Azərbaycan elmi ictimaiyyətinin yaxşı tanıdığı gözəl ziyalı, bioloq alim, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Tariyel Talıbovun 70 yaşı tamam olur.
Tariyel Talıbov 1949-cu il fevralın 22-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Siyaqut kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1966-cı ildə Siyaqut kənd orta məktəbini, 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsini bitirmişdir. Universiteti bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının Naxçıvan Elm Mərkəzinə kiçik elmi işçi vəzifəsinə qəbul olunmuş, 1974-cü ildən Naxçıvan Dövlət Pedaqoji İnstitutunun (indiki Naxçıvan Dövlət Universiteti) Kimya-biologiya kafedrasında baş laborant, müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 1989-2003-cü illərdə Naxçıvan Dövlət Universitetində Botanika kafedrasına rəhbərlik etmişdir.
Tariyel Talıbov istehsalatdan ayrılmadan Azərbaycan Elmlər Akademiyası Genetika və Seleksiya İnstitutunun aspiranturasına qəbul olunmuş, 1986-cı ildə “Naxçıvan MSSR-də ərik genofondunun qiymətləndirilməsi” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi, 2003-cü ilin mart ayında isə Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunda “Naxçıvan Muxtar Respublikasının flora biomüxtəlifliyi, onun səmərəli istifadəsi və qorunması” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək biologiya elmləri doktoru alimlik dərəcəsi, 2008-ci ildə Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adı almışdır.
Bütün uğurlarına, elmi işlərinin müvəffəqiyyətli nəticələrinə baxmayaraq, professor Tariyel Talıbov respublikanın paytaxtına can atmamış, muxtar respublikada yaşayıb-yaratmışdır. Elmi nailiyyətləri, rəhbərlik qabiliyyəti nəzərə alınaraq 2003-cü ildə AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru vəzifəsinə təyin olunmuşdur və indi də bu vəzifədə çalışır.
Tariyel Talıbov Naxçıvan Muxtar Respublikasının flora biomüxtəlifliyinə, faydalı bitki sərvətlərinə, nadir, endemik, relikt, nəsli kəsilmək təhlükəsi altında olan bitki növlərinə, onların səmərəli istifadəsinə və mühafizəsinə aid 300-ə yaxın elmi əsərin müəllifidir. İkicildlik “Naxçıvan Ensiklopediyası” (müəlliflər qrupu ilə), “Naxçıvan Muxtar Respublikasının flora biomüxtəlifliyi və onun nadir növlərinin qorunması”, 2 cilddən ibarət “Naxçıvan Muxtar Respublikasının Qırmızı kitabı”, “Naxçıvan abidələri ensiklopediyası” (müəlliflər qrupu ilə), “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri” (Azərbaycan və rus dillərində), “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” (müəlliflər qrupu ilə), “Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri”, “Naxçıvan Muxtar Respublikasının zəhərli bitkiləri” həmin əsərlər içərisində xüsusi yer tutur. Alimin bəzi əsərləri xarici jurnallarda nəşr edilmişdir.
Tariyel Talıbovun Naxçıvan Muxtar Respublikasının faunasına dair “Naxçıvan Muxtar Respublikasında nadir heyvan növləri və onların genofondunun qorunması”, “Azərbaycanda Asiya muflonu və bezoar keçisinin qorunma strategiyası”, “Naxçıvan Muxtar Respublikasının onurğalılar faunasının taksonomik spektri”, “Naxçıvan Muxtar Respublikasının faunası: Balıqlar və suda-quruda yaşayanlar” və digər kitabları mühüm elmi əhəmiyyət kəsb edir.
Elmi-tədqiqat işləri zamanı toplanılan minlərlə şəxsi herbari nüsxəsi əsasında Naxçıvan Dövlət Universitetində “Herbari fondu” yaradılmış, universitetin Botanika kafedrasının tədris-təcrübə sahəsində 27-dən çox nadir və ya məhv olmaq təhlükəsi altında olan bitki becərilmişdir.
Görkəmli alim və tanınmış pedaqoq Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının Ordubad ərazisində nadir bitki və onurğalı növlərini tədqiq etmiş, bir çox taksonlar aşkar edərək qoruq və yasaqlıqların yaradılması vacibliyini elmi cəhətdən əsaslandırmışdır. O, Naxçıvan Muxtar Respublikasının flora biomüxtəlifliyinin təbii ehtiyatı bol olan dərman, texniki, bəzək bağçılığı və qida əhəmiyyətli növləri də tədqiq etmiş, səmərəli istifadə olunmaları üçün çalışmış və flora biomüxtəlifliyinin nadir növlərinin genofondunun qorunması üçün təkliflər vermişdir.
Tariyel Talıbov 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir.
Aspirant və dissertantlarından 7-si biologiya üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə etmiş, məsləhətçi olduğu 2 nəfərdən biri aqrar elmlər üzrə elmlər doktoru dissertasiya işini müdafiə etmiş, bir nəfər isə biologiya üzrə elmlər doktoru dissertasiya işini müdafiə üçün təqdim etmişdir. Bu vaxta qədər 15-dən çox doktorluq və namizədlik dissertasiyası işlərinə opponentlik etmişdir.
Akademik respublikamızın hüdudlarından kənarda da tanınır və elmi əsərlərindən istifadə olunur. Onun ciddi təşkilatçılıq fəaliyyəti sayəsində rəhbərlik etdiyi Bioresurslar İnstitutunda son 15 ildə 6 nəfər elmlər doktoru, 21 nəfər fəlsəfə doktoru yetişdirilmişdir.
Tariyel Talıbov AMEA Botanika İnstitutunda 2013-2014-cü illərdə fəaliyyət göstərən Dissertasiya Şurasının sədr müavini, 2016-2018-ci illərdə isə AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda fəaliyyət göstərən “Botanika” və “Fiziki kimya” üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yaradılan Dissertasiya Şurasının sədri olmuşdur.
2005, 2010 və 2015-ci illərdə 12 saylı Şərur Seçki Dairəsindən III, IV və V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinə deputat seçilən alim muxtar respublikanın ictimai həyatında fəal iştirak edir.
Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun elan etdiyi 2 layihənin qalibi olmuş və layihə müvəffəqiyyətlə yerinə yetirilmişdir. Ümumdünya Təbiəti Mühafizə Fondunun (ÜDTMF- WWF) elan etdiyi layihə onun rəhbərliyi ilə artıq yerinə yetirilmişdir. ÜDTMF Qafqaz ekoregionu üzrə Azərbaycan Respublikasından 2006-cı ildən indiyə kimi biomüxtəlifliyin mühafizəsi üzrə ekspert şurasının üzvü olan akademik şuranın Bakı, Tbilisi və Berlində keçirilən vaxtaşırı toplantılarında iştirak etmişdir. 10 oktyabr 2014-cü ildə Qafqaz ekoregionunda bəbirin monitorinqinə dair apardığı uğurlu və fundamental tədqiqatlara görə ÜDTMF tərəfindən xüsusi sertifikat və döş nişanı ilə təltif edilmişdir. Hazırda alim həmin fondun Naxçıvan Muxtar Respublikası ərazisində “Cənubi Qafqazda bəbirlərin mühafizəsi” layihəsinə rəhbərlik edir.
Çoxillik səmərəli elmi, elmi-təcrübi və təşkilatçılıq fəaliyyəti bir çox fəxri adlarla, təltif və mükafatlarla yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 3 avqust tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar “Yubiley qızıl medalı” ilə təltif olunmuşdur. Bundan başqa, alim təbiət elmləri sahəsində əldə edilmiş mühüm əhəmiyyətli, fundamental və tətbiqi elmi nəticələrə görə 15 avqust 2015-ci ildə AMEA-nın Həsən bəy Zərdabi adına mükafatına layiq görülmüşdür.
Görkəmli alim, tanınmış pedaqoq Tariyel Talıbov sadə, təvazökar, xeyirxah və nəcib insani keyfiyyətlərə, qeyri-adi elmi və təşkilatçılıq qabiliyyətinə malik olduğundan muxtar respublikada böyük nüfuz və hörmət qazanmışdır.
Tariyel Talıbovu 70 illik yubileyi münasibətilə təbrik edir, ona sağlam və mənalı ömür, yeni-yeni uğurlar arzulayırıq.
Elşad QURBANOV
Bakı Dövlət Universitetinin
Botanika kafedrasının müdiri,
AMEA-nın müxbir üzvü, professor
“Xalq qəzeti”, 21 fevral 2019-cu il