23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan Milli Еlmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyеvin “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” adlı mоnо­qrafiyası Naxçıvan tarixinin tədqiqinə mühüm töhfədir. İsmayıl Hacıyevin müxtəlif illərdə nəşr еtdirdiyi “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan”, “Behbud ağa Şahtaxtinski: həyatı və fəaliyyətinin mühüm mərhələləri”, “Naxçıvan Muxtar Rеspublikası müstəqillik yollarında”, “Еrmənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri”, “Heydər Əliyev siyasəti: tarixdə və günümüzdə”, “Naxçıvan Muxtar Respublikası Azərbaycanın milli dövlətçilik tarixində”, “Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatı, sosial­-iqtisadi və mədəni inkişafı (1991-2011-ci illər)” və digər əsərləri Naxçıvan tarixinin bir çox qaranlıq cəhətlərinə işıq salmış, Azərbaycan tarixşünaslığında özünəməxsus yeri olan naxçıvanşünaslıq istiqamətini daha da zənginləşdirmişdir.
“Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” monoqrafiyasını İsmayıl Hacıyevin elmi yaradıcılığında yeni bir mərhələnin başlanğıcı kimi də qiymətləndirmək olar. Əgər indiyə qədər onun tədqiqat çərçivəsi daha çox XIX-XXI əsrlərlə məhdudlaşırdısa, o, bu əsərində ilk dəfə göstərilən çərçivəni aşmış, Naxçıvan diyarının dövlətçilik tarixini ən qədim zamanlardan müasir dövrümüzə qədər tədqiq etmişdir. Elə buradaca mono­qrafiyanın daha bir məziyyəti üzərində dayanmaq lazımdır. İsmayıl müəllim yalnız Azərbaycanın dövlətçilik tarixində Naxçıvanın yerini təsvir etmək və müəyyənləşdirməklə kifayətlənməmiş, bütün Azərbaycan tarixi üçün mühüm aktuallıq kəsb edən bir çox məsələlərin qoyuluşuna və həllinə öz münasibətini bildirmişdir. Onun Azərbaycanda dövlətin yaranması şəraiti və ilkin xronologiyasının şərhi zamanı, hətta akademik nəşrlərdə yol verilmiş uyğunsuzluqları qabartması diqqəti xüsusilə cəlb edir.
Akademik İsmayıl Hacıyevin çoxillik zəhmətinin bəhrəsi olan monoqrafiya giriş, 8 fəsil, 27 yarımfəsil, nəticə, biblioqrafiya, adlar göstəricisi və əlavələrdən ibarətdir. Müəllif monoqrafiyanın strukturunu müəyyənləşdirərkən tarixşünaslıqda qəbul edilmiş dövrləşmə prinsipini əsas götürmüş, Naxçıvan tarixinin ayrı-ayrı dövrlərini bu prinsipə söykənərək tədqiq etmişdir.

“Naxçıvanın Azərbaycanda dövlətyaranma prosesində rolu” adlanan birinci fəsil 4 yarımfəsildən ibarətdir. Burada Azərbaycan tarixində dövlət və dövlətçilik probleminin qoyuluşuna dair mövcud baxışlar tədqiqatçı süzgəcindən keçirilmiş, Naxçıvanın ərazisi və təbii-iqlim xüsusiyyətləri haqqında zəruri olan bilgilər yığcam şəkildə şərh olunmuş, ən qədim zamanlardan eramızdan əvvəl III minilliyədək olan dövrdə diyarın inkişaf yolu işıqlandırılmış, Azərbaycanda dövlətin yaranmasına dair yeni müddəalar irəli sürülmüş, bu prosesdə Naxçıvanın rolu məsələsinə aydınlıq gətirilmişdir.
Birinci fəsillə tanışlıq göstərir ki, müəllif öz qarşısına heç də hamıya yaxşı məlum olan hadisə və proseslərin şərhini vermək vəzifəsi qoymamışdır. Burada diqqəti çəkən əsas məqam bu hadisə və proseslərə peşəkar və püxtələşmiş bir tədqiqatçının yanaşma tərzidir. Müəllifi hadisə və prosesin baş verdiyi zaman və məkandan daha çox onların törətdiyi nəticələr maraqlandırır. Belə yanaşma Naxçıvanın ərazisi, təbii-iqlim xüsusiyyətləri kimi məsələlərin işıqlandırılmasında özünü daha aydın göstərir. Əslində, Naxçıvanın coğrafi mövqeyinin özündə bir unikallıq var. Bu diyar Şimali Azərbaycanın cənubunda, Cənubi Azərbaycanın isə şimalında mövqe tutmaqla bütün ölkədə gedən ictimai-siyasi proseslərin mərkəzində olmaq şansı qazanmışdır. Elə bunun nəticəsidir ki, Naxçıvan əsrlərboyu Azərbaycanın şimalı ilə cənubu arasında bir növ körpü rolunu oynamış, ölkə­nin dövlətçilik ənənələrinin formalaşmasına öz töhfəsini vermişdir.
“Azərbaycanın qədim dövlətləri və Naxçıvan” adlanan ikinci fəsil böyük bir xronoloji dövrü – eramızdan əvvəl IX əsrdən bizim eranın III əsrinə qədərki dövrü əhatə edir. Bütövlükdə, dörd yarımfəsildən ibarət olan bu fəsildə Naxçıvan diyarının Manna dövləti, Midiya və Əhəməni imperiyaları, Atropatena və Parfiya Arşakiləri dövründə ictimai-siyasi vəziyyəti öyrənilmiş, adları çəkilən dövlətlərlə münasibətləri tədqiq edilmiş, bir çox məsələlər haqqında dəqiqləşdirmələr aparılmış, tarixşünaslıqda bu sahələrlə bağlı mövcud boşluqlar müəyyənləşdirilmişdir. Sonuncu fikirlər Naxçıvan diyarının Manna dövləti ilə münasibətlərinin aydınlaşdırılması məsələsində daha böyük aktuallıq kəsb edir. Problemə və dövrə dair tədqiqat əsərlərini dərindən araşdıran müəllif təəssüf hissi ilə bu əsərlərdə diyarın Manna dövlətinin tərkibində olduğu vaxt haqqında konkret fikir söylənilmədiyini qeyd edir və elə oradaca bu hadisənin eramızdan əvvəl VIII əsrin sonu, eramızdan əvvəl VII əsrin əvvəllərində baş verməsi ehtimalını irəli sürür. O, eyni zamanda eramızdan əvvəl IX-VI əsrlərdə Naxçıvan diyarının qonşu dövlətlər və vilayətlərlə əlaqələrinin tədqiqi vəziyyətinin heç də qənaətbəxş olmadığını qeyd edir.
Monoqrafiyanın həcm etibarı ilə ən böyük bölməsi “Azərbaycanın orta əsr dövlətləri və Naxçıvan” adlanan üçüncü fəsildir. Ümumilikdə, 8 yarımfəsildən ibarət olan bu fəsildə bütün orta əsrlər dövründə (III-XVIII əsrlərdə) Azərbaycan dövlətçiliyi sistemində Naxçıvanın yeri və rolu araşdırılmışdır. Müəllif burada da öz qarşısına qoyduğu vəzifəyə uyğun olaraq əsas diqqəti orta əsrlər dövründə Azərbaycanın dövlətçilik sistemində Naxçıvanın mövqeyinin müəyyənləşdirilməsinə yönəltmişdir. Erkən orta əsrlər dövründə Azərbaycanın digər torpaqları kimi, Naxçıvan diyarı da əvvəlcə (III-VII əsrlər) Sasani imperiyasının, sonra isə (VII-IX əsrlər) Ərəb xilafətinin tərkibində olmuşdur. Buna baxmayaraq, diyar hər iki imperiyanın hakimiyyəti dövründə özünün inzibati və siyasi mərkəz rolunu qoruyub saxlamış, bununla da yaxın gələcəkdə Azərbaycanın qədim dövlətçilik ənənələrinin dirçəlməsinə öz töhfəsini vermişdir. Naxçıvan bu dövrdə Azərbaycanda həm də yadelli əsarətə qarşı müqavimət hərəkatının mühüm mərkəzlərindən biri olmuşdur. Əsərdə hazırkı dövrdə də Naxçıvan diyarının müxtəlif yerlərində Xürrəmilər hərəkatının rəhbəri Babəkin adı ilə bağlı tarixi abidələrin və yaşayış yerlərinin göstərilməsi bu fikri təsdiq edən mühüm dəlillər kimi təqdim edilir.
Müəllif monoqrafiyanın bu bölməsində Ərəb xilafətinin süqutundan sonra Azərbaycanda yaranmış müstəqil dövlətlərin (Sacilər, Salarilər, Şirvanşahlar, Şəddadilər və Rəvvadilər) ictimai-siyasi həyatında Naxçıvanın yeri məsələsini diqqətlə araşdırmışdır. Onun X əsrin 80-ci illərindən XI əsrin 60-cı illərinə qədər mövcud olmuş Naxçıvanşahlıqla əlaqədar irəli sürdüyü fikirlər xeyli maraq doğurur. Tarixi ədəbiyyatda bu qurumun mövcudluğu və statusu haqqında müxtəlif fikirlər vardır. Bu fikirlərin hər birinin elmi təhlilini verən müəllif Naxçıvanşahlığın əhatə etdiyi ərazini müəyyənləşdirmiş, onun tarixinin Rəvvadilər və Şəddadilər dövlətləri ilə sıx bağlı olması qənaətinə gəlmişdir. Diləfilər sülaləsinin idarə etdiyi Naxçıvanşahlıq əksər vaxtlarda Şəddadilər dövlətinin tərkibində bir əmirlik kimi nisbi müstəqilliyə malik olmuş, bir sıra vaxtlarda müstəqilliyini qoruyub saxlamış, qonşu dövlətlərlə dostluq münasibətləri yaratmışdır.
Monoqrafiyada Azərbaycan Atabəylər dövlətinin tarixinə ayrıca bir yarımfəslin həsr edilməsi heç də təsadüfi deyildir. Müəyyən vaxtlarda Şərqin ən qüdrətli imperiyalarından birinə çevrilən bu dövlətin tarixində Naxçıvan diyarının özünəməxsus yeri vardır. Dövlətin banisi Şəmsəddin Eldəniz 1146-cı ildə Naxçıvan vilayətini ələ keçirdikdən sonra öz dövlətinin paytaxtını buraya köçürmüşdü. 1174-cü ilə qədər Azərbaycan Atabəylər dövlətinin paytaxtı olmuş Naxçıvan şəhəri məhz həmin tarixdə özünün çiçəklənmə dövrünə qədəm qoymuş, dövlətin əsaslarının möhkəmləndirilməsində mühüm rol oynamışdır. Monoqrafiyanın bu fəslinin sonrakı yarımfəsillərində XIII-XVIII əsrlərdə Azərbaycanda gedən siyasi proseslərdə Naxçıvanın oynadığı rol qabarıq şəkildə diqqətə çatdırılmışdır.
Tədqiqatçı əsərdə Azərbaycanın dövlətçilik tarixində özünəməxsus mövqeyi olan Naxçıvan xanlığına xüsusi yer ayırmışdır. Əslində, Azərbaycanın digər xanlıqları kimi, Naxçıvan xanlığı da milli dövlətçilik ənənələrinin yaranıb inkişaf etməsində mühüm rol oynamışdır. XIX əsrin əvvəllərində baş vermiş rus istilası bu ənənələrin inkişafına ağır zərbə vursa da, onu tamamilə sıradan çıxara bilmədi. Artıq xanlıqlar dövründən formalaşmağa başlayan milli dövlətçilik ideyaları 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti dövründə real həqiqətə çevrildi. Müəllif haqlı olaraq göstərir ki, bu dövrdə də Azərbaycanın dövlətçilik sistemində mühüm rol oynayan Naxçıvan ölkənin ərazi bütövlüyünün qorunub saxlanılmasına öz töhfəsini vermişdir.
Naxçıvan diyarının tarixinin 70 illik bir dövrü sovet hakimiyyəti ilə bağlı olmuşdur. Müəllif bu dövrdə diyarda baş vermiş ictimai-siyasi prosesləri iki yarımfəsildə öyrənmişdir. “Naxçıvanın muxtariyyətləşdirilməsi” adlanan birinci yarımfəsil çox zəngin mənbələr və tədqiqat əsərləri əsasında yazılmışdır. Bu materialları təhlil edən müəllif haqlı olaraq belə nəticəyə gəlir ki, məhz Naxçıvan əhalisinin qətiyyəti və qardaş Türkiyənin obyektiv mövqe tutması nəticəsində diyarın ermənilər tərəfindən ələ keçirilməsinin qarşısı alınmış, ona Azərbaycan SSR-in tərkibində muxtariyyət statusu verilmişdir. Fəslin ikinci yarımfəslində sovet hakimiyyəti illərində Naxçıvan MSSR-in yaranması və onun keçdiyi siyasi və sosial-iqtisadi inkişaf yolu işıqlandırılmışdır.
Monoqrafiyanın zəngin faktiki materiallar əsasında yazılan, eyni zamanda elmi-nəzəri materiallarla zəngin olan yeddinci və səkkizinci fəsilləri özlərinin daha böyük elmi əhəmiyyət daşımaları ilə seçilir. Cəmi 3 yarımfəsildən ibarət olan yeddinci fəsildə ulu öndər Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi 1991-1993-cü illər daha diqqətlə araşdırılmış, hazırkı dövrdə Naxçıvanın çiçəklənmə dövrü yaşamasında həmin illərin misilsiz rol oynadığı xüsusi vurğulanmışdır. Burada, həmçinin Azərbaycan Respublikasının 1995-ci il Konstitusiyası əsasında Naxçıvanın yeni statusunun təsbit edilməsi də işıqlandırılmışdır. Mono­qrafiyanın “Naxçıvan Muxtar Respublikasının müasir Azərbaycan dövlətçiliyində rolu (1995-ci ilin sonlarından bizim günlərədək)” adlanan səkkizinci fəslində Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyasının qəbul edilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi dövründə diyarda quruculuq və abadlıq işlərinin miqyasının daha da genişlənməsi, ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin diyara göstərdikləri diqqət və qayğı konkret faktlar əsasında tədqiq olunmuşdur. Monoqrafiyanın sonunda şəxs və coğrafi ad göstəricilərinin, eləcə də mühüm əhəmiyyət daşıyan sənədlərin Əlavədə verilməsi onun elmi əhəmiyyətini daha da artırır.
Düşünürük ki, akademik İsmayıl Hacıyevin uzun illər davam etmiş gərgin əməyinin bəhrəsi olan bu monoqrafiya ölkəmizin dövlətçilik tarixini, Naxçıvan diyarının tarixinin müxtəlif dövrlərini araşdıran tədqiqatçılar, həm də bu diyarın tarixini öyrənmək istəyən bütün oxucular üçün faydalı olacaqdır.
Kitab müəllifinin 2019-cu il üçün elm sahəsi üzrə Naxçıvan Muxtar Respublika mükafatına layiq görülməsini muxtar respublika ziyalıları və elm adamları tariximizə verilən yüksək qiymət kimi dəyərləndirirlər.

Şahin Fazil
tarix üzrə elmlər doktoru, professor,

Camal Mustafayev
tarix üzrə elmlər doktoru, professor

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR