Fevralın 23-də Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunda Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə anım tədbiri keçirilmişdir.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Təbrizdəki Baş konsulu Əliyənnağı Hüseynov çıxış edərək erməni təcavüzkarları tərəfindən 1992-ci il fevralın 26-da Xocalı şəhərində azərbaycanlılara qarşı törədilmiş soyqırımından danışmışdır. Ermənilərin işğalçılıq siyasətini diqqətə çatdıran Baş konsul demişdir ki, soyqırımına ilk dəfə ümummilli liderimiz Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verilmişdir. Bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Xocalı soyqırımının tanıdılması istiqamətində ardıcıl tədbirlər görülür, Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası həyata keçirilir. Azərbaycan dövlətinin məqsədyönlü xarici siyasəti nəticəsində dünyanın bir sıra dövlətləri və beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanımışdır.
Çıxışdan sonra Xocalı soyqırımından bəhs edən film nümayiş etdirilmiş, mərasim iştirakçılarına Xocalı faciəsindən bəhs edən videomateriallar, kitab, jurnal və bukletlər paylanılmış, soyqırımı kadrlarından ibarət fotostendə baxış olmuş, ehsan süfrəsi açılmışdır.
Mərasimdə Şərqi Azərbaycan Valiliyinin İctimai və Mədəniyyət Məsələləri üzrə Baş İdarəsinin müdiri Əli Bədr Şokuhi, Şərqi Azərbaycan Vilayətinin və Təbriz Şəhər İcra Hakimiyyətinin rəsmiləri, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb nümayəndəliyinin rəhbəri İsmayıl Rağeb Babayi, Türkiyənin Təbrizdəki Baş konsulu Hüseyn Güngör və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu tərəfindən Təbriz şəhərində nəşr olunan “Mədəniyyət beşiyi” qəzetində “Xocalı soyqırımı bəşər tarixinin qanlı səhifəsidir” sərlövhəli məqalə dərc olunmuşdur.
“Şərq qapısı”