23 Dekabr 2024, Bazar ertəsi

Muxtariyyətinin 95-ci ilini qeyd edən Naxçıvan güclü müdafiə qüdrətinə malikdir. Muxtariyyət günündə Naxçıvan Qarnizonu qoşunlarında hərbi andiçmə mərasimlərinin bayram əhvalında keçməsi bunu bir daha təsdiq edir.
Əlahiddə Ümumqoşun Orduda keçirilən və “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının gənc əsgərlərinin də iştirak etdiyi andiçmə mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Gənc əsgərlər komandirlərinin və valideynlərinin şahidliyi ilə Vətənə sədaqət andı içərək Vətənimizin müdafiəsində və sərhədlərimizin mühafizəsində ayıq-sayıq dayanacaqlarına söz veriblər.
Tədbirdə çıxış edənlər gənc əsgərləri hərbi andı qəbul etmələri münasibətilə təbrik ediblər.
Çıxışların ardından Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, general-mayor Teymur Eyyubov Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdırıb. Bildirilib ki, Naxçıvan vaxtı ilə Azərbaycanın mərkəzi ərazilərindən olub və XX əsrin əvvəllərində Azərbaycandan ayrı düşüb. Ümummilli liderimiz Heydər Əliyev Naxçıvanın muxtariyyətinin qorunmasını itirilmiş ərazilərin bərpası üçün hüquqi baza hesab edərək “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir”, – deyib.

Vurğulanıb ki, beşminillik tarixə malik olan Naxçıvan muxtariyyətinin 95-ci ildönümündə uğurla inkişaf edir, yeni-yeni nailiyyətlər qazanır. Ötən il Əlahiddə Ümumqoşun Ordunun hərb tariximizə qızıl hərflərlə yazdığı Günnüt zəfəri muxtar respublikamızın iqtisadi inkişafından və müdafiə qüdrətindən xəbər verir. Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında da qeyd olunduğu kimi, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu 1992-ci ildə işğal edilmiş Günnüt kəndi və ətraf əraziləri, ümumilikdə, 11 min hektar torpaq sahəsinə nəzarəti qaytarıb, ön xətdə və dayaq məntəqələrində etibarlı müdafiə sistemi yaradılıb. Təbii ki, bütün bunlar da ümummilli lider Heydər Əliyev yoluna sədaqətin, muxtar respublikamızın hərtərəfli inkişafının və xalq-ordu birliyinin təntənəsidir.
Təbrik oxunduqdan sonra şəxsi heyətin tribunanın önündən təntənəli keçidi olub.

Nəriman NƏCƏFOV

* * *

Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında keçirilən hərbi andiçmə mərasiminə hazırlıq barədə raport verildikdən sonra hərbi hissənin döyüş bayrağı sıra meydanına gətirilib. Mərasim ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycan torpaqlarının azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra gənc əsgərlər hərbi andı qəbul ediblər.
Briqada komandiri, polkovnik Səlim Niftalıyev çıxış edərək qeyd edib ki, muxtar respublikamızda bütün hərbi hissələr müasir texnikalar və avadanlıqlarla təchiz edilib, maddi-texniki baza təkmilləşdirilib. Gənc əsgərlər keçilən dərslərdə bu texnikalardan düzgün istifadəni dərindən öyrənməlidirlər və hərbi anda sadiq qalmaq hər bir əsgərin müqəddəs borcu olmalıdır. Çünki gənc əsgərlər andı qəbul edərkən Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini qoruyacaqlarına, bundan ötrü qanlarını və canlarını əsirgəməyəcəklərinə təntənəli surətdə and içirlər.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-leytenant Fazil Ələkbərovun təbriki şəxsi heyətə çatdırılıb. Andiçmə mərasimində qonaqlar adından Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Ayaz Cabbarov, Naxçıvan Dövlət Universitetinin müəllimi Pərviz Allahverdiyev, valideynlər adından isə Nadir Əmiraslanov çıxış edərək gənc əsgərləri təbrik edib, onlara Vətənin müdafiəsində uğurlar arzulayıblar.
Əsgərlər adından çıxış edən Cəmaləddin Yusifov onlara göstərilən diqqət və qayğını layiqincə doğruldacaqlarına, Vətənimizə şərəflə xidmət edəcəklərinə söz verib.
Mərasim şəxsi heyətin təntənətli keçidi ilə başa çatıb.

Pərviz HACILI

* * *

Fevralın 9-da Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında gənc əsgərlərin hərbi andiçmə mərasimi olub.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında üçrəngli bayrağımız meydana gətirilib.
Sonra gənc əsgərlər Vətəni layiqincə qoruyacaqlarına, əsgəri borclarını şərəflə yerinə yetirəcəklərinə and içiblər.
Andiçmə mərasimi başa çatdıqdan sonra bayram mitinqi olub. Alay komandiri, polkovnik-leytenant Azadil Hüseynov hərbi andın əhəmiyyəti barədə danışıb, gənc əsgərləri əlamətdar gün münasibətilə təbrik edib.
Mərasimdə çıxış edən leytenant Polad Maxsudov, kiçik çavuş Elxan Mahmudov, gənc əsgər Aydın Daşdəmirli, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatı Naxçıvan Şəhər Şöbəsinin sədri Zahid Cəfərov, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov və valideyn, Qarabağ qazisi Uğur İbrahimov gənc əsgərləri təbrik ediblər. Çıxışlarda Azərbaycan əsgərinin rəşadət və igidliyindən danışılıb. Əminliklə bildirilib ki, gənc əsgərlər nümunəvi xidməti, təlim-tərbiyəsi ilə hərbi hissənin adını yüksək tutacaq, əsgəri borcu şərəflə yerinə yetirəcək, baş verə biləcək fövqəladə hallar zamanı zərərçəkmiş insanların xilas edilməsi üçün əllərindən gələni əsirgəməyəcəklər.
Naxçıvan Muxtar Respublikası fövqəladə hallar nazirinin müavini, general-mayor Hikmət Kərimov çıxışında Azərbaycanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün etibarlı şəkildə qorunmasında Silahlı Qüvvələrimizin əhəmiyyətli rolu olduğunu vurğulayıb, gənc əsgərlərə bu müqəddəs işdə uğurlar arzulayıb.
Gənc əsgərlər Vətənimizə, xalqımıza layiqli əsgər olacaqlarına, hərbi anda həmişə sadiq qalacaqlarına və verilən tapşırıqları yerinə yetirəcəklərinə söz veriblər. Sonra Mülki Müdafiə Alayının şəxsi heyəti hərbi marşın müşayiəti ilə tribuna önündən keçib.
Mərasim Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” instrumental ansamblının konserti ilə başa çatıb.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar
Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR