Bu məbəddə Vətənə məhəbbətin, milli dövlətçilik ənənələrinə
sədaqətin saysız-hesabsız nümunələri vardır
Naxçıvan şəhərinin baş meydanında öz əzəməti ilə ilk baxışda diqqəti cəlb edən bir bina var. Gözəl memarlıq quruluşu və dizayna malik bu binada xalqımızın ümummilli liderinin həyat və fəaliyyətini özündə əks etdirən Heydər Əliyev Muzeyi yerləşir. Hazırda ölkəmizdə dahi şəxsiyyətin adını daşıyan onlarla muzey və mərkəz fəaliyyət göstərsə də, bunlar içərisində Naxçıvanda yaradılmış Heydər Əliyev Muzeyi xüsusi yer tutur.
Muzeyi digərlərindən fərqləndirən isə odur ki, bu mədəniyyət müəssisəsi ulu öndərimizin doğulub boya-başa çatdığı, ilk əmək fəaliyyətinə başladığı, 1969-cu ildən Azərbaycanın rəhbəri kimi qurub-yaratdığı, 90-cı ildən isə qoruyub saxladığı və sonrakı illərdə himayəsi ilə günü-gündən inkişaf edib çiçəklənən doğma Naxçıvan torpağında yaradılmışdır. Digər fərq isə ondan ibarətdir ki, bu muzey ümummilli liderin hələ sağlığında Azərbaycanda yaradılmış ilk muzeydir.
Bu il Heydər Əliyev Muzeyinin yaradılmasının 20 ili tamam olur. Artıq 20 ildir ki, muzeyə gələn çoxsaylı tamaşaçılar Türk dünyasının böyük oğlu, dünya şöhrətli siyasətçi, canı qədər sevdiyi Azərbaycanı yenidən öz xalqına bəxş edən dahi Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında maraqlı məlumatlar əldə edirlər və həm də Azərbaycanın tarixini, mədəniyyətini, bir sözlə, dünənini və bu gününü öyrənirlər.
Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncamla Naxçıvan şəhərində yaradılmışdır. Bu sərəncamın imzalanması Heydər Əliyev şəxsiyyətinə olan sonsuz ehtiramın bariz nümunəsi kimi tarixi, siyasi və mənəvi zərurətdən irəli gəlmişdir. Sərəncamın imzalanmasından ötən qısa zamanda Naxçıvan şəhərinin mərkəzində Heydər Əliyev Muzeyi yaradılmış və muzey 1999-cu il mayın 10-da fəaliyyətə başlamışdır.
Dünyada yaşayan xalqların böyüklüyü sayına və yaxud yaşadığı regiona görə müəyyən edilmir. Hər bir xalqın böyüklüyü onun tarixdə qoyduğu izlərlə, yaratdığı mədəniyyətlə, yetişdirdiyi dahi şəxsiyyətlərlə ölçülür. Eyni zamanda belə xalqların bir xalq kimi formalaşmasında həmin şəxsiyyətlərin böyük rolu olur. Buna görə də hər bir xalq onun tarixində müstəsna rolu olmuş dahi şəxsiyyətlərin xatirəsini həmişə uca tutaraq onlara həsr edilmiş müxtəlif xatirə kompleksləri və muzeylər yaradır, adını park və meydanlarda, küçələrdə əbədiləşdirirlər. Belə şəxsiyyətlərin həyatı və fəaliyyəti tədqiq edilərək mənəvi dəyərlər kimi qorunub saxlanılır, böyüməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması işində bu dəyərlər əsas meyar kimi təbliğ edilir. Xalqımızın tarixi taleyində mühüm və əvəzolunmaz rol oynayan ulu öndər Heydər Əliyev də məhz belə şəxsiyyətlərdəndir. Vurğulamaq yerinə düşər ki, ümummilli liderin adının əbədiləşdirilməsi prosesi də ilk dəfə Naxçıvanda başlanmışdır. Belə ki, SSRİ Ali Soveti Rəyasət Heyətinin 1983-cü il 7 may tarixli fərmanı ilə Ona ikinci dəfə “Sosialist Əməyi Qəhrəmanı” adı verilmiş və bundan sonra ilk dəfə olaraq doğulub boya-başa çatdığı Naxçıvan şəhərində – Əcəmi seyrəngahında büstü ucaldılmışdır. 1996-cı il may ayının 10-da isə “Naxçıvan” Sərhəd Dəstəsinin qərargahı önündə ulu öndərin büstünün açılışı olmuşdur. Həmin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “...Bu gün biz, sadəcə olaraq, öz istəyimizi, məhəbbətimizi və onun gördüyü işləri qiymətləndirmək naminə bu kiçik işləri burada, Naxçıvan Muxtar Respublikasında həyata keçiririk... Dünya siyasət məktəbində, dünya kəşfiyyat məktəblərində böyük bir Heydər Əliyev kursu keçilir. Nəyə görə bizim özümüzdə bunlar olmamalıdır?.. Ancaq biz etməliyik. Bizim – naxçıvanlıların buna daha çox haqqı var. Haqqı var, həm də mənən borclarıdır. İnsanlara sağlığında qiymət vermək lazımdır...”
