Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyi ilə əlaqədar fevralın 8-də muxtar respublikanın Bakıdakı daimi nümayəndəliyində “Naxçıvanın muxtariyyət statusu” adlı dəyirmi masa keçirilib.
Tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının çox mürəkkəb tarixi inkişaf yolu keçməsindən, 1924-cü il fevralın 9-da dövlətçilik tariximizdə baş vermiş mühüm hadisədən – Naxçıvan Muxtar Respublikasının yaranmasından danışıb. O qeyd edib ki, bu il yanvarın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Sərəncamı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”na uyğun olaraq silsilə tədbirlər keçirilir.
Ümummilli lider Heydər Əliyevin Naxçıvanın muxtariyyətinin qorunması ilə bağlı dahiyanə fikirlərini diqqətə çatdıran daimi nümayəndəliyin rəhbəri Naxçıvanın düşmən təcavüzündən qorunmasında görkəmli dövlət xadiminin misilsiz xidmətlərindən bəhs edib. Vurğulanıb ki, bu siyasət Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinin qeyd olunması bir tərəfdən muxtar respublikaya göstərilən dövlət qayğısının ifadəsidirsə, digər tərəfdən Naxçıvan tarixinin əsaslı şəkildə öyrənilməsi üçün mühüm əhəmiyyətə malikdir.
Bəxtiyar Əsgərov muxtar respublikanın yaradılmasının müxtəlif dövrlərdə dövlət səviyyəsində qeyd olunmasından danışaraq deyib ki, Naxçıvanın müasir intibahı dövründə muxtariyyətin təntənə ilə qeyd olunması və əldə edilmiş bütün nailiyyətlər məhz ölkə Prezidenti cənab İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycan Prezidentinin 2014-cü il yanvarın 14-də imzaladığı Sərəncamla Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda təntənəli şəkildə qeyd olunub.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli Naxçıvanın dövlətçilik tariximizdə əhəmiyyətli yerə malik olduğunu vurğulayıb. Əlavə edib ki, Naxçıvanın muxtariyyətinin yaranması onun çoxəsrlik dövlətçilik ənənələrinin davamı kimi qəbul edilməlidir. Naxçıvan beş min ildən çox şəhərsalma mədəniyyətinə malikdir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası tarixən çox mürəkkəb və keşməkeşli inkişaf yolu keçib. Tarixboyu Naxçıvan müxtəlif imperiyaların maraq dairəsində olsa da, heç bir işğalçı ordu naxçıvanlıların iradəsini qıra bilməyib.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov deyib ki, Naxçıvanın muxtariyyətinin Azərbaycanın dünyada tanınmasında, möhtəşəm dövlətə çevrilməsində, ölkəmizdə sülhün, əmin-amanlığın, inkişafın, müxtəlif dinlərə mənsub insanların bir yerdə yaşamaq hüququnun tətbiq olunması siyasətinin dünyada tanınmasında böyük təsiri var.
Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, 1990-cı ilin 17 noyabrı tarixin yaddaşına çevrilən bir gündür. Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında mühüm tarixi qərarlar qəbul edilib. Qeyd olunub ki, 1991-ci il sentyabrın 3-də ulu öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi zamanın tələbi idi.
Milli Məclisin deputatı Elman Nəsirov vurğulayıb ki, bu gün Naxçıvandan danışarkən biz fəxr hissi ilə Azərbaycanın müstəqillik tarixinin başlanğıc nöqtəsinin məhz Naxçıvan olduğunu deyirik. Böyük dövlət xadimi Heydər Əliyev Bakıya gəlişindən iki gün sonra – 1990-cı il iyulun 22-də doğma Naxçıvana pənah aparmalı oldu.
Ölkəmizin dövlətçilik tarixində mühüm rol oynayan Naxçıvanın muxtariyyət statusu ötən əsrin 90-cı illərində Azərbaycanın müstəqillik uğrunda apardığı mübarizə dövründə mühüm mərhələ təşkil edib.
Milli Məclisin deputatı Jalə Əliyeva bildirib ki, çoxəsrlik dövlətçilik ənənələri olan Naxçıvan həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşadıb. Bu torpaq Azərbaycana, dünyaya xalqımızın böyük və əvəzedilməz, görkəmli şəxsiyyəti olan Heydər Əliyevi bəxş edib. Naxçıvan həm də Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır. Naxçıvan əhalisinin milli istiqlal ideyalarına bağlılıq nümayiş etdirərək dövlət müstəqilliyimizin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsində müstəsna xidmətləri var.
Türkiyənin ölkəmizdəki səfirliyinin nümayəndəsi Cengiz Güneş bildirib ki, Naxçıvanın Türkiyə üçün hər zaman önəmli bir yeri olub. Naxçıvanın böyük tarixi var. Mustafa Kamal Atatürk Naxçıvanın Türk dünyasının qapısı olduğunu deyib. O, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında Naxçıvan Muxtar Respublikasının mühüm rol oynadığını diqqətə çatdırıb.
AZƏRTAC