Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov bununla bağlı keçirilən tədbirdə çıxış edərək bildirib ki, bələdiyyələr əhali ilə daim sıx əlaqədə fəaliyyət göstərən seçkili, demokratik təsisatlardır. Babək rayonundakı yerli özünüidarəetmə orqanı olan bələdiyyələr də yarandığı gündən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə əhatə olunub.
Qeyd edilib ki, 2018-ci ildən rayonun yaşayış məntəqələrindəki yerli bələdiyyələr tərəfindən ərazilərin təmiz saxlanılması üçün kəndlərdə müqavilə əsasında işçilər cəlb edilib, texnikalar icarəyə götürülüb. Bu da yeni iş yerlərinin açılmasına zəmin yaradıb. Bələdiyyələr həmin yaşayış məntəqələrimizin abadlığını diqqətdə saxlamalı, yol verilən nöqsanları aradan qaldırmalı, seçicilərin göstərdiyi etimadı doğrultmalıdırlar.
Rasim Hüseynov bildirib ki, rayonun 82 min 842 hektar torpaq sahəsinin 43 min 235 hektarı bələdiyyə mülkiyyətindədir. Bələdiyyə torpaqlarının özbaşına tutulması, torpaq sahələrində qanunsuz tikinti aparılması, torpaqların kateqoriyalarının qanunvericiliyə riayət edilmədən dəyişdirilməsi, torpağın vəziyyətinə zərərli təsir göstərən obyektlərin layihələşdirilməsi, tikilməsi və istismara verilməsi, torpaqların dövlət uçotundan və qeydiyyatından gizlədilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada cinayət və inzibati məsuliyyətə səbəb olur. Bununla bağlı rayonun qəsəbə və kəndlərində aid qurumlar tərəfindən bir neçə dəfə maarifləndirici tədbir, həmçinin Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən seminar-müşavirələr keçirilib.
Diqqətə çatdırılıb ki, bələdiyyə torpaqlarının icarəyə verilməsi, icarə haqqının yığılması, bu zaman ədalət prinsipinin gözlənilməsi və digər məsələlər bələdiyyələrin qarşısında duran əsas vəzifələrdəndir. Bundan başqa, “Ailə təsərrüfatları ili”ndə bələdiyyələr rayonun qəsəbə və kəndlərində ailə əməyinə əsaslanan mütərəqqi təsərrüfat formalarının yaranması və inkişafı işində yaxından iştirak etməli, torpaqların əkin dövriyyəsinə qatılmaqla ərzaq təhlükəsizliyinin yaranması işinə töhfə verməlidirlər.
Yığıncaqda Babək qəsəbə bələdiyyəsinin sədri Cabbar Cəlilovun və Cəhri bələdiyyəsinin sədri Nüsrət Qurbanovun çıxışları olub.
Muxtar RZAZADƏ