23 Dekabr 2024, Bazar ertəsi

Bədən tərbiyəsi və idmanın inkişafına həsr edilmiş müşavirəni rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev açıb. Bildirib ki, 2018-ci il 10 dekabr tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr”lə bağlı keçirilən müşavirədə verilən tapşırıqların icrası gənclərin fiziki inkişafına, sağlam böyümələrinə hərtərəfli şərait yaradır.
Bu gün Şahbuz rayonunda voleybol, futbol, sərbəst güləş, yüngül atletika, şahmat, karate-do və paralimpiya üzrə federasiyaların bölmələri fəaliyyət göstərir. Ümumilikdə, 3391 nəfər idmanla məşğul olur. Həmçinin 14 sağlamlıq imkanları məhdud uşaq idmana cəlb edilib.

Vurğulanıb ki, son illər rayonda gənclərdən ibarət şəhər, qəsəbə, kənd voleybol və futbol komandaları arasında yarışlar keçirilərək bu idman növlərinin kütləviliyinə müəyyən qədər nail olunub. Gənclər futbola cəlb olunub, “Batabat” komandasının muxtar respublika çempionatında iştirakı təmin edilib.
2018-ci ildə rayon idmançıları bir sıra yarışlarda nailiyyətlər əldə edib, keçirilən müxtəlif idman yarışlarında uğurlu nəticələr qazanıblar.
Qeyd olunub ki, rayonda idmanın inkişafına göstərilən hərtərəfli qayğıya baxmayaraq, bu sahədə müəyyən nöqsanlar da var. Yeniyetmə və gənclərin bir qisminin idmanla məşğul olmaması onu göstərir ki, onların idmanın müxtəlif növlərinə maraqlarının artırılması, idman qurğularından istifadə lazımi səviyyədə deyil. Rayonda idmanın kütləviliyinin təmin olunmasında Gənclər və İdman İdarəsinin, eləcə də Təhsil Şöbəsinin üzərinə mühüm vəzifələr düşür. Federasiyaların rayon bölmələri komandalar yaratmalı, rayon birinciliklərinin keçirilməsinin təşkil edilməsində yaxından iştirak etməlidirlər. Şahbuz Rayon Gənclər və İdman İdarəsi Əhalinin Sosial Müdafiəsi Mərkəzi ilə birlikdə məhdud fiziki imkanlı yeniyetmə və gənclərin müxtəlif idman növlərinə cəlbinə daha ciddi yanaşmalıdır. Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şahbuz rayon şöbəsi ilə birgə “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü, “Sərhəd” və “Şahin” hərbi idman oyunlarının təşkilini diqqətdə saxlamalıdır.
İcra başçısı bildirib ki, 2019-cu ildə rayonda bədən tərbiyəsi və idmanın inkişafı ilə əlaqədar hər bir aidiyyəti qurum və federasiyaların bölmələri üzərlərinə düşən vəzifələrin məsuliyyətini dərk edərək bu sahənin inkişafına nail olunması üçün əllərindən gələni əsirgə­məyəcəklər.
Müşavirədə Şahbuz rayonunda 2019-cu ildə gənclər və idman sahəsində görüləcək işlərlə bağlı rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə tədbirlər planı təsdiq edilib. Müzakirə olunan məsələ ilə əlaqədar rayon Gənclər və İdman İdarəsinin rəisi İdris Qəhrəmanovun və Təhsil Şöbəsinin müdiri Araz Məmmədovun çıxışları dinlənilib.
Tədbirdə 2018-ci ildə idman sahəsində fərqlənən məşqçi-müəllimlər və idmançılar mükafatlandırılıblar.

Hicran Əliyeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR