23 Dekabr 2024, Bazar ertəsi

Fevralın 18-də Heydər Əliyev Muzeyinin yaradılmasının 20 illiyinə həsr olunmuş tədbir keçirilib.

 Muzeydə keçirilən tədbiri Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova giriş sözü ilə açaraq bildirib ki, milli-mənəvi dəyərlərimizin, tarixi yaddaşımızın gələcək nəsillərə çatdırılmasında muzeylərimizin rolu əvəzsizdir. Ümummilli lider Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə geniş muzeylər şəbəkəsinin yaradılmasına xüsusi diqqət və qayğı göstərib. Bu gün doğma Vətənimizdə, o cümlədən qədim diyarımızda ümummilli liderin siyasi kursu layiqincə davam etdirilir. Muzeylərin yaradılmasına və inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə böyük diqqət və qayğı göstərilir. 

Qeyd edilib ki, bu gün iyirmiillik bir tarixə malik Heydər Əliyev Muzeyinin muxtar respublikada yaradılan muzeylər içərisində xüsusi yeri və əhəmiyyəti vardır. Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 1999-cu il 18 fevral tarixli Sərəncamı ilə yaradılıb. Bu sərəncam Heydər Əliyev şəxsiyyətinə olan sonsuz ehtiram və məhəbbətin bariz nümunəsidir.
Nazir qeyd edib ki, Naxçıvan şəhərinin mərkəzində yerləşən Heydər Əliyev Muzeyi 10 may 1999-cu ildə 420 eksponatla fəaliyyətə başlayıb. Muzeydə hazırda 4746 eksponat vardır. Bu gün ümummilli liderimizin həyat və fəaliyyətini əks etdirən çoxsaylı muzeylər fəaliyyət göstərməkdədir. Muxtar respublikamızın paytaxtındakı Heydər Əliyev Muzeyi isə ulu öndərimizin dünyaya gəldiyi və ilk əmək fəaliyyətinə başladığı şəhərdə yaradılıb. Bu həm də o deməkdir ki, dahi şəxsiyyətin zəngin dövlətçilik təcrübəsindən bəhrələnmək məhz ilk dəfə Naxçıvanda reallaşdırılıb.
Hələ sağlığında canlı əfsanəyə çevrilən, öz xalqının tarixi taleyində müstəsna rol oynayan bu dahi şəxsiyyətin irsi, onun idarəçilik məktəbi bu gün də öyrənilir, zəngin təcrübəsindən hamı bəhrələnir. Bu işdə Heydər Əliyev Muzeyinin də mühüm rolu vardır. Muzeydə ­görkəmli dövlət xadiminin həyatı və fəaliyyəti ilə bağlı nə varsa, ehtiramla qorunur, tədqiq və təbliğ edilir. Onun zəngin irsi və dövlətçilik təcrübəsinin öyrənilməsi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində müstəsna rol oynayır. Ötən illər ərzində Heydər Əliyev Muzeyi ümummilli liderimizin həyat və fəaliyyət fəlsəfəsinin, elmi-nəzəri irsinin, Azərbaycançılıq ideologiyasının öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması kimi şərəfli missiyanı layiqincə yerinə yetirib. Bu gün də bu işlər uğurla davam etdirilir.
Vurğulanıb ki, 20 il ərzində Heydər Əliyev Muzeyində ümummilli liderin ictimai-siyasi fəaliyyətini öyrənmək, tədqiq və təbliğ etmək üçün mühüm işlər həyata keçirilib. Bu illərdə muzeyin maddi-texniki bazası möhkəmləndirilib, internet saytı fəaliyyətə başlayıb.
Muzeyin həyatında ən əlamətdar hadisələrdən biri 1999-cu ilin ok­tyabr ayında ulu öndər Heydər Əliyevin muzeyin ekspozisiyası ilə tanış olmasıdır. Bu ziyarət zamanı çəkilmiş fotolar muzeyin dəyərli eksponatları siyahısındadır. Muzeyin xatirə kitabında dünyanın müxtəlif xalqlarının nümayəndələrinin ulu öndər haqqında yazdığı fikirlər də maraq doğurur.
Nazir çıxışının sonunda bu əlamətdar gün münasibətilə tədbir iştirakçılarını və muzeyin əməkdaşlarını təbrik edib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi Anar İbrahimov “Heydər Əliyev: siyasi irsi və müasir Azərbaycan” mövzusunda çıxış edərək bildirib ki, ümummilli lider həmişə Azərbaycanı düşünüb, onun taleyi ilə yaşayıb, doğma Vətəninin dünyada tanıdılması üçün müstəsna xidmətlər göstərib. Heydər Əliyevin genişmiqyaslı fəaliyyətindən söhbət açan Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi ulu öndərin siyasi irsindən geniş və ətraflı məlumat verib. Qeyd edilib ki, onun siyasi irsi bu gün də öyrənilir və bütün nəsillər ondan bəhrələnəcəkdir.
Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev “Heydər ­Əliyev və Azərbaycan gəncliyi” mövzusunda çıxışında bildirib ki, ölkəmizdə gənclər siyasətinin əsasını ümummilli liderimiz Heydər Əliyev qoyub. Ulu öndər sağlamdüşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi kimi daim diqqət mərkəzində saxlayıb, gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin olunmasını prioritet məsələ elan edib.
Ümummilli liderin dövlət gənclər siyasəti bu gün də ölkəmizdə, eləcə də muxtar respublikamızda uğurla davam etdirilir.
Heydər Əliyev Muzeyinin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Ramil Orucəliyev “Heydər Əliyev Muzeyi 20 ildə” adlı çıxışında bildirib ki, muxtar respublikamızda keçirilən dövlət tədbirlərində insanların muzey önündə ucalan ümummilli ­liderimizin əzəmətli abidəsini və Heydər Əliyev Muzeyini ehtiramla ziyarət etmələri ənənə şəklini alıb. Bu, ulu öndərin şəxsiyyətinə və dühasına sonsuz sevgi və ehtiramın ifadəsidir.
Sonda muzeyin ekspozisiyasına baxış olub.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR