Dünən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İdarəsində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birlikdə muxtar respublikada avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis polkovniki Rəşad Seyidov tədbiri açaraq muxtar respublikada avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası ilə bağlı görülmüş işlərdən danışıb.
Tədbirdə Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov çıxış edərək cəmiyyətin ümumi inkişafının nəticəsi kimi sığortanın əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası da vacib məsələ kimi qarşıya qoyulub. O, muxtar respublikamızda sığorta işinin təkmilləşdirilməsi və müasir tələblərə uyğun şəkildə genişləndirilməsi işində 30 noyabr 2011-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Muxtar respublikada sığorta fəaliyyəti və qarşıda duran vəzifələr barədə” keçirilən müşavirənin xüsusi əhəmiyyəti olduğunu bildirib.
Qeyd edib ki, ötən müddət ərzində Dövlət Yol Polisi ilə birgə aparılmış işlər nəticəsində muxtar respublikada avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin sığorta etdirilməsi sahəsində də müəyyən işlər görülmüşdür. Belə ki, 2019-cu ilin birinci rübü ərzində muxtar respublikada avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 4722 müqavilə bağlanılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 328 ədəd çoxdur. Baş vermiş yol-nəqliyyat hadisələrindən dəymiş zərərlərin ödənilməsində sığortanın mühüm rola malik olduğunu bildirən Hikmət Əsgərov onu da vurğulayıb ki, mülki məsuliyyətini sığorta etdirmiş nəqliyyat vasitəsi sahibləri yol-nəqliyyat hadisəsi baş verdiyi halda, üçüncü şəxslərə dəymiş zərər məbləği dövlət sığorta orqanları tərəfindən ödənilir. Qeyd olunub ki, sığorta işinin daha da inkişaf etdirilməsinə muxtar respublika rəhbəri daim diqqət və qayğı göstərir. Belə ki, mart ayında sığorta işinin daha da təkmilləşdirilməsi üçün Dövlət Baş Sığorta Agentliyinə vətəndaşlara səyyar xidmət göstərilməsi məqsədilə 2 mikroavtobus təqdim olunub və onlar bütün informasiya-kommunikasiya vasitələri ilə təmin ediliblər. Bu da xidmət mədəniyyətinin artırılmasında və vətəndaşlara sığorta xidmətinin göstərilməsində mühüm stimuldur.
Tədbirdə, həmçinin mövcud nöqsanlardan və görüləcək işlərdən də danışılıb. Qeyd edilib ki, avtonəqliyyat vasitəsi sahiblərinin icbari sığortaya cəlb olunması məqsədilə qanunun verdiyi səlahiyyətlərdən tam istifadə edilməlidir.
Sonda sığorta işinin aparılmasında fərqlənmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin 15 əməkdaşına pul mükafatları verilib.
Əli CABBAROV