23 Dekabr 2024, Bazar ertəsi

Ölkəmizdə dövlət qadın siyasətinin təməl prinsiplərinin müəyyən edilməsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Öz əxlaqı, bacarığı, dəyanəti və mətanəti ilə örnək olan, vətənpərvərliyi, nəcibliyi və müdrikliyi ilə seçilən Azərbaycan qadını qəhrəman övladlar böyütməklə yanaşı, həyatımızın bütün sahələrində uğurlu fəaliyyət göstərir, cəmiyyət quruculuğuna öz dəyərli töhfələrini verirlər. Zəngin mədəni irsin daşıyıcısı olan xalqımız qadının ailədə və cəmiyyətdəki mövqeyinə böyük ehtiramla yanaşır.

Ölkəmizdə, o cümlədən muxtar respublikamızda qadın əməyinə yüksək qiymət verilir, müxtəlif sahələrdə onların uğurlu fəaliyyətinə hərtərəfli şərait yaradılır. Bu gün bütün dövlət strukturlarında olduğu kimi, iqtisadi təhlükəsizliyin keşiyində ayıq-sayıq dayanan gömrük orqanlarında da qadın əməkdaşların sayının ildən-ilə artması onların cəmiyyətimizdə fəal iştirakına göstərilən böyük etimaddan xəbər verir.

  Qeyd edək ki, Ulu Öndərimizin 24 fevral 1992-ci il tarixli qərarı ilə yaradılan  və ötən dövrdə böyük inkişaf yolu keçən Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi doğma diyarımızın iqtisadi təhlükəsizliyinin qorunmasına, xarici ticarət əlaqələrinin inkişafına xidmət edir. Gömrük xidməti hüquq-mühafizə orqanı kimi qaçaqmalçılıq və gömrük sahəsində digər hüquqpozma hallarına qarşı qətiyyətli mübarizə aparır. Biz də komitənin yaradılmasının 27-ci ildönümü ərəfəsində xanım gömrükçülərimizin bir neçəsi ilə görüşüb həmsöhbət olduq.

Gömrük xidməti polkovnik-leytenantı Minayə Nəsirova 15 ildir ki,bu orqanda çalışır. İki övlad anasıdır. Hələ orta məktəb illərindən gömrük orqanlarında işləmək arzusunda olduğundan ali məktəbə qəbul imtahanlarında bu ixtisası  seçdiyini bildirir. Naxçıvan Dövlət Universitetinin Gömrük işinin təşkili ixtisasını bitirib. Gömrük orqanlarında müxtəlif vəzifələrdə çalışan, biliyi, bacarığı, işgüzarlığı ilə seçilən gömrükçü xanım komitənin İnzibati idarəetmənin təşkili bölməsinin rəisi vəzifəsini icra edir.

O bildirir ki, muxtar respublikamızın hərtərəfli inkişaf tempinə uyğun olaraq gömrük orqanları da yeniləşir, müasirləşir. Gömrük nəzarəti və rəsmiləşdirilməsi tamamilə avtomatlaşdırılıb. İndi gömrük əməliyyatları kağızsız texnologiya əsasında həyata keçirilir. Gömrük işinin təşkili üçün yaradılan nümunəvi şəraitişimizi daha yaxşı qurmağa ruhlandırır. Naxçıvan gömrük sisteminin başdan-başa yenilənməsi, müasir infrastuktura və möhkəm maddi-texniki bazaya qovuşdurulması dövlətimizin bu sahəyə qayğısının nəticəsidir. Gömrük əməkdaşları da öz növbəsində çalışır ki, göstərilən qayğıya, etimada öz əməli işi ilə cavab versin.

Sevindirici haldır ki, gömrük sahəsində çalışanların da əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Minayə xanım da belə xoşbəxt, qürurlu gömrük əməkdaşlarındandır. Bu il ölkə başçısıcənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalıilə təltif edilib. O, göstərilən qayğıya, əməyinin qiymətləndirilməsinə görə dövlətimizə minnətdarlıq edərək deyir ki: Bu gün regionun ən güclü dövlətlərdən olan Azərbaycanın və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasının tərəqqisi üçün biz gömrükçülər üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək və ölkəmizin milli rifahı üçün bundan sonra da əlimizdən gələni əsirgəməyəcəyik.

2012-ci ilin may ayında ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə Naxçıvanda ilk gömrük laboratoriyası istifadəyə veriləndən sonra bu sahədə işlə təmin olunan gənc mütəxəssislərdən biri də gömrük xidməti kapitanı İnci Hüseynlidir. Gömrük orqanlarında uğurla xidmət edən bu xanım Naxçıvan Gömrük Ekspertizası İdarəsinin Ekspertiza şöbəsinin rəisi vəzifəsində çalışır. Ailəlidir. Deyir ki, adamın evində xoşbəxtlik, hüzur olanda, işində uğur da olur.

-Dövlət qayğısı hesabına dünyanın bir çox nüfuzlu firmalarının istehsalı olan avadanlıqlarla təchiz edilən gömrük laboratoriyası ölkə üzrə akkreditasiyadan keçib və ən yüksək standartlara cavab verir. İndi beynəlxalq akkreditasiyadan keçmək üçün lazımi işlər aparılır.  Belə olanda apardığımız analizlərin nəticələri başqa ölkələrdə də tanınacaq. Son illərdə əldə olunan nəticələrə əsasən deyə bilərik ki, Naxçıvan gömrük laboratoriyası əsasən qida təhlükəsizliyi üzrə ixtisaslaşıb.Malların keyfiyyət göstəricilərinin yoxlanılması spektrometriya, xromatoqrafiya, atom-adsorbsiya və fiziki-kimyəvi analizlər üzrə aparılır.Məqsədimiz muxtar respublikamızın təhlükəsiz qida məhsulları və digər keyfiyyətli mallarla təmin olunması işinə töhfə verməkdir.

Laboratoriya işi elədir ki, gərək daim öz üzərində işləyəsən, müasir texnologiyanı, yenilikləri öyrənəsən. Dövlətimizin bu sahəyə diqqət və qayğısı, göstərilən etimad məsuliyyətimizi daha da artırır, - deyən İnci Hüseynli müxtəlif xarici ölkələrdən, o cümlədən qardaş Türkiyədən dəvət olunan mütəxəssislərin iştirakı ilə keçirilən ixtisasartırma kurslarının, seminarların muxtar respublikamızda gömrük ekspertizası işinin günü tələbləri səviyyəsində qurulması baxımından əhəmiyyətli olduğunu qeyd edir.

Culfa gömrük postunun inspektoru, gömrük xidməti kapitanı Səidə Əsgərova hazırda bu gömrüksərhəd-buraxılış məntəqəsindən keçən vətəndaşların yoxlanılması, gömrük qanunvericiliyinə zidd halların aşkarlanıb aradan qaldırılması istiqamətində çalışır. Ötən il gömrük sahəsində hüquqpozmalara qarşı mübarizədə əldə etdiyi nailiyyətlərə görə “Gömrük xidməti əlaçısı” döş nişanı ilə təltif olunub.

Söhbət zamanı vurğulayır ki, bu il 190 yaşı tamam olan Culfa gömrüksərhəd-buraxılış məntəqəsi Azərbaycanın üç ən qədim gömrükxanasından biridir.Muxtar respublikamızın xarici ticarət dövriyyəsində, tranzitin artmasında mühüm rol oynayır. Digər tərəfdən, Azərbaycanın digər bölgələrinə və əks istiqamətdə yüklərin daşınması, minik maşınlarının və avtobus reyslərinin hərəkəti bu gömrük orqanı vasitəsilə həyata keçirilir. Çalışırıq ki, gömrük sərhəd-buraxılış məntəqəsindən istifadə edən vətəndaşlarımıza, turistlərə, biznes subyeklərinə nümunəvi xidmət göstərək.

“Culfa gömrük sərhəd-buraxılış məntəqəsi 24 saat faəliyyət göstərir, gecə növbəsi sizi yormur ki”,- sualımıza Səidə xanım belə cavab verir:  Mən bu peşəni sevib, seçib bu sahəyə gəlmişəm. İstəyirəm gələcəkdə övladım da bu uniformanı əynində daşısın. İşimizin məsuliyyətini dərk edirik, ölkəmizin, muxtar respublikamızın iqtisadi təhlükəsizliyinin təmin olunması, daxili bazarın qorunması, qaçaqmalçılığa qarşı mübarizə sahəsində üzərimizə düşən vəzifələri səylə yerinə yetirməyə çalışırıq. Bu mənada biz də bu xalqın əsgərləriyik. Vətənə, millətə, dövlətə xidmətin gecəsi, gündüzü olmaz.

Gömrük xidməti kapitanı Nigar Seyidova isə Ulu Öndərimizin yadigarı olaraq iki qardaş ölkəni bir-birinə birləşdirən Ümid körpüsündə - Sədərək gömrük-sərhəd buraxılış məntəqəsində xidmət edir. Retgen-baxış qurğusu üzrə peşəkar operatorlardandır. Söhbət zamanı qeyd edir ki, Naxçıvan gömrük sistemində ən müasir texniki nəzarət vasitələri tətbiq olunur, bu isə gömrük nəzarətinin daha çevik və səmərəli şəkildə həyata keçirilməsinə imkan verir.

Naxçıvan şəhərində yaşasa da  xidmət yerinə gedib gəlmək digər həmkarları kimi onun üçün də rahatdır. Gömrük orqanlarının balansındakı müasir avtobuslar əməkdaşları vaxtlı-vaxtında xidmət yerinə çatırır.

Həmsöhbətimin dediklərindən: Sevindirici haldır ki, muxtar respublikamızın hər bir guşəsində aparılan çoxşaxəli abadlıq-quruculuq işləri gömrük sistemini də əhatə edir. Bu məqsədyönlü tədbirlərin davamı olaraq Sədərək gömrük sərhəd-buraxılış məntəqəsi üçün də modern kompleks tikilir. Muxtar respublikamızın Avropaya açılan qapısında müasir infrasturkturun yaradılması xidmətin səviyyəsini yüksəldəcək, gömrük keçidi daha rahat və asan olacaqdır.

Bəli, bu gün bir daha şahid olduq ki,bütün sahələrlə yanaşı, gömrük orqanlarımızda da qazanılan uğurlarda qadınlarımızın fədakar əməyi, böyük zəhməti vardır. İnanırıq ki, üzərlərindəki sosial yükün ağırlığına baxmayaraq dövlət işlərində, xüsusilə də hüquq-mühafizə orqanlarımızın sıralarında uğurla fəaliyyət göstərən xanımlarımız bundan sonra da ölkəmizin, o cümlədən doğma Naxçıvanımızın inkişafına, qüdrətlənməsinə, həmçinin ailə dəyərlərimizin, mədəniyyətimizin qorunub saxlanılmasına öz töhfələrini verəcəklər.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR