldaşı, ailəsinə qəlbdən bağlı olan insan idi. Ailə əsrlərboyu Azərbaycanda böyük mənəvi dayaq rolunu oynamışdır. Dəyanətli şəxsiyyət və dərin zəka sahibi olan Zərifə xanım ümummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı kimi bu çətin, lakin şərəfli missiyanı da layiqincə yerinə yetirən, ulu öndərə etibarlı mənəvi dayaq olan Şəxsiyyət və Ana idi. Bir-birini heyrətamiz şəkildə tamamlayan bu iki parlaq şəxsiyyətin ailə həyatı müasir Azərbaycan cəmiyyəti üçün bir nümunə, milli dəyərlərimizə sədaqətin nadir örnəyidir. Akademik Zərifə xanım Əliyeva Azərbaycana Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, dünya siyasətində öz nüfuzu və yeri olan İlham Əliyev kimi milli lider bəxş edən Ana kimi də unudulmazdır. Azərbaycan Prezidentinin ölkə səhiyyəsinə və elminə qayğısı, Azərbaycan xalqının sağlamlığının qorunması yolunda gördüyü işlər, ümumiyyətlə, ölkədə həyata keçirilən sosialyönümlü siyasət ulu öndərin müəyyən etdiyi siyasi xəttin uğurla davam etdirilməsinin parlaq təzahürüdür”.
Akademik Zərifə xanım Əliyeva 1985-ci il aprel ayının 15-də əbədiyyətə qovuşmuşdur. İllər bir-birini əvəz etsə də, əvəzolunmaz alimin əziz xatirəsi daim ehtiramla yad olunur. İndi onlarla məktəb, xəstəxana, poliklinika, bağ və parklar, küçələr akademik Zərifə xanım Əliyevanın adını daşıyır. Naxçıvanlı müəlliflərin birgə zəhmətinin bəhrəsi olan və bu yaxınlarda işıq üzü görmüş “Tibb işçilərinin masaüstü kitabı” da akademik Zərifə xanım Əliyevanın 95 illik yubileyinə həsr edilib. Onun xatirəsinə ucaldılan büst və abidələr görkəmli alimə və əsl İnsana olan ehtiramın və məhəbbətin tükənməz təzahürüdür. Akademik Zərifə xanım Əliyeva irsi həm bu günümüz, həm də gələcəyimiz üçün tükənməz, təkrarsız bir örnəkdir.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti