Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə əvvəlcə Xocalı faciəsi qurbanlarının və bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daimi Nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov çıxış edərək erməni millətçilərinin Azərbaycan torpaqları üzərində “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək üçün azərbaycanlılara qarşı dəfələrlə həyata keçirdikləri terror aktlarından, kütləvi qırğınlardan bəhs edib. Bildirilib ki, mənfur ermənilər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə qədim oğuz-türk yurdu olan Xocalı şəhərində törətdikləri soyqırımla vəhşi, xəyanətkar, qəddar millət olduqlarını dünyaya bir daha nümayiş etdiriblər.
Hər il Xocalı soyqırımının ildönümünün qeyd olunması bir daha sübut edir ki, həmin qanlı gecədə erməni təcavüzkarlarının törətdikləri vəhşilik və cinayətin dəhşətləri yaddaşlardan heç zaman silinməyəcək. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyət əleyhinə törədilmiş qanlı cinayətdir. Dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar, beynəlxalq ictimaiyyət bu acı həqiqəti bilməli, insanlığa qarşı törədilən bu cinayətə hüquqi qiymət verilməli, təcavüzkar cəzalandırılmalıdır.
Bəxtiyar Əsgərov vurğulayıb ki, bu qanlı faciəyə ilk dəfə olaraq Azərbaycan xalqının xilaskarı, ümummilli lider Heydər Əliyevin ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verilib. Məhz ulu öndərin təşəbbüsü ilə 1994-cü ildə 26 fevral tarixi “Xocalı Soyqırımı Günü” kimi qəbul edilib. O dövrdən başlayaraq müstəqil Azərbaycan dövləti və yenicə təşkilatlanmaqda olan dünya azərbaycanlıları erməni millətçilərinin, dünya erməniliyinin xalqımıza qarşı törətdikləri cinayətlərin, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, bu qətliamın soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərməyə başlayıblar. Bunun nəticəsidir ki, hər il bu dəhşətli faciənin ildönümü ölkəmizdə, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla soydaşımız və dost, qardaş xalqların nümayəndələri tərəfindən ürəkağrısı ilə qeyd olunur.
Bəxtiyar Əsgərov onu da qeyd edib ki, fevralın 26-sı Azərbaycan xalqı üçün təkcə faciə günü deyil. Bu, eyni zamanda ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin, haqq-ədalətin bərpası və erməni işğalına son qoyulması uğrunda mübarizə tariximizin də şanlı səhifəsidir. Bu gün hər birimiz Azərbaycan Ordusunun gücü, qüdrəti ilə fəxr edir, qürur hissi keçiririk. Ali Baş Komandan cənab İlham Əliyevin hücum əmrini gözləyən qüdrətli Ordumuz, heç şübhəsiz ki, şəhidlərimizin qanını, qisasını alacaq, üçrəngli dövlət bayrağımızı Şuşada, Xankəndidə dalğalandıracaqdır.
Bəxtiyar Əsgərov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə muxtar respublikada həyata keçirilən fəaliyyət proqramları, bütün sahələrdə əldə olunan yüksək nəticələr, Vətənimiz uğrunda canından keçmiş, müqəddəs amal uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinin daim uca tutulması, əbədiləşdirilməsi işlərini də əhatə edib, bu sahədə ürəkaçan nəticələrə nail olunub. Təsdiq edilmiş tədbirlər planına uyğun olaraq hər il olduğu kimi, bu il də Naxçıvan Muxtar Respublikasında Xocalı soyqırımı ilə bağlı silsilə anım tədbirləri keçirilir.
Tədbir digər çıxışlar və soyqırımı ilə bağlı bədii kompozisiya ilə davam etdirilib.
Xəbərlər şöbəsi