Muxtar respublika rəhbərinin həmin dövrdə söylədiyi bu fikirlər zaman keçdikcə öz təsdiqini tapmış, bu sahədə görülən işlərin məntiqi davamı kimi 1999-cu ildə yaradılan Heydər Əliyev Muzeyi dahi şəxsiyyətin həyat və fəaliyyət fəlsəfəsinin, elmi-nəzəri irsinin, Azərbaycançılıq ideologiyasının öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması kimi şərəfli missiyanı öz üzərinə götürmüş və bu gün də həmin missiyanı uğurla həyata keçirir. Artıq 20 ildir, fəaliyyət göstərən Heydər Əliyev Muzeyi həm naxçıvanlıların, həm də bu qədim Azərbaycan diyarına üz tutan qonaqların ən çox ziyarət etdiyi ünvanlardan birinə çevrilmişdir. Muzeydəki eksponatları, sadəcə, seyr edib keçmək mümkün deyil. Çünki buradakı hər eksponatın özü bir tarixdir, həm də bu tarix təkcə Azərbaycanla məhdudlaşmır, Azərbaycanı dünyaya, dünyanı isə Azərbaycana bağlayan tellərin yaddaşlara köçürdüyü böyük bir səhifədir. Və hər səhifənin altında da mənalı ömrünü xalqına, onun gələcək taleyinə həsr etmiş dahi Heydər Əliyevin imzası var. Bəlkə də, buna görədir ki, dinindən, dilindən, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq, muzeyə gələn bütün tamaşaçılar buradakı eksponatlara maraqla baxır, Heydər Əliyev şəxsiyyətinin ucalığının bütün dövrlər və xalqlar üçün dəyərli olduğunu dərk edirlər.
Yaradıldığı dövrdən bu günədək muzeyi 308 mindən çox tamaşaçı ziyarət etmişdir ki, bu ziyarətçilərin 35 mindən çoxu xarici ölkə vətəndaşı olmuşdur.
Vurğulayaq ki, ümummilli lider Heydər Əliyev də 1999-cu il oktyabrın 13-də muxtar respublikaya səfəri zamanı muzeyə gələrək bu mədəniyyət müəssisəsinin ekspozisiyası ilə tanış olmuşdur. Ulu öndərin muzeyi ziyarəti zamanı çəkilmiş tarixi fotolar hazırda burada nümayiş etdirilir. Buradakı eksponatlar görkəmli dövlət xadiminin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Ali Məclisin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından, ulu öndərin şərəfinə toxunmuş xalçalardan, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarətdir. Muzeydə zəngin fond materialları, orijinal sənədlər və eksponatlarla dahi rəhbərin mənalı həyatı, xalqımızın rifahı, xoş gələcəyi naminə fəaliyyətinin ayrı-ayrı dövrləri, mərhələləri işıqlandırılmış, hər mərhələ, hər bir tarixi hadisə ilə bağlı dahi şəxsiyyətin fikirləri, seçilmiş müdrik, nəsihətamiz kəlamları ekspozisiyada öz əksini tapmışdır. Ulu öndərin muzeylərə sığmayan zəngin ömür yolunu əks etdirən dəyərli ekspozisiyada Onun uşaqlıq və gənclik dövrü, təhsil illəri, ilk əmək fəaliyyəti, 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyinin birinci dövrü, Moskvada çalışdığı və yaşadığı dövr, Naxçıvana qayıdışı, muxtar respublikaya rəhbərlik etdiyi illər, müstəqil Azərbaycanın memarı kimi fəaliyyəti dövrü zəngin materiallarla nümayiş etdirilir. 