23 Dekabr 2024, Bazar ertəsi

Bu gün hamımız təsdiq edərik ki, muxtar respublikamızda ulu öndər Heydər Əliyev siyasi kursuna sədaqət və ehtiramın, Onun müəyyənləşdirdiyi yola inamın nəticəsi kimi diyarımızda siyasi və makroiqtisadi sabitliyə tam nail olunub, iqtisadiyyatın bütün sahələrində aparılan köklü islahatlar bəhrələrini verib, dinamik sosial-iqtisadi inkişafın möhkəm təməli yaradılıb. Təbii ki, bunların hamısı muxtar respublika sakinlərinin həyat səviyyəsinin yüksəlməsinə, yaşayış tərzinin yaxşılaşdırılmasına öz müsbət təsirini göstərib. Bu da xüsusi vurğulanmalıdır ki, belə uğurlara ancaq sabitliyin, əmin-amanlığın təmin edildiyi və daimi xarakter aldığı diyarda nail olmaq mümkündür. 

Qazanılan nailiyyətlər 2018-ci ildə də öz həcmi ilə diqqəti çəkir. Bəhs olunan ilin ən mühüm hadisəsi ölkə Prezidenti cənab İlham Əliyevin muxtar respublikaya növbəti səfər etməsidir. Səfər çərçivəsində dövlət başçısı Naxçıvan Müəllimlər İnstitutunun və Qaraxanbəyli kəndində 6 nömrəli tam orta məktəb binasının, hərbi xəstəxananın, Naxçıvan Şəhər Təmizləyici Qurğular Kompleksinin, Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin birinci mərhələsinin açılışlarında iştirak edib, Dövlət Sərhəd Xidmətinin sərhəd dəstəsində və Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində yaradılan şəraitlə tanış olub.

Dövlət başçısı 2018-ci il mayın 16-da Ordubad Su Elektrik Stansiyasının tikintisi, muxtar respublika ərazisində meliorativ tədbirlərin görülməsi, Culfa-Ordubad magistral yolunun tikintisi və Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair 4 sərəncam imzalayıb, ümumilikdə, bu işlərin həyata keçirilməsi üçün Naxçıvan Muxtar Respublikasına 55 milyon manat vəsait ayrılıb.
Müasir tarixə yazılan mühüm hadisələrdən biri də Naxçıvanın 2018-ci il üçün İslam Mədəniyyətinin və ölkə­mizin Gənclər Paytaxtı statuslarını uğurla başa vurmasıdır. Muxtar respublika paytaxtında “Avropa günləri”nin, Türk Şurası Gənc Liderlərinin ilk forumunun keçirilməsi də qədim diyarın tarixən formalaşmış mərkəz kimi əhəmiyyətini xeyli artırıb.
Muxtar respublikada sosial-iqtisadi inkişafın təmin olunması bütün sahələrdə nailiyyətlərin qazanılmasına səbəb olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədri olduğu “Caspian European Club”un 2017 və 2018-ci illərdə ölkə­mizin iqtisadi regionları üzrə hazırladığı illik investisiya reytinqində Naxçıvan Muxtar Respublikasının ən yüksək bal toplayaraq lider olması bunu bir daha təsdiq edir.
Bəhs olunan dövr muxtar respublikada yeni istehsal müəssisələrinin işə salınması iqtisadiyyatın çoxsahəli inkişafı, məşğulluq səviyyəsinin yüksəldilməsi, sosial layihələrin uğurla həyata keçirilməsi ilə də yadda qalıb. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin ötən dövründə ümumi daxili məhsulun həcmi 1,2 faiz artaraq 2 milyard 422 milyon manata yaxın olub. Onun bir nəfərə düşən həcmi 5 min 330 manat təşkil edib. Bu da 2017-ci ilin müvafiq dövründəki göstəricidən 2 faiz çoxdur. Ümumi daxili məhsulun 57 faizdən çoxu istehsalın payına düşüb.
Muxtar respublikada həyata keçirilən tədbirlər, yeni emal müəssisələrinin fəaliyyətə başlaması sənayenin inkişafına da əhəmiyyətli təsir göstərib. Ötən il istehsal edilən sənaye məhsulunun həcmi artaraq 900 milyon manata yaxın olub. Görülən tədbirlər kənd təsərrüfatının inkişafına öz təsirini göstərib, muxtar respublikada 411 milyon manatdan çox kənd təsərrüfatı məhsulları istehsal edilib. Bu, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz çoxdur.
Görülən işlər əhalinin məşğulluq səviyyəsini artırıb, yeni iş yerləri açılıb. Belə ki, bəhs olunan dövrdə muxtar respublika üzrə 2024 yeni iş yeri yaradılıb. Bunun da 98 faizi daimi iş yerləridir.
Ötən il insan və vətəndaş hüquq və azadlıqlarına hörmət prinsipinə də daha ciddi önəm verilib. Öz fəaliyyətini bu prinsip əsasında quran Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər yeni müstəviyə qədəm qoyub.
Bəhs olunan dövrdə 36 min 197 nəfərə ümumvətəndaş pasportu, 38 min 150 vətəndaşa şəxsiyyət vəsiqəsi verilib, ötən ilin noyabr ayından isə muxtar respublika sakinlərinə biometrik şəxsiyyət vəsiqələrinin verilməsi işinə başlanılıb. 2017-ci illə müqayisədə ötən il muxtar respublikada vətəndaşlara verilmiş ümumvətəndaş pasportlarının sayında 14 min 31, şəxsiyyət vəsiqələrinin sayında isə 4242 vahid artımın müşahidə olunması diyarımızda sosial-demo­qrafik göstəricilərin yüksəlməsinin bariz nümunəsidir.
Sosial-iqtisadi inkişafın daha bir göstəricisi bəhs olunan dövrdə muxtar respublikaya gətirilən xarici avtomobillərin sayında da ciddi nəzərə çarpır. Ekoloji tarazlığın saxlanması, vətəndaşların sağlam mühitdə yaşamaq hüququnun təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2012-ci il 13 yanvar tarixli “Naxçıvan Muxtar Respublikasının ərazisində istifadəyə buraxılan avtonəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılması haqqında” Qərarına əsasən muxtar respublika ərazisinə gətirilən avtomobillərin beynəlxalq standartlara uyğunluğu nəzərə alınmaqla 2018-ci ildə 269-u ilkin, 6541-i təkrar olmaqla, ümumilikdə, 6810 mexaniki nəqliyyat vasitəsi qeydə alınıb.
Yоl hərəkəti təhlükəsizliyinin təmin еdilməsi sаhəsində hadisələrin birbaşa qarşısının alınması istiqamətində həyata keçirilən profilaktik tədbirlərin, geniş maarifləndirmə işlərinin nəticəsində 2017-ci illə müqayisədə 2018-ci ildə qəzaların sayı 54 faiz azalaraq 13-ə qarşı 7, qəzalar nəticəsində ölənlərin sayı 12-yə qarşı 7 olmaqla, 5 vahid azalıb, xəsarət alan olmayıb.
2019-cu ildə 2018-ci ili məhz belə böyük uğurları, həyatımıza gətirdiyi yenilikləri ilə xatırlamağa tam haqqımız var. Geriyə dönüb vidalaşdığımız ilə baxanda qəlbimizdə həmin hisslər baş qaldırır. Çünki yola saldığımız il hər birimizin həyatına ayrı-ayrı firavan izlər salıb.
Hər il olduğu kimi, ötən il də muxtar respublikada infrastrukturun yenidən qurulması, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilib, hər bir sahədə nailiyyətlər əldə edilib. İqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılmasının müsbət nəticələri, insan hüquq və azadlıqlarının yüksək səviyyədə müdafiəsi muxtar respublikamızın sosial-iqtisadi inkişafının sürətləndirilməsində müstəsna əhəmiyyət kəsb edib. İnsanların bu proseslərdə fəallığı isə yurdumuzu daha gözəl, daha füsunkar, onun iqtisadiyyatını güclənən bir diyar kimi görmək istəyinin ifadəsidir. Bu, doğma Vətənə, onun daha işıqlı sabahına bağlılığın, yurdsevərliyin, insan amilinə diqqətin ən gözəl təcəssümüdür. Bütün bunları düşünərkən yadıma ümummilli liderimizin sözləri düşür: “İstəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin”. Bu gün ulu öndərin planlarının, arzularının yerinə yetirildiyini bu qədim torpağın istənilən ünvanında görmək olar. Bu isə inkişafın möcüzə təsiri bağışlayan ifadəsi, bu günün reallığı, muxtar respublikamızın 95 illiyinə ən böyük töhfədir.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR