1-4 aprel tarixlərdə Strasburqda Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 36-cı Sessiyası keçirilmişdir. Avropa Şurasına daxil olan 47 üzv dövlətin 324 təmsilçisinin qatıldığı 36-cı sessiyası bu dəfə “Merlər: demokratiyanın mühafizəçiləri” devizi altında keçirilmişdir. Sessiyada İspaniyanın Ərazi məsələləri üzrə dövlət katibi İqnasio Sançes Amorun iştirakı ilə müzakirələr təşkil olunmuşdur. Sessiya Finlandiyanın Avropa Şurasında sədrliyi dövründə keçirildiyindən müzakirələrdə həmin ölkənin nəqliyyat və kommunikasiya nazirinin iştirakı ilə bağlı dinləmələr təşkil olunmuş, plenar iclasların gedişində Avropa Şurasının Baş katibi Türbyörn Yaqland və AŞPA-nın sədri Lilyan Mori Paskye də müzakirələrə qatılaraq konqres üzvlərinin suallarını cavablandırmışlar.
Konqresin 36-cı Sessiyasının gündəliyində, həmçinin “Avropa Şurasının gələcəyi ilə bağlı: Konqresin rolu və qatqısı (Helsinki prosesi)”, “Yerli və regional səviyyədə açıq hökumət, gənc əhalinin sosial hüquqları: yerli və regional hakimiyyətlərin rolu”, “Yerli və regional hakimiyyətlərin öz strukturlarının maliyyələşməsində səlahiyyətləri haqqında” və bir sıra digər məsələlər müzakirə olunaraq müvafiq tövsiyə və qətnamələr qəbul olunmuşdur. Ənənəvi olaraq bu sessiyada da bir sıra ölkələrdə keçirilən seçkilərin nəticələri, həmçinin ayrı-ayrı üzv dövlətlərdə yerli və regional demokratiyanın vəziyyəti müzakirə edilmişdir.
Konqresin 36-cı Sessiyasının işində iştirak edən Azərbaycan nümayəndə heyəti komitələrdə, palataların iclaslarında və plenar sessiyadakı müzakirələrdə fəal iştirak etmişdir. Plenar sessiyada “Gənc əhalinin sosial hüquqları: yerli və regional hakimiyyətlərin rolu” adlı sənədə dair müzakirələrdə nümayəndə heyətinin üzvü, Kəngərli rayonu Qıvraq Bələdiyyəsinin üzvü Rauf Əliyev çıxış edərək qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Qıvraq Bələdiyyəsini təmsil etməklə yanaşı, müəllim kimi təhsil sektoru ilə, bilavasitə gəncliklə sıx təmasda olan insan kimi Naxçıvandakı təcrübədən bəhs etmək istəyir. Rauf Əliyev bildirmişdir ki, muxtar respublika əhalisinin üçdə ikisi gənclərdir və bu da həyata keçirilən siyasətdə gənclik faktorunu daim nəzərə alınmasını aktual edir. Ümumilikdə, muxtar respublika, eləcə də yerli büdcədə sosialyönümlü xərclər üstünlük təşkil edir, xərclərin daxilində gəncliklə bağlı siyasətə əhəmiyyətli sərmayələr qoyulur. Gəncliyin işsizlik probleminin həlli, məşğulluğunun təmin edilməsi, keyfiyyətli və müasir təhsil resurslarına çıxış imkanlarının yaradılması, sağlam gəncliyin yetişməsi üçün ardıcıl tədbirlərin, o cümlədən dövlət hesabına sağlamlıq və idman infrastrukturunun yerlərdə əhatəliliyinin və şəbəkəsinin yaradılması diqqət mərkəzindədir. Vurğulanmışdır ki, muxtar respublikada aparılan gənclik siyasətində sosial haqların nəzərə alınması qazanılan uğurların əsas səbəbidir.
Nümayəndə heyətinin üzvü Samirə Hüseynova AŞPA prezidentinə sual ünvanlamışdır. O, AŞPA prezidentinin bir həftə öncə İrəvanda səfərdə olmasını diqqətə çatdırmış və bu zaman Ermənistan rəhbərliyinə Avropa Şurası qarşısında münaqişənin sülh yolu ilə həllinə dair öhdəliyi xatırlatmamasının səbəbini soruşmuş, eləcə də bu sahədə hər hansı bir irəliləyişin olmadığını şərh etməyi xahiş etmişdir.
“Şərq qapısı”