23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2004-cü il 28 fevral tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradılmışdır. Ali Məclis Sədrinin 2014-cü il 19 sen­tyabr tarixli digər Fərmanı ilə isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Rabitə və Yeni Texnologiyalar Nazirliyi adlandırılmış, nazirliyin səlahiyyətləri daha da genişləndirilmişdir.
Muxtar respublikanın hazırkı ­sosial-iqtisadi inkişafı rabitə və yeni texnologiyaların rolunu daha da artırmışdır. Son illərdə muxtar respublikada əhaliyə nümunəvi rabitə xidmətinin göstərilməsi məqsədilə konkret vəzifələr müəyyənləşdirilmiş, rabitə sektoruna investisiyaların cəlb edilməsi nəticəsində istismarda olan avtomat telefon stansiyaları müasir tələblərə cavab verən yeni rabitə sistemi ilə əvəz olunmuş, ən ucqar dağ kəndində belə, geniş­zolaqlı, yüksəksürətli internet və digər müasir telekommunikasiya şəbəkələri istifadəyə verilmişdir.
Muxtar respublikada yeni nəsil texnologiyaların tətbiqi ilə əlaqədar nəzərdə tutulan 5 mərhələdən ibarət layihənin 4-ü artıq başa çatdırılıb. Culfa rayonu ərazisində Yeni Nəsil Telekommunikasiya Sisteminin qurulması ilə əlaqədar Çin Xalq Respublikasının “Huawei” şirkəti ilə müqavilə imzalanmışdır. Layihənin 2019-cu ildə başa çatdırılması nəzərdə tutulur.
Ötən il iyul ayının 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun iştirakı ilə Ordubad rayonu ərazisində Yeni Nəsil Telekommunikasiya Sisteminin və Ordubad şəhərində yeni tikilən Rabitə Evinin açılışı olmuşdur. Həmçinin İbadulla Radio-Televiziya Verici Stansiyasının yeni binası da istifadəyə verilmişdir.

Son illər muxtar respublikada rabitə sahəsində əldə edilən sürətli inkişaf, fiber-optik xətlərinin çəkilməsi, yüksəksürətli kompüter şəbəkələrinin yaradılması, poçt sahəsində də xidmətlərin müasir tələblərə uyğun qurulmasına şərait yaratmışdır. Hazırda muxtar respublika ərazisində 1 mərkəzi poçt, 7 rayon filialı və 177 poçt məntəqəsi fəaliyyət göstərir. 2013-cü ildə “Naxçıvanpoçt”un muxtar respublikanı əhatə edən telekommunikasiya şəbəkəsi qurulmuş, Naxçıvan şəhərində Məlumatların Emalı Data Mərkəzi yaradılmışdır. Poçt məntəqələrində ənənəvi poçt xidməti ilə yanaşı, telefon, elektrik, qaz, sudan istifadə haqlarının, Yeni Azərbaycan Partiyasının üzvlük haqlarının, Dövlət Sosial Müdafiə Fonduna ödənişlərin, bələdiyyə ödənişlərinin, Dövlət Yol Polisinin cərimələrinin qəbulu həyata keçirilir. Hökumət Ödəniş Portalının şəbəkəsinə qoşulmaqla Azərbaycan Respublikası üzrə bank, maliyyə, vergi və digər təşkilatların ödənişlərinin qəbulunun poçt məntəqələrində həyata keçirilməsi təmin olunub. Poçt məntəqələrində nağdsız ödənişlərin təşkili üçün 172 POS-terminal qoyulub. Ötən ildən əmək pensiyalarının pensiyaçıların istəklərinə uyğun olaraq poçt məntəqələrində paylanmasına başlanılıb. Hazır­da bu xidmətdən pensiya alanların sayı 347 nəfərdir. Pensiya ödənişlərinin avtomatlaşdırılması məqsədilə “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssisləri tərəfindən elektron bazalı pro­qram təminatının hazırlanması başa çatdırılmış və bu il fevral ayının 1-dən istifadəyə verilmişdir.
Yeni texnologiyaların inkişaf tempi elektron imzadan istifadəyə tələbatı da artırmışdır. Bu tələbatı ödəmək məqsədilə muxtar respublikada “Elektron İmzanın Sertifikat Xidməti Mərkəzi” yaradılmış, “Naxçıvanpoçt” MMC-nin rayon filiallarında elektron imza kartının verilməsi təşkil edilmişdir. Bundan əlavə, “Naxçıvanpoçt” MMC-nin nəzdində “İtmiş Əşyaların Sahibinə Çatdırılması Xidməti” fəaliyyətə başlamışdır. “İtmiş Əşyaların Sahibinə Çatdırılması Xidməti” üçün “Naxçıvanpoçt” MMC-nin www.naxcivanpoct.az internet saytında xüsusi bölmə yaradılmış, 225 qaynar xətti istifadəyə verilmişdir.
Hər il muxtar respublikada yeni fiber-optik xətlər çəkilir və bu xətlər üzərində iritutumlu telekommunikasiya şəbəkələri qurulur. Hazırda muxtar respublikada fiber-optik kabel xətlərinin ümumi uzunluğu 1527 kilometrə yaxındır. Bu da muxtar respublikada rabitə əlaqələrinin tam kəsintisiz həyata keçirilməsində, elektron hökumət, genişzolaqlı internet, 4-cü nəsil xidmətlərin və digər informasiya-kommunikasiya texnologiyaları layihələrinin icrasında əvəzsiz rola malikdir. Son iki ildə Türkiyə istiqamətində əlavə fiber-optik kabel xətti çəkilmiş və muxtar respublikaya daxil olan internet kanalının həcmi iki dəfə artırılmışdır. Bu gün muxtar respublikanın yaşayış ərazilərinin 98,6 faizində genişzolaqlı, 99,5 faizində isə mobil internet xidmətləri göstərilir. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi tərəfindən geniş­zolaqlı asinxron rəqəmsal abunəçi xətləri texnologiyası vasitəsilə ötən il ərzində 7300-dən artıq yeni istifadəçi internetlə təmin olunmuş, əhali üzrə genişzolaqlı internet paylayıcı nöqtələrinin aktiv sayı 30 minə yaxınlaşmışdır. Ötən il ərzində Naxçıvan “İslam Mədəniyyətinin Paytaxtı – 2018” beynəlxalq tədbirinə həsr edilmiş imp.nakhchivan.az, Bəhruz Kəngərli Muzeyinin behruzkengerli.nakhchivan.az, Duz Muzeyinin duzmuzeyi.nakhchivan.az və Qarabağlar Türbə Kompleksinin garabaglartk.nakhchivan.az sayt­ları hazırlanaraq qlobal şəbəkədə ­yerləşdirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” 2011-ci il 15 iyul tarixli Fərmanının icrası ilə əlaqədar yaradılmış “Elektron hökumət” portalının imkanları ildən-ilə inkişaf etdirilir. “Bir pəncərə” prinsipi əsasında fəaliyyət göstərən 33 dövlət təşkilatı tərəfindən hazırda 291 elektron xidmət istifadəçilərə təqdim olunub. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi tərəfindən 150-yə yaxın dövlət və ictimai təşkilata elektron poçt ünvanları və domen adları verilmiş, həmin təşkilatların internet səhifələri hazırlanaraq qlobal şəbəkədə yerləşdirilmişdir. Bunun üçün İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin maddi-texniki bazası daha da möhkəmləndirilmiş, əlavə server avadanlıqları və irihəcmli məlumatların qəbulu və paylanması üçün şəbəkə avadanlıqları alınıb quraşdırılmışdır. Ötən il İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin Naxçıvan, Şərur və Culfa şəhərlərindəki filiallarında kompüter və ingilis dili kurslarında 505 nəfər təhsil almışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq muxtar respublikada elektron təhsil infrastrukturunun yaradılması və təhsildə yeni texnologiyaların tətbiqi diqqət mərkəzində saxlanılır. Son illər bu istiqamətdə işlər daha da genişləndirilmişdir.Təhsil müəssisələrində kompüter dəstləri quraşdırılaraq internetə qoşulur. Həmçinin təhsil müəssisələri arasında interaktiv əlaqənin təmin edilməsi üçün distant təhsil sistemi yaradılmış, internet üzərindən interaktiv dərslərin keçilməsi üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin saytında elektron təhsil xidməti istifadəyə verilmiş, orta ixtisas və ümumtəhsil məktəblərinin iştirakı ilə distant dərslərin keçilməsinə başlanmışdır. Hazır­da muxtar respublikanın 236 təhsil müəssisəsi və 17 muzeyi distant təhsil sisteminə qoşulub. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində də Distant Tədris Mərkəzi yaradılmış, elektron kitabxana və “258” telefon xidməti üzərindən fəaliyyət göstərən audiokitabxana yaradılmışdır. Hazırda bu sistem vasitəsilə 22 şagird təhsil alır, audiokitabxanadan 352 nəfər ­istifadə edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamının icrası ilə bağlı bir sıra işlər görülmüşdür. Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin hamiliyi ilə mobil operatorlar tərəfindən yaxşı nəticələri olan Naxçıvan Dövlət Universitetindən 6, “Naxçıvan” Universitetindən isə 2 tələbəyə 2018-2019-cu tədris ilində aylıq 200 manat təqaüd verilməsi təmin edilmiş, nazirliklə Çin Xalq Respublikasının “Huawei” şirkəti arasındakı razılaşmaya uyğun olaraq “Gələcəyin İKT sahəsindəki toxumları” adlı növbəti müsabiqənin qalibi olan dörd tələbə “Huawei” şirkətinin Şenjen şəhərindəki təlim mərkəzində istehsalat təcrübəsinə göndərilmişdir. Həmçinin 2017-2018-ci tədris ilində “Huawei” şirkətinin mütəxəssisləri tərəfindən “Naxçıvan” Universitetində yaradılan İKT mərkəzində tələbələr üçün 7 ­seminar-treninq keçirilmişdir. Ötən ilin oktyabr ayında Naxçıvan Dövlət Universitetində “İdeyadan-Biznesə” ümumrespublika startap müsabiqəsi təşkil edilmişdir. 2018-ci il ərzində Naxçıvan Dövlət Universitetinin İnformasiya texnologiyaları ixtisasının 3-cü və 4-cü kurs tələbələrinin, Naxçıvan Dövlət Texniki Kollecinin Poçt və bank işi ixtisası üzrə təhsil alan tələbələrinin nazirlikdə və onun tabeliyində olan qurumlarında istehsalat təcrübəsi keçməsi təşkil edilmiş, tələbələr bilavasitə praktik işlərə cəlb olunmuşlar. Ötən il hamiliyə götürülmüş ixtisaslarda təhsil alan tələbələrlə görüşlər keçirilmiş, Naxçıvan Dövlət Universitetini, “Naxçıvan” Universitetini, Texniki Kolleci və peşə məktəblərini bitirmiş 19 məzun nazirlik və onun tabe təşkilatlarında daimi işlə təmin edilmişlər.
Müasir texnologiyaların tətbiqi muxtar respublika ərazisində rəqəmsal radio-televiziya yayımının təşkilinə də əsaslı zəmin yaratmışdır. 2014-cü ilin dekabr ayından analoq televiziya yayımı dayandırılmış, 6 güclü və 44 azgüclü verici stansiya vasitəsilə muxtar respublika ərazisində rəqəmsal televiziya yayımına keçid təmin edilmişdir. Hazırda bütün yaşayış məntəqələrində 12 televiziya və 9 radionun rəqəmsal yayımı təmin edilmişdir. Azərbaycan Respublikasında ilk dəfə teleradio kanallarının bir tezlik üzərindən yayımını təmin edən SFN texnologiyası Naxçıvan Muxtar Respublikasında tətbiq olunub. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzinin tərkibində 2004-cü ildən “Kanal 35” informasiya-tədris televiziyası, 2005-ci ildən isə “Naxçıvanın səsi” radiosu fəaliyyət göstərir.
Muxtar respublikada 2016-cı ildən etibarən dördüncü nəsil mobil rabitə şəbəkəsi fəaliyyət göstərir. Muxtar respublikanın yaşayış məntəqələrinin 99 faizini əhatə edən dördüncü nəsil mobil rabitə şəbəkəsinin 2018-ci ildə abunəçi sayı 2 dəfə artmışdır. Hazırda Naxtelin qeydiyyatdan keçən abunəçi sayı 65 mini ötüb. Naxçıvan şəhərindəki və rayonlardakı Naxtel Satış və Xidmət mərkəzləri abunəçilərə keyfiyyətli mobil rabitə xidmətləri təklif edir. “Naxçıvanbank”a məxsus POS-terminallar, ATM və vətəndaşların müxtəlif kateqoriyalı ödənişlərini vahid ödəniş platformasından icra etməsi Pay-Point ödəniş terminallarında Naxtelin data şəbəkəsi vasitəsilə həyata keçirilir. Beynəlxalq rominq xidməti artıq 7 ölkədə aktivləşdirilib və digər ölkələrdə də aktivləşdirilməsi üçün işlər test və yoxlama mərhələsindədir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Bu gün muxtar respublikada informasiya-kommunikasiya texnologiyaları sahəsində böyük layihələr həyata keçirilir. 1997-ci ildən başlayaraq muxtar respublikada bütün telefon stansiyaları avtomatlaşdırılmış, fiber-optik kabellər çəkilmiş, yeni poçt şöbələri yaradılmış və digər tədbirlər həyata keçirilmişdir. Qısa zaman kəsiyində görülən işlər muxtar respublikanın informasiya blokadasından çıxmasına səbəb olmuşdur”.
Muxtar respublikada rabitə və yeni texnologiyaların tətbiqi və inkişafı istiqamətində işlər bundan sonra da davam etdiriləcək, əhaliyə keyfiyyətli poçt və rabitə xidmətləri göstəriləcəkdir.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar
Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR