23 Dekabr 2024, Bazar ertəsi

Ulu öndər Heydər Əliyev Naxçıvanda Ali Məclisin Sədri işlədiyi dövrdə muxtar respublikanın iqtisadi maraqlarının və mənafelərinin qorunması, gömrük xidmətinin formalaşdırılması məqsədilə kompleks tədbirlər həyata keçirib. Həmin illərdə İran ərazisindən keçməklə Azərbaycanın digər bölgələri ilə nəqliyyat əlaqəsinin qurulması, Sədərək-Dilucu və Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqələrinin yaradılması blokadada olan Naxçıvanın böhranlı vəziyyətdən çıxarılmasında, gömrük və ticarət əlaqələrinin inkişafında mühüm rol oynayıb. Əlverişli coğrafi mövqedə yerləşən Naxçıvanda səmərəli xarici iqtisadi fəaliyyətin təşkili, idxal-ixrac əməliyyatlarına dövlət nəzarət sisteminin təmin edilməsi məqsədilə atılmış ən mühüm addımlardan biri də gömrük orqanlarının vahid mərkəzdən idarə edilməsinin təşkili olub. “Gömrük orqanlarının, gömrük xidmətinin dövlətin iqtisadiyyatında, ümumiyyətlə, dövlətçilikdə çox böyük rolu vardır”, – deyən ümummilli liderimiz Heydər Əliyevin 1992-ci il 24 fevral tarixli Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi yaradılmışdır.

Ulu öndərin ölkəmizə rəhbərliyi dövründə gömrük xidmətinin müasir tələblər səviyyəsində qurulması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi fəaliyyətin hərtərəfli təşkilinə səbəb olmuş, gömrük orqanları mühüm təşkilatlanma və inkişaf yolu keçmişdir. Bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən dahi rəhbərin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir ki, gömrük sistemi də ilbəil təkmilləşir, bu sahəyə dövlət qayğısı artır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun gömrük xidmətinin müasir tələblər səviyyəsində qurulması istiqamətində həyata keçirdiyi ardıcıl tədbirlər öz bəhrəsini verib. Ötən dövrdə muxtar respublika gömrük sistemi böyük inkişaf yolu keçib, qonşu Türkiyə Respublikası və İran İslam Respublikası ilə imzalanmış sazişlər, həyata keçirilən rəsmi səfərlər sayəsində xarici əlaqələrin əhatə dairəsi xeyli genişlənib. Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsinə beynəlxalq status verilib, Sədərək və Culfa gömrük sərhəd-buraxılış məntəqələrinin iş rejimi 24 saata çatdırılıb. Culfa gömrük sərhəd-buraxılış məntəqəsinin ötən ilin may ayından fasiləsiz olaraq fəaliyyət göstərməsi Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikasının digər bölgələrinə və əks-istiqamətdə yük və minik maşınlarının, o cümlədən avtobus reyslərinin müntəzəm hərəkətinə şərait yaradıb. Bu ilin yanvar ayında isə Şahtaxtı-Poldəşt gömrük sərhəd-buraxılış məntəqəsinin iş saatı əlavə 4 saat artırılaraq 16 saata çatdırılıb.
Dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə muxtar respublika gömrük sistemində müasir infrastruktur və möhkəm maddi-texniki baza formalaşdırılıb. 2007-ci ildə Culfa, 2009-cu ildə Şahtaxtı, 2012-ci ildə isə Naxçıvan Şəhər Gömrük idarələri üçün müasir gömrük kompleksləri, 2014-cü ildə Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsi üçün yeni inzibati bina, 2015-ci ildə “Naxçıvanterminalkompleks” Birliyi üçün inzibati bina və anbar kompleksinin istifadəyə verilməsi, eləcə də gömrük laboratoriyasının yaradılması xidmətin müasir tələblər səviyyəsində qurulmasına səbəb olub. 2018-ci ildə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin inzibati binası əsaslı şəkildə təmir edilib. Sədərək gömrük sərhəd-buraxılış məntəqəsi üçün 18 hektara yaxın ərazidə beynəlxalq standartlara uyğun inşa olunan müasir kompleksin tikinti işləri yekunlaşdırılıb.
Son illər muxtar respublikamızda gömrük işinin daha səmərəli və müasir standartlara uyğun şəkildə təşkili istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin strukturunun inkişaf etmiş dünya ölkələrinin praktikasına uyğun şəkildə yenidən formalaşdırılması gömrük xidmətinin keyfiyyətinin artmasına, əməkdaşlardan daha səmərəli istifadəyə imkan yaradır. Culfa, Şahtaxtı və Sədərək gömrük sərhəd-buraxılış məntəqələrində quraşdırılan rentgen-nəzarət qurğuları muxtar respublikaya bütün istiqamətlərdən gələn yüklərə və yük nəqliyyat vasitələrinə gömrük nəzarətini daha dolğun və sürətli şəkildə həyata keçirməyə imkan verir. Qeyd edək ki, Almaniya istehsalı olan həmin yoxlama-baxış qurğuları dünyanın inkişaf etmiş ölkələrinin gömrük sistemində tətbiq olunan ən müasir müayinə sistemidir.
Komitənin “Hədəf mərkəzi”ndə muxtar respublika ərazisində malların və nəqliyyat vasitələrinin hərəkətinin izlənilməsi, gömrük orqanlarında quraşdırılmış müasirtipli müşahidə kameralarının imkanlarından istifadə olunmaqla iş prosesinə 24 saat nəzarət edilməsi, gömrük əməliyyatlarının monitorinqinin aparılması və riskin idarə olunması sistemi əsasında effektiv gömrük nəzarəti həyata keçirilir. Gömrük sərhəd-buraxılış məntəqələrindən muxtar respublika ərazisinə idxal və ya tranzit rejimində daxil olan yüklü nəqliyyat vasitələri xüsusi mexaniki kilidlə – GPS sistemi ilə təmin olunur, müəyyən edilmiş marşrut üzrə təyinat gömrük orqanına vaxtlı-vaxtında çatdırılma nəzarətdə saxlanılır.
Muxtar respublikada sərhədi keçən mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti vahid elektron sistem vasitəsilə həyata keçirilir. Belə ki, gömrük bəyannamələri və digər mal-müşayiət sənədləri gömrük orqanlarına elektron imza ilə təsdiq olunmaqla elektron formada təqdim edilir. Gömrük rəsmiləşdirilməsinin asanlaşdırılması, şəffaflığın təmin edilməsi, əməkdaşlığın artırılması məqsədilə informasiya texnologiyalarının tətbiqi və elektron xidmətlərin coğrafiyası ilbəil genişləndirilir. Gömrük sərhəd-buraxılış məntəqələrində tətbiq edilən “Sərhəd keçmə vaxtının ölçülməsi” sistemi sərhəd keçmədən buraxılışa qədər olan müddəti müəyyən etməyə, gömrük prosedurlarının yerinə yetirilməsini, mal və nəqliyyat vasitələrinin hərəkətini ləngidən səbəbləri aşkarlayıb aradan qaldırmağa imkan verir.
Muxtar respublikaya gətirilən malların rəsmiləşdirilməsi beynəlxalq standartlar tətbiq edilməklə “bir pəncərə” prinsipinə uyğun şəkildə həyata keçirilir. Gömrük işi sahəsində risklərin avtomatlaşdırılmış idarəetmə sisteminin təkmilləşdirilməsi, gömrük nəzarətinin səmərəliliyinin artırılması məqsədilə malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsində “Yaşıl dəhliz” və beynəlxalq təcrübədə mövcud olan digər buraxılış sistemləri tətbiq olunur. Xarici iqtisadi fəaliyyət iştirakçısı sənədlərini gömrük qanunvericiliyinin tələblərinə uyğun olaraq tərtib və təqdim etdikdə rəsmiləşdirmə bir neçə dəqiqə ərzində başa çatdırılır.
Gömrük xidməti muxtar respublikamızın iqtisadi mənafeyini və təhlükəsizliyini etibarlı şəkildə qoruyur. Büdcə öhdəliyi hər il artıqlaması ilə yerinə yetirilir, dövlət büdcəsinin formalaşmasında gömrük orqanlarının rolu artır. Dövlət Gömrük Komitəsi, eyni zamanda hüquq-mühafizə orqanı olaraq əməliyyat-axtarış fəaliyyətinin genişləndirilməsi ilə qaçaqmalçılıq və digər hüquqpozma hallarına qarşı mübarizənin gücləndirilməsi istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirir. Bu məqsədlə ən mütərəqqi üsullаrdаn istifаdə оlunur, digər hüquq-mühafizə orqanları ilə birgə fəaliyyət təmin olunur. Bu sahədə görülən qabaqlayıcı tədbirlərin nəticəsi olaraq son illər hüquqpozma faktlarının aşkar olunmasında artan dinamika müşahidə edilir. 2018-ci ildə muxtar respublika üzərindən tranzit hərəkət edən iki yük nəqliyyat vasitəsindən, ümumilikdə, 207,6 kiloqram narkotik vasitə – heroin aşkarlanması texniki nəzarət vasitələrindən səmərəli istifadənin uğurlu göstəricisidir.
Gömrük orqanlarının fəaliyyətində prioritet istiqamətlərdən biri də daxili bazarın qorunmasıdır. Bu sahədə görülən işlər xaricə valyuta axınının qarşısını alır, məşğulluğu təmin edir, iqtisadiyyatın davamlı inkişafına münbit şərait yaradır. Gömrük orqanları tərəfindən yerli istehsalçıların mənafeyinin qorunması, daxili bazarda yerli istehsal məhsullarının satışının stimullaşdırılması istiqamətində görülən işlər nəinki muxtar respublikanın ərzaq təhlükəsizliyinin həllinə, o cümlədən ixrac potensialının artmasına da əlavə stimul verir. Gömrük orqanları tərəfindən xaricdən idxal istiqamətində gətirilən malların, o cümlədən qida məhsullarının keyfiyyətinə ciddi nəzarət olunur. Keyfiyyət göstəricilərinin təyini ilə bağlı məhsullardan alınan prob və nümunələrin ekspertizası həyata keçirilir.
Muxtar respublikanın sosial-iqtisadi inkişafının məntiqi nəticəsi olaraq hər il ixracın həcmi idxalı üstələyir, xarici ticarət əlaqələri genişlənir. Artıq Naxçıvan Muxtar Respublikası dünyanın 60-dan çox ölkəsi ilə ticarət əməliyyatları aparır. Qonşu İran və Türkiyənin gömrük xidmətləri ilə mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri ticarət və gömrük münasibətlərinin inkişafına öz müsbət təsirini göstərir.
Gömrük orqanları iqtisadi təhlükəsizliyi təmin etməklə yanaşı, sahibkarlığın stimullaşdırılmasına, biznes mühitinin daha da yaxşılaşmasına, muxtar respublikamızın tranzit potensialının güclənməsinə və turizmin inkişafına da öz töhfəsini verir. Bu məqsədlə biznes subyektləri ilə vaxtaşırı görüşlər keçirilir, sahibkarların rəy və təklifləri öyrənilir. Gömrük sərhəd-buraxılış məntəqələrində quraşdırılmış köşklər vasitəsilə fiziki şəxslər, o cümlədən turistlər sadələşdirilmiş elektron bəyannaməni doldurur, həmçinin gömrük qanunvericilik bazası və səyahətçilər üçün gömrük nəzarəti ilə bağlı qaydalarla tanış olurlar. Gömrük sərhəd-buraxılış məntəqələrində quraşdırılan monitorlarda Naxçıvan Muxtar Respublikasının zəngin turizm potensialı ilə bağlı ­videoçarxlar nümayiş etdirilir.
Bu gün əminliklə deyə bilərik ki, gömrük işi sahəsində muxtar respublikada yaradılan hərtərəfli şərait qarşıya qoyulmuş vəzifələrin bundan sonra da uğurla icra olunmasına imkan verəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Gömrük Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR