23 Dekabr 2024, Bazar ertəsi

Fevralın 11-də Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası Sədərək rayon Uşaq-Gənclər Şahmat Məktəbində müəllimlər, şahmatçılar və valideynlərlə görüş keçirmişdir.

Şahmat Federasiyasının sədri Seymur Talıbov çıxış edərək demişdir ki, bu gün muxtar respublikamızda şahmatın inkişafı üçün hər bir şərait yaradılıb, yeni şahmat məktəbləri tikilərək istifadəyə verilib. Eyni zamanda Naxçıvanda, uşaq və yeniyetmələr arasında şahmatın kütləvi hal alması üçün tədbirlər görülür, məktəblərdə şahmat dərsləri tədris olunur. Buna baxmayaraq, federasiyanın işində müəyyən çatışmazlıqlar da var. Bunları aradan qaldırmaq məqsədilə federasiya cari ildən başlayaraq muxtar respublikanın bütün şəhər və rayonlarında silsilə tədbirlər keçirir, valideyn, idmançılar və məşqçi-müəllimlərlə görüşlər təşkil olunur. Ötən ay ilk dəfə olaraq Şərur rayonunda belə bir tədbir təşkil olundu və öz bəhrəsini verdi. Belə ki, şahmatçılarımız Astara şəhərində keçirilən Azərbaycan çempionatının seçmə mərhələsində uğurla çıxış edərək final mərhələsinə 11 vəsiqə qazandılar. Sədərək rayonunda da şahmatın inkişafı üçün imkanlar yaradılıb, müasir standartlara cavab verən Şahmat məktəbi tikilib. Yaradılan şəraitdən səmərəli istifadə edib istedadlı uşaqları üzə çıxarmaq və uğur qazanmaq qarşıda duran əsas vəzifə olmalıdır. Bu məqsədlə federasiya rayon İcra Hakimiyyəti və Gənclər və İdman Nazirliyi ilə birgə mütəmadi olaraq tədbirlər təşkil edir, çatışmazlıqların vaxtında aradan qaldırılmasına çalışır.
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov qeyd etmişdir ki, ötən il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə idmanın inkişafı ilə bağlı tapşırıqlar verilmiş, qarşıya mühüm vəzifələr qoyulmuşdur. Sədərək Rayon İcra Hakimiyyəti də bu məsələni diqqətdə saxlamış, rayonda gənclərin şahmata cəlbi sahəsində işlər görülmüşdür. Həmçinin şahmat idman növünün kütləvi hal alması üçün federasiyanın rayon bölməsi ilə birgə tempo yarışlar təşkil edilmiş, şahmatçılarımız muxtar respublika birinciliklərində mübarizə aparmışlar.
Sonra federasiyanın sədr müavini Emin Hacıyev Sədərək rayonundakı fəal şahmatçılar haqqında məlumat vermişdir.
Şahmat Federasiyasının sədri Seymur Talıbov şahmatın inkişafında müəllim və valideynlərin üzərinə mühüm vəzifələr düşdüyünü bildirərək demişdir ki, şahmat məşqlərində uşaqların istedadının üzə çıxarılması əsas şərtdir. Bu iş müəllimləri daha çox düşündürməlidir. Hazırda Naxçıvan Muxtar Respublikasının tam orta məktəblərində şahmat dərsləri keçilir, şahmatçılar, eləcə də müəllimlər üçün hər bir şərait yaradılıb. Bundan səmərəli istifadə edib istedadlı uşaqları üzə çıxarmaq, şahmat məktəblərinə cəlb etmək lazımdır. Valideynlər bu idman növünü təbliğ etməli, uşaqların şahmata cəlbinə nail olmalıdırlar. Çünki uşaqlar şahmat məktəblərində bacarıqlarını inkişaf etdirməklə yanaşı, həm də asudə vaxtlarını səmərəli keçirirlər. İstedadlı, uğur qazanan idmançılar barədə isə federasiyaya məlumat verilməli, onlarla xüsusi olaraq məşqlər keçirilməlidir.
Seymur Talıbov vurğulamışdır ki, “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirədə də qeyd olunduğu kimi, dövlət tərəfindən qayğı və diqqətin göstərilməsinə baxmayaraq, Şahmat Federasiyasında hələ də nöqsanlar var. Bu nöqsanların aradan qaldırılması üçün müəllimlərlə tez-tez görüşlər keçiriləcək. Hər ay rayon şahmat məktəbləri gördükləri işlərlə bağlı federasiyaya məlumat verəcəklər. Sədərək rayonunda şahmatın kütləviliyi üçün hər bir imkan var. Şahmat məktəbində rayondaxili və kəndlərarası yarışlar keçirilməli, tempo turnirlər təşkil olunmalı, istedadlı uşaqlar yarışlara cəlb edilməlidir. Azərbaycan çempionatına vəsiqə qazanan şahmatçılar arasında sədərəkli idmançılar da olmalıdır. Bu idmançılar digərlərinə nümunə göstərilməli, valideynlərlə təbliğat işi aparılmalı, şahmatın müsbət tərəfləri onlara aşılanmalıdır.
Müəllimlərdən Qələndər Əliyev, Həsən Rzayev və İlqar Məmmədov çıxış edərək mövcud vəziyyət haqqında Şahmat Federasiyasının sədrinə məlumat vermiş, fikir və təkliflər dinlənilmişdir. Şahmat məktəbinin direktoru Elman Əliyev isə məktəb barədə məlumat vermişdir.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov qeyd etmişdir ki, verilən tapşırıqların icrası məqsədilə Şahmat Federasiyası qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi üçün bir sıra işlər görüb. Şərur rayonundan sonra artıq federasiya rəhbərliyi Sədərək rayonunda da idmançılar və məşqçi-müəllimlərlə görüş keçirir. Bu, muxtar respublikada şahmata, onun inkişafına nə qədər önəm verildiyinin göstəricisidir.
Sonda Şahmat Federasiyasının sədri Seymur Talıbov məşqçi-müəllimlərə işlərində uğurlar arzulayaraq bildirmişdir ki, muxtar respublika rəhbəri tərəfindən idmana hər zaman diqqət və qayğı göstərilir. Biz də qarşımıza qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün səylə çalışmalı, fəaliyyətimizi artırmalı, istedadlı uşaqların şahmatın sirlərinə daha da dərindən yiyələnməsi üçün çalışmalıyıq.
Görüşdən sonra federasiya sədri Şahmat məktəbində yerləşən elektron lövhə, kompüter və dərs sinifləri ilə tanış olmuşdur.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR