23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bədən Tərbiyəsi və İdman Günü”nün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər il martın 5-i ölkəmizdə “Bədən Tərbiyəsi və İdman Günü” kimi qeyd olunur.
Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət yetirmiş, gənc nəslin fiziki cəhətdən sağlam böyüməsi qayğısına qalmışdır. Ulu öndərin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması ölkə­də idmanın inkişafına güclü təkan verdi. Məhz bu dövrdən başlayaraq Azərbaycanda idmanın və olimpiya hərəkatının inkişafı üçün dövlət səviyyəsində mühüm tədbirlər həyata keçirilmiş, 1997-ci ildən gənclər və idman siyаsəti yeni mərhələyə qədəm qоymuşdur. Həmin il iyul аyının 31-də cənаb İlhаm Əliyеvin Milli Оlimpiyа Kоmitəsinin prеzidеnti sеçilməsindən sоnrа ölkəmizdə idmаn hərəkаtı daha da gеnişlənmiş, bu sahənin inkişafına xidmət edən kоmplеks tədbirlərin həyаtа kеçirilməsinə bаşlаnılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “İdmanın inkişafı bizim dövlət siyasətimizdir və idman infrastrukturunun yaradılması prosesi davam edir. Biz gələcək illərdə də bu istiqamətdə işlərimizi davam etdirəcəyik ki, hər bir rayonda idmanla məşğul olmaq üçün ən müasir şərait yaradılsın”.
Son illər ölkə iqtisadiyyatının sürətli inkişafı bədən tərbiyəsi və idmanı da əhatə etmişdir. Ölkə başçısının diqqət və qayğısı ilə Azərbaycanın hər yerində müasir idman kompleksləri tikilib istifadəyə verilir, mövcud idman obyektləri günün tələblərinə uyğun yenidən qurulur, maddi-texniki baza möhkəmləndirilir. Peşəkar idmançıların yetişdirilməsi, bu sahədə qazanılan nailiyyətlərin ildən-ilə artması, beynəl­xalq yarışlarda yüksək nəticələrin əldə olunması və ölkəmizin beynəl­xalq yarışlara ev sahibliyi etməsi dövlətin bu sahəyə olan qayğısının nəticəsidir.
Naxçıvan Muxtar Respublikasında da idmanın maddi-texniki bazası xeyli gücləndirilmişdir. Son illər muxtar respublikada 2 olimpiya-idman kompleksi, 2 üzgüçülük mərkəzi, 1 şahmat mərkəzi, 7 Uşaq-gənclər şahmat məktəbi, 9 Uşaq-gənclər idman məktəbi, Atıcılıq Mərkəzi, Atıcılıq Əyləncə Mərkəzi, stadionlar, peyntbol meydançası, yeni olimpiya ağırlıqqaldırma qurğuları, ümumtəhsil məktəblərində müasir idman zalları və digər idman avadanlıqları quraşdırılmışdır. Ötən dövrdə muxtar respublikada idmanın təşkilati-hüquqi bazasının yaradılması və inkişaf etdirilməsi də diqqət mərkəzində saxlanmış, Boks, Güləş, Karate-do, Şahmat, Futbol, Voleybol, Basketbol, Paralimpiya, Hava və Ekstremal İdman Növləri, Atıcılıq və Kikboksinq federasiyaları yaradılmışdır. Bundan başqa, “Araz-Naxçıvan” Peşəkar Futbol Komandasının fəaliyyəti bərpa olunmuş və Əlincə Stolüstü Tennis Klubu fəaliyyətə başlamışdır.
Bu gün muxtar respublikada gənc­lərin idmana cəlbi, onlara sağlam həyat tərzinin aşılanması işləri diqqət mərkəzində saxlanılır. Bu işlərin davamlı həyata keçirilməsi və yaradılan müasir idman mühiti gənclərin bədən tərbiyəsi və idmana olan marağını artırır. Bu gün muxtar respublikamızda, ümumilikdə, 36 min 881 yeniyetmə və gənc aktiv şəkildə idmanla məşğul olur. Onların respublika və beynəlxalq miqyaslı yarışlarda iştirakı təmin edilir. Bütün bunların nəticəsidir ki, yeni idmançılar nəsli yetişir, müxtəlif idman növləri üzrə uğurların sayı daha da artır.
2018-ci ildə də idmanın kütləviliyinə nail olunması, yeniyetmə və gənclərin idmana cəlb olunması istiqamətində bir sıra işlər görülmüş, məktəblilərin spartakiadasının keçirilməsi, zonalar üzrə müxtəlif idman yarışlarının təşkili davam etdirilmişdir. Muxtar respublika idmançılarının respublika və beynəlxalq miqyaslı yarışlarda iştirakı təmin edilmiş, idmançılarımız dünya çempionatlarında 2, Avropa çempionatlarında 3, beynəlxalq turnirlərdə 84, Azərbaycan birinciliklərində 105, Yeniyetmələrin III Olimpiya Oyunlarında 1 medal olmaqla, ümumilikdə, 195 medal qazanmışlar. Həmçinin sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin idman bölmələrinə cəlbi, mövcud idman obyektlərindən ödənişsiz istifadəsi təmin olunmuş, məktəblilərin fiziki möhkəmliyinin artırılması məqsədilə tədbirlər həyata keçirilmiş, ildə iki dəfə olmaqla, “Vətənin müdafiəsinə hazıram” çoxnövçülüyü və “Şahin”, “Sərhəd” hərbi idman oyunları təşkil edilmişdir. İdman yarışlarında fərqlənmiş idmançılar haqqında məlumat bankı yaradılmışdır.

Muxtar respublikada qadınların idmana cəlbi istiqamətində də mühüm işlər görülür. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən “Xatun” Bədii Gimnastika İdman Klubunda hazırda 150-yə yaxın qız bədii gimnastika ilə məşğul olur. Həmçinin stolüstü tennis bölməsinə müraciət edənlərin əksəriyyətini gənc qızlar təşkil edir. Şərur Olimpiya-İdman Kompleksində qızların idmana cəlb edilməsi, idmanın kütləviliyinə nail olunması məqsədilə üzgüçülük, bədii gimnastika və həndbol üzrə bölmələr fəaliyyətə başlamışdır. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən bölmələrdə fəaliyyət göstərən məşqçi-müəllimlərin ixtisas­artırma kurslarına göndərilməsi işi də davam etdirilir.
Yaradılan müasir idman infra­strukturu Naxçıvanın müxtəlif beynəlxalq yarışlara ev sahibliyi etməsi üçün geniş imkanlar açmışdır. Son illər bu imkanlardan lazımınca istifadə olunur, dünyanın müxtəlif ölkələrindən gələn yüzlərlə idmançı muxtar respublikada keçirilən yarışlarda iştirak edir. Naxçıvan Muxtar Respublikasında 2003-cü ildə 20 yaşa qədər şahmatçılar arasında dünya çempionatı, 2011-ci ildə karate üzrə “Naxçıvan Open” beynəlxalq turniri, 2011-ci ildən etibarən hər il mütəmadi olaraq ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə “Naxçıvan kuboku” uğrunda beynəlxalq turnirlər, beynəlxalq şahmat festivalları, 2012-ci ildə üzgüçülük üzrə Azərbaycan çempionatı və MMA Qran-Pri üzrə Şərqi Avropa çempionatı, 2014-cü ildə qol-bol paralimpiya idman növü üzrə beynəlxalq turnir, 2014-cü ildə veteranlar arasında ağırlıqqaldırma üzrə “Dünya kuboku” uğrunda yarış, 2015-ci ildə kikboksinq üzrə “Azərbaycan kəməri” uğrunda yarış, 2016-cı ildə Usta ağır atletlər arasında Avropa çempionatı, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci il­dönümü münasibətilə karate üzrə Beynəlxalq turnir, “Heydər Əliyev kuboku” uğrunda paralimpiya festivalı, peşəkarlararası kəmər müdafiəsi uğrunda döyüşlər, “Heydər Əliyev kuboku” uğrunda Pouerliftinq və bench-press idman növləri üzrə Beynəlxalq turnir, futbol üzrə Azərbaycan kubokunun final oyunları, 2018-ci ildə ümummilli lider ­Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda kikboksinq və cüdo idman növləri üzrə Beynəlxalq turnirlər və digər mötəbər idman tədbirləri keçirilmiş, idmançılarımız muxtar respublikanı və ölkəmizi layiqincə təmsil edərək yüksək nəticələr əldə etmişlər.
Gələcəyimiz olan gənclərin fiziki cəhətdən sağlam böyüməsində bədən tərbiyəsi və idmanın mühüm rolu vardır. Ona görə də muxtar respublikada bu sahənin inkişafı mühüm və qabaqcıl istiqamət kimi müəyyənləşdirilmişdir. 2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilmiş, müşavirədə konkret tapşırıqlar verilmişdir.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi qarşıya qoyulan tapşırıqların icrasını bundan sonra da diqqətdə saxlayacaq, ­istedadlı idmançılar nəsli yetişdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR