23 Dekabr 2024, Bazar ertəsi

AMEA Naxçıvan Bölməsində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunan “Xocalı faciəsi: səbəbləri, nəticələri və dərsləri” mövzusunda elmi konfrans keçirilib.
Əvvəlcə faciə qurbanlarının və bütövlükdə Vətən uğrunda şəhid olan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev XX əsrin ən dəhşətli soyqırımı olan Xocalı faciəsinin səbəbləri və bu həqiqətlərin dünyaya çatdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən danışıb. Bildirib ki, məkrli erməni cəlladları tarixi tоrpaqlarımız hesabına “böyük Ermənistan” yaratmaq məqsədilə zaman-zaman azərbaycanlılara qarşı qanlı cinayətlər törədib, sоydaşlarımızı qətlə yetirib, deportasiyaya məruz qoyub, etnik təmizləmə aparıb, ərazilərimizin bir hissəsini işğal edib. Nəticədə, xalqımız dəfələrlə ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalıb.
İsmayıl Hacıyev ermənilərin Azərbaycan xalqına qarşı yönəltdikləri işğalçılıq və soyqırımı siyasətinin davamı olan Xocalı soyqırımı zamanı törədilən cinayət faktlarını xatırladaraq vurğulayıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni cəlladlarının Xocalıya hücumu zamanı azərbaycanlılar xüsusi qəddarlıqla qətlə yetirilib, öldürülənlər arasında yaşlı, qadın və uşaqlar da olub. Mülki əhali itkin düşüb, əsir götürülüb, ailələr büsbütün məhv edilib.

Bölmə sədri bu faciəyə obyektiv qiymət verən ümummilli lider Heydər Əliyev və onun siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin, həmçinin Heydər Əliyev Fondunun Xocalı həqiqətlərinin dünyada tanıdılması istiqamətində fəaliyyətindən danışıb.
Konfransda bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim və orta əsrlər tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev “Xocalı faciəsinə gedən yol – faciənin səbəbləri”, həmin institutun elmi işçisi Sevinc Babayeva “Xocalı faciəsi – insanlığa qarşı cinayət, faciənin nəticələri”, Etnoqrafiya şöbəsinin müdiri, dosent Asəf Orucov “Xocalı faciəsində erməni terror təşkilatlarının qəddarlığı”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımov “Xocalı ağrılı söz yaddaşımız” mövzusunda elmi məruzələrlə çıxış ediblər.

*  *  *

Naxçıvan Dövlət Universitetində Xocalı faciəsinin 27-ci ildönümü münasibətilə elmi-praktik konfrans keçirilib.
Əvvəlcə universitetin İncəsənət fakültəsinin sərgi salonunda faciə qurbanlarının xatirəsinə həsr olunmuş 30-a yaxın rəsm əsərinin nümayiş olunduğu sərgiyə baxış olub. Konfransda soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək Xocalı soyqırımını Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək qəddar və dəhşətli cinayət adlandırıb. Rektor ölkə başçısı cənab İlham Əliyevin uzaqgörən siyasəti və Azərbaycan xalqının güclü iradəsi nəticəsində bu gün Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılması istiqamətində məqsədyönlü addımlar atıldığını bildirib.
Konfransda universitetin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Arzu Abdullayev “Xocalı həqiqətləri: insanlığa qarşı görünməmiş cinayətin tarixi kökləri”, Bədən tərbiyəsi və idman ixtisası üzrə V kurs tələbəsi Əhməd Əhmədov “Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması” mövzularında çıxış edib, “Xocalıya ədalət” kampaniyasının əhəmiyyətini vurğulayıblar.
Qeyd edək ki, Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar ali təhsil ocağında ənənəvi internet aksiya da keçirilib. Dörd saat davam edən aksiyada yerli və xarici tələbələrin iştirakı ilə dünyanın 100-dən çox tanınmış ali məktəbinin elektron ünvanına ingilis, fransız, alman, rus və fars dillərində Xocalı həqiqətlərini əks etdirən məlumatlar göndərilib.

