Muxtar respublikamızda təhsil dövlət qayğısı ilə əhatə olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin infrastrukturu yenilənmiş, şagirdlərin təhsil alması üçün zəruri şərait yaradılmışdır. Bununla yanaşı, təhsil müəssisələrinin kitabxana fondları zənginləşdirilmiş, elektron kataloq yaradılmış, kitabxanalara 3 milyona yaxın dərslik, 600 mindən çox latın qrafikası ilə çap olunmuş bədii ədəbiyyat verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə tariximiz, mədəniyyətimiz və milli kimliyimiz haqqında dolğun məlumat verən, gənc nəslin həyat yolunun müəyyənləşdirilməsinə və dünyagörüşünün artırılmasına xidmət edən “Oxunması zəruri olan kitabların Siyahısı” təsdiq olunmuşdur. Ötən dövrdə həmin kitabların nəşr olunaraq bütün ümumtəhsil məktəblərinin kitabxanalarına verilməsi, oxunması zəruri olan kitablardan ibarət guşələrin yaradılması şagirdlərin mütaliə mədəniyyətinin formalaşmasında mühüm mərhələ kimi dəyərləndirilməlidir. Sərəncamdan ötən dövrdə gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın formalaşdırılmasına xidmət göstərən yaradıcılıq nümunəsi olması nəzərə alınaraq Xalq yazıçısı Elçin Əfəndiyevin “Baş” romanı, publisist-politoloq Reyhan Mirzəzadənin “A.S.Qriboyedov: şair-diplomat” əsəri və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu tərəfindən hazırlanmış “Pedaqoji fikir tarixindən” kitabı da oxunması zəruri olan kitabların siyahısına əlavə edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına uyğun olaraq yeni nəşr olunmuş “Pedaqoji fikir tarixindən” kitabı muxtar respublikanın bütün ümumtəhsil məktəblərinin kitabxanalarına və pedaqoji heyətinə hədiyyə edilmişdir.
Azərbaycan pedaqoji fikri zəngin və çoxşaxəli inkişaf yolu keçmişdir. Tarixin müxtəlif dövrlərində yaşayıb fəaliyyət göstərmiş böyük mütəfəkkirlər, maarifçilər, müəllimlər, şair və yazıçılar pedaqoji fikir tariximizi öz dəyərli əsərləri ilə daha da zənginləşdirmişlər. Onların əsərləri, təlim-tərbiyə və təhsillə bağlı fikirləri bu gün də aktuallığını qoruyub saxlayır, tədrisin təşkilində əsas istiqamət kimi götürülür. “Pedaqoji fikir tarixindən” kitabında da Azərbaycan və dünya pedaqoji fikrinin ən zəruri və dəyərli nümunələri seçilərək toplu halında oxuculara çatdırılmışdır.
Kitab həm gənclər, həm də onların təlim-tərbiyəsi ilə məşğul olan müəllimlər üçün çox dəyərli vəsaitdir. Kitabda ayrı-ayrı görkəmli maarifpərvər şəxsiyyətlərin, elm xadimlərinin, pedaqoqların pedaqoji görüşləri, təhsil məsələləri haqqında dəyərli fikirləri öz əksini tapıb. Kitab müəllimlərin pеdаqоji pеşəyə hаzırlаnmаlаrında, ümumi pеdаqоji görüşlərinin dаhа dа inkişaf etdirilməsində, tаriхən inkişаf еtmiş Azərbaycan məktəb və pеdаqоji irsinin öyrənilməsində böyük əhəmiyyət kəsb edir. Eyni zamanda görkəmli şəxsiyyətlərin elm və təhsillə bağlı dəyərli fikirləri müəllimlərin müxtəlif tarixi dövrlərdə təhsilin və məktəbin prоblеmləri ilə tanış olmasına imkan verir.
Bu günün nailiyyətləri keçmişdən qidalanır, ondan qüvvət alır. Böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin müdrikcəsinə deyilmiş fikri bunu təsdiq edir: “Biz tariximizi ona görə öyrənirik ki, gələcəkdə səhvlər etməyək”. Bu mənada, qeyd etmək yerinə düşər ki, məktəbin və pedaqoji fikrin keçmişini öyrənmək daha mühüm bir missiyaya – onun gələcək perspektivlərini müəyyənləşdirməyə hesablanıb. Bu gün təhsil müəssisələrində təlim-tərbiyə prosesinin təşkilində əsas vasitə kimi götürülməsi bu cəhətdən “Pedaqoji fikir tarixindən” kitabının əhəmiyyətini və dəyərini artıran digər bir amildir.
Kitab “ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə yazdığı məktub”la başlayır. Bu məktub həcminə görə qısa olmasına baxmayaraq, çox mühüm məqamları özündə birləşdirən və düzgün seçilmiş bir əsərdir. Həmin məktub sanki Avraam Linkolnun deyil, bütün valideynlər adından müəllimlərə bir müraciətdir. Məktubdakı cümlələrin hər biri bu günün müəlliminə sanki yol göstərir, onun üzərinə müəyyən mənəvi vəzifə qoyur.
Rus pedaqoji fikir tarixinin görkəmli nümayəndələri Uşinskinin, Çernyayevskinin, Suxomlinskinin ömür yolu, onların təlim-tərbiyəyə, müəllimə dair dəyərli fikirləri müasir təhsil sistemində istinad olunan qiymətli mənbələrdir. Publisist-politoloq Reyhan Mirzəzadənin “Uşinskinin, Çernyayevskinin, Suxomlinskinin əziz xatirəsinə” elmi-publisistik məqaləsində qeyd olunduğu kimi, Uşinski müəllimə yüksək qiymət verərək deyirdi: “Müəllimi heç bir kitab və dərsliklə, təlimin heç bir ən yeni vasitələri ilə əvəz etmək olmaz, çünki biliklə yanaşı, o, uşaqlara öz ruhunun, ürəyinin bir parçasını verir, onların mənəvi inkişafını yönləndirir”. Müəllimin fəaliyyəti barədə düşünərkən Uşinski həm də bu nəticəyə gəlirdi ki, “Heç də hər adam müəllim ola bilməz. Bunun üçün müəllim olmaq istəyi yetərsizdir, üstəlik, müəyyən keyfiyyətlərə malik olmalısan”. “Onlara yüz il bundan əvvəl də ehtiyac olub, yüz il bundan sonra da ehtiyac olacaq. Çünki onlar əvəzsizdir, yeri görünəndir. Bu, gözəl fikirdir. “Müəllim bəşəriyyətin xilaskarıdır”. Öz xilaskarına isə bəşəriyyət hər zaman borcludur, qərinələr, əsrlər ötsə belə...”
Müəllifin “Pedaqogikada misligörünməmiş təcrübə” məqaləsi isə həm əhatə etdiyi və toxunduğu məsələlər, həm də görkəmli mütəfəkkirlərin ortaya qoyduğu tələblər baxımından pedaqoji fikir tarixində bir yenilikdir. Mustafa Kamal Atatürkün “Millətləri yalnız və yalnız müəllimləri xilas edə bilər”, Makarenkonun “Məktəb dövlət təşkilatıdır, ailə isə məişət təşkilatıdır, ona görə məktəb, dövlət tərbiyəsinin müvəkkili kimi, ailə tərbiyəsinə təsir etməlidir” fikirləri cəmiyyətin inkişafının yalnız təhsillə bağlı olduğunu təsdiq etməklə, eyni zamanda müəllim peşəsinin dəyərini artırır.
Maksim Qorkinin “Mən necə öyrənirdim”, “Oxumaq lazımdır”, “Mən necə oxumuşam” əsərləri görkəmli mütəfəkkirin həyatından yola çıxılaraq pedaqoji fikir tarixində yeni bir mərhələnin əsasını təşkil edir.
“Pedaqoji fikir tarixindən” kitabında görkəmli şəxsiyyətlərimiz, maarifpərvər ziyalılarımız – Cəlil Məmmədquluzadənin, Məhəmməd Tağı Sidqinin, Nəriman Nərimanovun, Hüseyn Cavidin, Eynəli bəy Sultanovun, Məhəmməd ağa Şahtaxtlının, Məmməd Səid Ordubadinin əsərlərindən elm, təhsil, tərbiyə ilə bağlı seçmələr də yer almışdır. Təqdim olunmuş əsərlər, nəsihətlər yeniyetmələri mütaliəyə, elm öyrənməyə həvəsləndirir, kitabların əhəmiyyətini onlara izah edir, təlimin mahiyyəti, prinsipləri, yenitipli məktəblərin və müəllimlərin formalaşdırılması, müəllim-şagird münasibətləri barədə düşüncələri müfəssəl şəkildə əks etdirir, nəsihətlərin insan həyatının ən müxtəlif sahələrində onun köməyinə çatdığını, ona düzgün yol göstərdiyini izah edir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Naxçıvanda təhsilin, ümumiyyətlə, mədəniyyətin inkişafında mütəfəkkir Məhəmməd Tağı Sidqinin böyük rolu olmuşdur”. Kitabda Sidqinin elmi-pedaqoji fəaliyyətinə, Xalq müəlliminin təlim-tərbiyə ilə bağlı fikirlərinə geniş yer verilib. Heç şübhəsiz ki, Məhəmməd Tağı Sidqinin Naxçıvandan başlatdığı maarifçilik hərəkatı, açdığı yeni üsullu məktəblər xalqımızın bütöv bir ziyalı nəslini yetirib. Kitabda əsərlərinə yer verilən Azərbaycan romantik dramaturgiyasının banisi Hüseyn Cavid, tarixi roman janrının banisi Məmməd Səid Ordubadi də məhz Məhəmməd Tağı Sidqinin təsis etdiyi “Ulduz” və “Tərbiyə” məktəblərinin yetirmələridir. Maarifpərvər ziyalı kimi qızların təhsil almasını çox vacib sayan Sidqi 1896-cı ildə “Qız məktəbi”ni təsis etməklə, əslində, bugünkü tədris sistemi üçün də aktual olan bir məsələni – qızların təhsil almasını gündəmə gətirmişdir. Elə buna görədir ki, o, pedaqoji görüşlərində məktəbi “cəhalət dərdinin dərmanı”, müəllimi isə “cəhalət bağının bağbanı” kimi dəyərləndirərək deyib: “Məktəb nədir? – Məktəb bizim elm və maarifimizin vasitəsi, dünya və axirətimizin səadətinin səbəbidir. Elm və ədəb bir xəzinəyə bənzər ki, onun kilidi məktəbdir. Bizi nadanlıq zülmətindən qurtarıb mərifət nuruna yetirən məktəbdir... Məktəb cəhalət dərdinin dərmanı və mərifət bağının xiyabanıdır”.
Böyük pedaqoqun “Nümuneyi-əxlaq” əsərini mütaliə edərkən bir daha aydın olur ki, Sidqi məktəbə nur, işıq mənbəyi kimi baxıb, əsl səadəti məktəbdə, xalqın təhsillənməsində axtarıb. O, “Nümuneyi-əxlaq” dərsliyində şagirdlərinə aşağıdakı kimi səslənir: “Ey mənim cəsur şagirdlərim!”, “Ey mənim xoşəxlaq şagirdlərim!”, “Ey mənim təmkinli şagirdlərim!”, “Ey mənim zirək və huşyar şagirdlərim!”, “Ey mənim doğruçu şagirdlərim!”, “Ey mənim qeyrətli şagirdlərim!” Bu yanaşmalarla Sidqi şagirdlərə cəsur, əxlaqlı, təmkinli, qeyrətli olmağı öyrədir, ən əsası isə pedaqoji ustalıqdan məharətlə istifadə edərək onların düşüncəsində əsl müəllim, ziyalı obrazı formalaşdırır.
Xurafatı öz “Maarif” işığı ilə qamçılayan, xalqı cəhalətdən qurtulub elmə, təhsilə səsləyən Cəlil Məmmədquluzadə, “Millətin fəqir və zəlalətinə əsasən səbəb onun əqil və mənəviyyatının fəqir və nöqsanıdır”, – deyən Nəriman Nərimanov, XIX əsrin sonu, XX əsrin əvvəllərində Naxçıvanda maarifin vəziyyəti ilə bağlı ürəkağrısı ilə qələm çalan, dünyəvi məktəb və müəllim çatışmazlığından gileylənən, “Dünyəvi və müasir məktəb necə olmalıdır?” sualını dolğun cavablandıran Hüseyn Cavid, “Bir millətin ki, bilikli ədibi olmadı, heç olmamağı ondan məsləhətdir” fikirləri ilə maariflənmənin əhəmiyyətini vurğulayan Eynəli bəy Sultanov, yaşadığı dövrdə müsəlmanların məktəb həyatının çətinliklərini, məhrumiyyətlərini önə çəkən maarifçi Məhəmməd ağa Şahtaxtlı, təlim-tərbiyə prosesində ana dili məsələsini qaldıran Məmməd Səid Ordubadi yaradıcılığından seçmələr kitabın pedaqoji fikir tarixinin ən bitkin və ibrətamiz nümunəsi kimi keçmişi bu günümüzə daşıyır, gələcəyimizə yön verərək cəmiyyətin tərəqqisinin elm və təhsildə olduğunu göstərir.
Maarifpərvər ziyalıların nəsihətlərini pedaqoji təfəkkür süzgəcindən keçirib müasir gəncliyin tərbiyəsində istifadə etmək və məktəb təcrübəsinə gətirmək, müəllimləri istiqamətləndirmək təhsil müəssisələrinin qarşısında duran vacib məsələlərdəndir. Çünki keçmişin mütərəqqi irsini sintez etmədən yeni pedaqoji düşüncə formalaşdırmaq mümkün deyil. Elə buna görə də “Pedaqoji fikir tarixindən” kitabı müəllimlərimizə təlim və tərbiyənin təşkilində dünya və Azərbaycan pedaqoji irsindəki qabaqcıl ideya və təcrübələrdən bəhrələnmək imkanı yaradacaqdır.
“Pedaqoji fikir tarixindən” kitabı muxtar respublikanın təhsil ictimaiyyəti üçün ən dəyərli nəşrlərdən biri, böyük dəyərə malik mütaliə materialıdır. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatla və 10 min tirajla nəşr olunan “Pedaqoji fikir tarixindən” kitabının 8 mindən çoxu Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əhatə etdiyi təhsil müəssisələrinin kitabxanalarına və hər bir müəllimə verilmişdir. Bu isə muxtar respublika rəhbərinin təhsilə göstərdiyi qayğının və müəllim əməyinə verdiyi dəyərin daha bir ifadəsidir. Buradan yola çıxaraq əmin edirik ki, “Pedaqoji fikir tarixindən” kitabı hər bir müəllimin və şagirdin stolüstü kitabına çevriləcəkdir.
Rəhman Məmmədov
Naxçıvan Muxtar Respublikasının təhsil naziri