420 eksponatla fəaliyyətə başlayan muzeydə 2018-ci il dekabrın 25-nə eksponat sayı 4746 olmuşdur. Həmin eksponatların 542 ədədi ekspozisiyada, 2833 ədədi kitabxanada, 1334 ədədi muzey fondunda yerləşdirilmişdir. Buradakı kitabxanada isə 650 adda 1300-dən çox kitab saxlanılır. Qeyd edək ki, fəaliyyət göstərdiyi dövrdə muzeyin maddi-texniki imkanlarının genişləndirilməsi də diqqətdə saxlanılmışdır. Belə ki, 2005-2006-cı illərdə əsaslı şəkildə yenidən qurulan muzey binası 2006-cı ilin dekabr ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir. 564 kvadratmetrlik ekspozisiya zalından ibarət muzeyin kompozisiya, dizayn, işıq və ornament tərtibatı yüksək zövqlə işlənmişdir. Burada tamaşaçılara lazımi muzey xidməti göstərmək üçün kitabxana yaradılmış, ulu öndərimiz haqqında çəkilmiş filmləri seyr etmək üçün monitor yerləşdirilmiş, kompüter dəstləri quraşdırılmış, muzeyin (www.aliyev-museum.nakhchivan.az) internet saytı yaradılmışdır.
Bəli, Heydər Əliyev Muzeyi ölkəmizdə analoqu olmayan bir elmi-mədəni müəssisədir. Bu müəssisə tədqiqatçılar üçün zəngin mənbədir. Çünki Azərbaycanı tanımaq elə dahi Heydər Əliyevin həyat və fəaliyyəti ilə yaxından tanış olmaq və yaxud ümummilli liderimizin irsini öyrənmək elə Azərbaycanı, onun tarixini, mədəniyyətini öyrənmək deməkdir. Bu mənada, muzeydəki hər bir eksponat ayrılıqda elmi-tədqiqat mövzusudur. Heydər Əliyev Muzeyi, eyni zamanda xalqımızın dövlətçilik məbədidir. Bu məbəddə Vətənə məhəbbətin, milli dövlətçilik ənənələrinə sədaqətin saysız-hesabsız nümunələri var. Bütün bu parametrlərinə görə Heydər Əliyev Muzeyində nümayiş etdirilən eksponatlar yaradıcı insanlar üçün ilham mənbəyi, elm adamları üçün isə dəyərli məlumatlar toplusudur. İl ərzində burada ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti ilə bağlı aidiyyəti təşkilatlarla elmi konfranslar keçirilir, muzeyə tələbələrin və məktəblilərin ekskursiyaları təşkil olunur, onlar üçün lektoriyaların və açıq dərslərin keçilməsi təmin edilir.
Təkcə 2018-ci ildə Heydər Əliyev Muzeyini 16 min 815 tamaşaçı ziyarət etmişdir ki, bunların da 11 min 893 nəfəri yerli, 4922 nəfəri xarici ölkələrdən gələn qonaqlar olmuşdur. Muzeydə olan tamaşaçılara Azərbaycan və ingilis dillərində 1744 ekskursiya keçirilmişdir. Ötən il muzeyi internet üzərindən ziyarət edən tamaşaçıların sayı 14 min 253 olmuşdur.
Muzeyi ziyarət edən qonaqlar sonda “Xatirə kitabı”na öz ürək sözlərini yazırlar. Bu kitabda müxtəlif ölkələrin dövlət başçılarından tutmuş hökumət rəhbərlərinədək, beynəlxalq təşkilatların rəhbərlərindən tutmuş Azərbaycanda akkreditasiya olunmuş xarici ölkələrin səfirlərinədək çox insanın imzası var. Mən isə yazıya muzeyi ziyarətdən sonra “Xatirə kitabı”na öz düşüncələrini qeyd etmiş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözləri ilə son vermək istərdim: “...Ulu öndər Heydər Əliyev öz doğma Vətənini – Naxçıvanı çox sevirdi. Naxçıvanlılar da həmişə onu sevirdilər və fəxr edirlər ki, dünyaya Heydər Əliyev kimi dahi şəxsiyyəti bəxş etdilər. Bu gün Heydər Əliyev bizim qəlbimizdə yaşayır, onun ideyaları, siyasi kursu yaşayır və əbədi yaşayacaqdır”.
Səbuhi HƏSƏNOV