*  *  *

Naxçıvan Müəllimlər İnstitutunda “Xocalı soyqırımı bəşəriyyətə qarşı tarixi cinayətdir” mövzusunda keçirilən elmi-praktik konfransda əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş sözü ilə Naxçıvan Müəllimlər İnstitutunun rektoru, dosent El­brus İsayev açaraq bildirib ki, ötən əsrdə ermənilərin Azərbaycana qarşı ərazi iddiaları soyqırımlarla müşayiət olunub, istər 1905-1907-ci illərdə, istərsə də 1918-1920-ci illərdə Azərbaycanın əksər bölgələrində – Bakı, Quba, Şamaxı, Lənkəran, İrəvan, Naxçıvan və digər yerlərdə kütləvi qətllər törədilib.
Qeyd olunub ki, Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırımı hadisələrindən biridir. Tarixi saxtalaşdırmaqla məşğul olan ermənilər mövcud olmayan, tarixdə baş verməyən qondarma “erməni soyqırımı”nı dünyada təbliğ etməklə özlərini məzlum xalq kimi qələmə verməyə çalışırlar. Amma, əslində, yüz ildən çoxdur ki, özləri xalqımıza qarşı zaman-zaman qətliamlar, soyqırımlar törədiblər. Onların Xocalıda azərbaycanlılara qarşı qəddarcasına törətdikləri soyqırımı isə çox da uzaq olmayan bir dövrdə baş verib və bu soyqırımının canlı şahidləri vardır.
Diqqətə çatdırılıb ki, bu gün dövlətimizin məqsədyönlü fəaliyyəti nəticəsində dünyanın bir çox dövlətləri Xocalı soyqırımını tanıyır. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar da Xocalı faciəsini soyqırımı aktı olduğunu ­təsdiqləyirlər.
Konfransda Naxçıvan Müəllimlər İnstitutunun dosenti, tarix üzrə fəlsəfə doktoru Elçin Zamanov “Xocalı soyqırımı fakt və rəqəmlərlə”, institutun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Günel Məmmədova “Xocalı qurbanları: tarixin yaddaşında yaşayanlar” mövzusunda məruzələrlə çıxış ediblər.
Sonra Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş olunub, institutun əməkdaşları bədii kompozisiya ilə çıxış ediblər. Tədbirin sonunda tələbələrin faciəni əks etdirən rəsm əsərlərindən ibarət sərgiyə baxış olub.

*   *   *

“Naxçıvan” Universitetində “Azərbaycan xalqına qarşı törədilən soyqırımı – Xocalı faciəsi” mövzusunda konfrans keçirilib.
Əvvəlcə Xocalıda şəhid olan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransı giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açaraq bildirib ki, Xocalı soyqırımı mənfur erməni millətinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı siyasətinin davamıdır. Çıxışda ümummilli lider Heydər Əliyevin Xocalı faciəsinə əsl hüquqi-siyasi qiymət verilməsindəki mühüm xidmətlərindən, soyqırımı haqqında həqiqətlərin dünya ölkələrinə və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən bəhs olunub.
Konfransda universitetin Beynəlxalq münasibətlər kafedrasının müəllimləri Aysel Abbasovanın “XX əsrin sonlarında Azər­­baycanda baş verən siyasi hadisələr və Xocalı faciəsinə gedən yol”, Gülçin Ağayevanın “Xocalı faciəsi xalqımıza qarşı törədilən növbəti soyqırımı hadisəsidir”, Həbibə Əliyevanın “Xocalı faciəsinə verilən siyasi və hüquqi qiymət”, nəşriyyatın redaktoru Nuray Əsgərovanın “Xocalı faciəsi xarici mətbuatda” mövzularında çıxışları dinlənilib. Bildirilib ki, bu faciəni törədənlər gec-tez ədalət mühakiməsi qarşısına çıxacaq, törətdikləri dəhşətli cinayətlərə görə cavab verməli olacaqlar.
Sonda Xocalı hadisələrini əks etdirən slayd nümayiş etdirilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR