23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycanın ən qədim torpağı olan Naxçıvana ilk dəfə 1993-cü ildə Azərbaycan və Türkiyə xalqları üçün böyük mücadilə vermiş hacı babam Yusif Səngər ilə birlikdə getmişdik. Buradan da təyyarə ilə Bakıya uçmuşduq. Həmin illər Naxçıvan çox sıxıntılı və xeyli çətin günlərini yaşayırdı. Ürəyimizdəki bir sızıltı idi Naxçıvan. Aradan 25 il keçdi və mən Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ilində Naxçıvanda olmaq şərəfinə nail oldum. 

Azərbaycanın Naxçıvan Muxtar Respublikası Türkiyə ilə türk dövlətləri arasında yeganə torpaq sərhədi olan bir diyardır. Ermənistan, İran və Türkiyəyə qonşu olan Naxçıvanın ərazi bütövlüyü 1921-ci ildə imzalanmış Qars müqaviləsi ilə təmin olunub. Naxçıvan həm tarixi, həm də turizm baxımından olduqca əhəmiyyətli bir şəhərdir. Son dərəcə təmiz və abad, geniş prospekt və küçələri, gülərüzlü və səmimi sakinləri ilə insanın qəlbinə rahatlıq bəxş edən bir şəhərdir. Naxçıvan sakinləri Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevə və onun layiqli davamçısı cənab İlham Əliyevə böyük rəğbət və hörmət bəsləyirlər. Hər kəs böyük lider Heydər Əliyevi çox sevir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovu da çox sevirlər. Cənab Vasif Talıbovun yurdunun inkişafı, çiçəklənməyi naminə göstərdiyi xidmətlər hər kəsdə böyük sevinc hissləri yaradıb. O, Naxçıvanın inkişafı naminə çox böyük zəhmət çəkib.

Keçirdiyim görüşlər və danışıqlarda Naxçıvanda Türkiyə sevgisinin ön sırada yer aldığını gördüm. Naxçıvanda Vətən, millət sevgisi də həmişə ön sıralardadır. Onu da deyim ki, Azərbaycan bayrağı ilk dəfə Naxçıvanda böyük lider Heydər Əliyev tərəfindən yüksəklərə qaldırılmışdır.
Ulu öndər Mustafa Kamal Atatürk “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, böyük öndər Heydər Əliyev isə “Biz bir millət, iki dövlətik” demişdi. Türkiyə və Azərbaycan qardaşlığı ümummilli lider Heydər Əliyev tərəfindən daha da möhkəmləndirildir, Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə ən yüksək səviyyəyə yüksəldi. Türkiyə ilə Azərbaycan tək millət iki dövlətdir. Dinimiz bir, dilimiz bir, mədəniyyətimiz birdir. Tariximizdə bənzərliklər, kəsişən nöqtələr vardır. Azərbaycanın, Naxçıvanın güclənməsindən həmişə qürur duyduq və duyacağıq.
Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ilini Naxçıvanda qeyd etdik. Bu gözəl və cazibədar şəhər məndə olduqca müsbət təəssüratlar yaratdı. Bir gün yolunuz Naxçıvana düşərsə, mütləq bu məkanları görmənizi istərdim:

Heydər Əliyev Muzeyi

Heydər Əliyev Muzey müdrik dövlət xadimi ilə bağlı bir çox şəkillərə, məlumatlara və sənədlərə ev sahibliyi edir. Digər tərəfdən, muzeydə dahi Heydər Əliyevin şəxsi əşyaları, Ona həsr olunmuş kitablar, digər nəşrlər, möhtəşəm portretlər sərgilənir. Muzeydə Azərbaycanın, xüsusilə də Naxçıvanın inkişafı və təhlükəsizliyi üçün tarixi işlər görən görkəmli dövlət xadimi Heydər Əliyevin həyatına dair bir sıra maraqlı məlumatları əldə edə bilərsiniz.
Heydər Əliyev prospekti

Paytaxt Naxçıvan şəhərinin mərkəzində yerləşən Heydər Əliyev prospekti muxtar respublika üçün çox əhəmiyyətli tarixi binaların olduğu yerdir. “Şəhərin ürəyinin döyündüyü yer” olaraq da adlandıra biləcəyimiz meydanın ətrafında olduqca rəğbət görən məkanlar vardır.

Bayraq Meydanı

Naxçıvan şəhərində çox geniş ərazidə Dövlət Bayrağı Meydanı və Muzeyi var. Olduqca geniş bir sahədə qurulub ucaldılan meydan sakinlərin ən çox üz tutduqları yerlərdən biridir. Meydanın gözəl mənzərəsi və insana rahatlıq bəxş edən aurası onu bu diyara gələn turistlərin istirahət məkanına çevirib.

Xan sarayı

Naxçıvanın ən möhtəşəm tarixi tikililərindən biri olan Xan sarayı 1747-ci ildə Ehsan xan Kəngərli tərəfindən inşa etdirilib. XX əsrin əvvəllərinədək Kəngərli xanlarının yaşadığı bina bu gün muzey kimi fəaliyyət göstərir və şəhərə gələn turistlərin ən çox maraq göstərdiyi yerlərdən biridir. Muzeydə bu günədək Naxçıvanın siyasi tarixini və mədəni həyatını əks etdirən bir sıra əhəmiyyətli eksponatlarla qarşılaşa bilirsiniz.

Hüseyn Cavidin ev-muzeyi

Azərbaycanın ən görkəmli şairlərindən biri olan və Azərbaycan ədəbiyyatında romantizm cərəyanının banisi kimi tanınan Hüseyn Cavidin yaşadığı müddətdə qaldığı evdə muzey yaradılıb. Burada filosof-şairin şəxsi əşyaları, onun fəaliyyətini əks etdirən bir sıra şəkil və əl yazıları sərgilənir.

Açıq Səma Altında Muzey

Möminə xatın türbəsinin yanında yerləşən Açıq Səma Altında Muzey bu diyarda müxtəlif tarixi dönəmlərə aid daş heykəllərin sərgiləndiyi maraqlı bir yerdir. Açıq səmada sərgilənən daşdan hazırlanmış qoç heykəllər, daş lövhələr və kitabələr tarixsevərlərin böyük maraq göstərdikləri yerlər sırasındadır.

Möminə xatın türbəsi

Azərbaycan Atabəylər dövlətinin banisi Atabəy Şəmsəddin Eldənizin əmri ilə onun həyat yoldaşı Möminə xatının məzarı üzərində ucaldılan abidədir. Möminə xatın türbəsi ölkənin on ikinci yüzillikdən bu günə qalan ən sağlam və möhtəşəm tarixi əsərləri sırasında yer alır. Memarlıq quruluşu ilə diqqəti çəkən türbə turistlərin böyük maraq göstərdiyi tarixi abidələr sırasındadır.

Naxçıvan teatrı

Paytaxt Naxçıvanın ən möhtəşəm tikililərindən biri olan Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının binası bir sıra yüksək səviyyəli tədbirlərə ev sahibliyi edir. Memarlıq quruluşu və dekorasiyası ilə gözoxşayan teatrda psixoloji, dram, komediya janrlarında teatr tamaşaları teatrsevərlər tərəfindən maraqla qarşılanır.

Xalça muzeyi

Azərbaycanda əllə toxunan xalçalara verilən əhəmiyyət hər kəs tərəfindən çox yaxşı bilinir. Bu mənada Naxçıvan Dövlət Xalça Muzeyi Azərbaycan xalçaçılıq sənətinin nadir nümunələrindən olan Naxçıvan xalçalarının sərgiləndiyi yer kimi diqqəti cəlb edir. Buradakı xalçaların ən əhəmiyyətli xüsusiyyətləri isə onların üzərində olan motivlərin hər birinin ayrı-ayrı mənalar daşımasıdır. Həmin motivlərdə bərəkət, qəhrəmanlıq və sevgi kimi mənalar öz əksini tapıb. Keçmiş dövrlərdə istifadə olunan xalçatoxuma dəzgahlarının da sərgiləndiyi muzey sizə qədim diyarın, həmçinin şəhərin mədəniyyətinə tarixi baxışın qapılarını da açır.
Yaşasın Türkiyə və Azərbaycan qardaşlığı!

Həmzə Səngər
gazetekars.com
02.03.2019

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR