Martın 4-də İran İslam Respublikasının Araz Azad Ticarət və Sənaye Zonasının icraçı direktoru Möhsün Nərimanın rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi qoyub, ulu öndərin xatirəsini dərin ehtiramla yad edib. Sonra qonaqlar Heydər Əliyev Muzeyini ziyarət edərək, ümummilli liderimizin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıblar.
Nümayəndə heyəti Naxçıvan Biznes Mərkəzi, “Cahan Sənaye Kompleksi”, “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi”, “Gəmiqaya Mebel Fabriki”, “Cahan Tobacco” Məhdud Məsuliyyətli cəmiyyətləri və Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olublar.
İran İslam Respublikasının Araz Azad Ticarət və Sənaye Zonasının icraçı direktoru Möhsün Nəriman “Şərq qapısı” qəzetinə müsahibəsində səfərin məqsədi barədə danışaraq deyib:
– İran İslam Respublikasının qonşu Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə qarşılıqlı əlaqələri yüksək səviyyədədir. Bizim Naxçıvan Muxtar Respublikasına səfərimizin məqsədi burada yaradılan imkanlarla daha yaxından tanış olmaq, gələcəkdə birgə görəcəyimiz işlərin perspektivini müəyyən etməkdir. Araz Azad Ticarət və Sənaye Zonasını Naxçıvan Muxtar Respublikasından Araz çayı ayırır. Düşünürəm ki, biz iqtisadiyyat, mədəniyyət, turizm və digər sahələrdə daha sıx əməkdaşlıq qura bilərik. Araz Azad Ticarət və Sənaye Zonasında sadaladığım sahələr üzrə geniş imkanlar mövcuddur. Bu gün Naxçıvanla tanışlıq zamanı da burada həmin istiqamətlər üzrə əlverişli şəraitin yaradıldığının bir daha şahidi olduq. Səfər zamanı bütün bu məsələlərlə bağlı bir sıra yüksək səviyyəli görüşlər keçirdik, gələcək əməkdaşlığa dair çox faydalı müzakirələr apardıq. Düşünürəm ki, bu istiqamətdə həyata keçirilən işlər müsbət nəticələr verəcəkdir.
Möhsün Nəriman vurğulayıb ki, qarşılıqlı görüşlərin davamlı keçirilməsi hər iki tərəfin bir-birinin iqtisadi potensialına daha yaxşı bələd olmasına şərait yaradır. Belə olan halda gələcəkdə daha geniş əməkdaşlıq üçün yeni imkanlar yaranır: “Bu gün mənimlə bərabər nümayəndə heyətinin digər üzvləri də qarşılıqlı görüşlər keçirərək əməkdaşlığın istiqamətlərini müəyyən etdilər. Bununla yanaşı, Naxçıvanda fəaliyyət göstərən bir sıra istehsal müəssisələrində olduq, yaradılan şəraitlə, istehsal prosesləri ilə maraqlandıq. Qısa tanışlıq zamanı Naxçıvanın inamla inkişaf edən bir diyar olduğuna əmin oldum. Hesab edirəm ki, əməkdaşlığımız bu yüksəlişi daha da sürətləndirəcək və ümumilikdə, hər iki qonşu ölkənin inkişafına təkan verəcəkdir. İnanıram ki, qarşılıqlı görüşlərimiz bundan sonra da davam edəcək, atacağımız addımlar hər iki tərəf üçün səmərəli olacaqdır”.
İran İslam Respublikasının Araz Azad Ticarət və Sənaye Zonasının icraçı direktorunun texnika və infrastruktur üzrə müavini İrəc Hatəmi isə bildirib ki, səfər çərçivəsində Naxçıvan Muxtar Respublikasındakı mühüm sənaye və istehsal müəssisələri ilə yaxından tanış olduq, yüksək səviyyəli görüşlər keçirdik. Burada olarkən Naxçıvanın güclü iqtisadi, mədəni və turizm potensialına malik olduğunu gördük.
İrəc Hatəmi deyib: “15 ildir ki, mütəmadi olaraq Naxçıvana gəlirəm. Bu illər ərzində Naxçıvanın çox böyük inkişaf yolu keçdiyini qeyd etmək istərdim. Əminəm ki, Naxçıvan bundan sonra da inkişaf edəcək və xaricdən gələn qonaqlar, turistlər üçün daha da cəlbedici bir məkan olacaqdır”.
Duzdağ Fizioterapiya Mərkəzi haqqında fikirlərini bizimlə bölüşən qonaq qeyd edib ki, Duzdağ Allahın bəxş etdiyi bir nemətdir. Çünki bronxial-astma və digər ağciyər xəstəliklərindən əziyyət çəkən insanların burada dərmansız, sadəcə, nəfəs alaraq müalicə alırlar və bu, çox yaxşı haldır. Burada müalicə olunanlar üçün müasir şərait yaradılıb.
Nail ƏSGƏROV
Tural Ağayev