23 Dekabr 2024, Bazar ertəsi

Doğma Naxçıvanımızın muxtariyyətindən söhbət açılanda möhtəşəm tariximizin səhifələri vərəqlənir, naxçıvanlıların bu səhifələrin hər birinə həkk etdikləri misilsiz torpaq sevgisi, yurda sahiblik hissi adamda qürur hissi yaradır. Bu səhifələrdə ötən əsrin əvvəllərində Azərbaycanda, eləcə də diyarımızda yaranan gərgin vəziyyət, tarixin bütün dönəmlərində olduğu kimi yenə də erməni daşnaklarının min bir hiyləsinə qarşı mübarizələr aparıb Naxçıvanı qoruyub saxlamaq kimi əzmkarlıq salnamələşib.

Bu səhifələrdə 1918-ci ilin noyabrında yaradılan paytaxtı Naxçıvan olan Araz-Türk Respublikası yer alır. Tarixçilərimizin qeyd etdiyi kimi, ərazisinə Naxçıvan və Şərur-Dərələyəz qəzaları, Ordubad mahalı, Eçmiədzin qəzasının bir hissəsi, İrəvan qəzasının Sərdarabad, Uluxanlı, Qəmərli, Vedibasar və Mehri bölgələri daxil olan, sahəsi 8,7 min kvadratkilometr, əhalisi bir milyon nəfərdən artıq Araz-Türk Respublikası. Bu səhifələrdə 70 illik imperiyanın ilk addımı olaraq yenicə əsarətləri altına saldıqları ölkələrdən biri kimi Azərbaycandan Zəngəzuru qoparıb ermənilərə vermələri, bununla da Naxçıvanı mənsub olduğu vətəndən ayırmaları, diyarımız üçün muxtariyyətdən başqa yol qoymamaları yer alır. Nəhayət, 1918-1924-cü illər arasında cərəyan edən siyasi hadisələr, Gümrü, Moskva, Qars müqavilələri, referendumlar 1924-cü il fevralın 9-da Azərbaycan MİK-in Naxçıvan MSSR-in yaradılması haqqında qərar verməsi ilə nəticələndi. Elə muxtariyyət tariximizin ən şanlı səhifəsini də mənfur düşmənin Naxçıvanı Azərbaycandan qopara bilməməsi təşkil edir. Məhz buna görə deyirik ki, muxtariyyətimiz bizim qürurumuzdur. Çünki naxçıvanlılar Naxçıvanı hər zaman göz bəbəyi, bir ata-ananın övladını qoruması tək qorumuşlar.

95 illik muxtariyyətimizə nəzər salarkən tarixin ayrı-ayrı dönəmlərində yenə də Naxçıvana uzanan, lakin boş qalan əllər görünür. Naxçıvan iştahında olub bu qədim diyara sahiblənmək istəyən qonşularımız arzularından vaz keçmir, bu istəklərini qərinədən-qərinəyə, əsrdən-əsrə daşıyırlar. 95-in 29-u. Nədir bu 29? Naxçıvan gözlərinə dağ olanların diyarımızı blokadaya saldıqları tarixdən bəri yaşanan illəridir. 95 ilin ən çətin, keşməkeşli və eyni zamanda qürurverici, dünyanı heyrətə gətirən illəridir.
Blokada nədir? Hər hansı ərazinin, şəhər, qala və sairənin xariclə əlaqəsini (quru, dəniz və ya hava ilə) kəsmək məqsədilə mühasirəyə alınması, təcrid olunmasıdır. Blokadanın hərbi, siyasi, iqtisadi, maliyyə kimi növləri də vardır. Tarixdən bildiyimiz kimi, zaman-zaman dünya dövlətlərinin bir-biri ilə münaqişə dövrlərində müxtəlif blokada şəraiti yaranmışdır. Məsələn, 1941-45-ci illərdə İkinci Cahan müharibəsində Leninqradın almanlar tərəfindən blokadaya alınması. 1962-ci ildə Kubanın ABŞ silahlı qüvvələri tərəfindən blokadası. 1982-ci ildə Böyük Britaniya-Argentina münaqişəsində Folklend (Malvin) adalarının ingilislər tərəfindən hərbi blokadaya alınaraq təkrar ələ keçirilməsi və sair. Nəhayət, 1988-ci ildə Ermənistan-Azərbaycan münaqişəsi zamanı ermənilər tərəfindən Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının blokadası.
Yuxarıda blokadanın mənasını açmaqda və növlərini saymaqda məqsədim var. Tarixdən məlum olduğu kimi, ayrı-ayrı dünya dövlətləri bir-birinə bu blokadaların yalnız birini tətbiq ediblər. Lakin Naxçıvan Muxtar Respublikasına ermənilər blokadanın bütün növlərini tətbiq etməklə mənfur niyyətlərinə çatmağı planlaşdırmışdılar. Burada həm də qəribə fakt bu idi ki, onlar blokadanı öz əzəli torpaqlarımız vasitəsilə həyata keçirdilər. O torpaqlar ki vaxtilə sığındıqları, sonralar mənimdir, dedikləri Azərbaycan əraziləridir. Yoxsa erməninin nə vaxtsa özünün torpağı, sərhədi, yolu olmayıb ki, yolu kəsə, buradan keçmə deyə?
Bu, bir faktdır ki, blokadanın ilk illəri Naxçıvan üçün çox ağır oldu. Qarabağ problemindən daha çox əziyyət çəkən Naxçıvan ümummilli liderimiz Heydər Əliyevin təbirincə desək, “taleyin ümidinə buraxılmış tənha bir ada”nı xatırladırdı. Ölkəyə yeganə quru yolla çıxış olan dəmir yolunun fəaliyyətinin dayandırılması, hava yolunda problemlərin yaradılması, naxçıvanlıların paytaxtla və vətənin başqa bölgələri ilə əlaqələrinin tamamilə kəsilməsi ilə muxtar respublikamıza hərbi blokada tətbiq olundu.
Elektrik və təbii qaz xətlərinin ermənilər tərəfindən qırılıb-dağıdılması nəticəsində Naxçıvan işıqsız və qazsız qaldı. Ərzaq qıtlığı yarandı. Yadımdadır, blokadanın ilk illəri muxtar respublikada yağ, qənd, çay, əsasən də çörək qıtlığı insanları, necə deyərlər, imtahana çəkirdi. Saatlarla çörək növbələri yaranırdı. Qışda soyuqdan qorunmaq üçün camaat əlacsız qalıb həyətlərindəki, yaşayış məntəqələrindəki, yol kənarlarındakı ağacları doğrayıb yandırır, istilik yaradırdı. Bununla Naxçıvan iqtisadi blokada həyatını yaşamağa məcbur edilmişdi.
Elektrik enerjisinin olmaması televiziya vasitəsilə ölkə xəbərlərinin izlənməsində, dəmir yolunun bağlanması Naxçıvana dövri mətbuatın gətirilməsində çətinlik yaratmışdı. Bununla da əhali siyasi və informasiya blokadasına alınmışdı.
Yuxarıda sadalananlar Naxçıvana ermənilər tərəfindən blokadanın bütün növlərinin tətbiqini təsdiq edən faktlardır. Artıq 30 ilə yaxındır ki, Naxçıvan blokada şəraitində yaşayır. Blokadanın ilk illəri ermənilər, yəqin ki, hərtərəfli blokada ilə Naxçıvanın “taleyinin” üstündən bir xətt çəkdiklərini düşünür, bununla gündən-günə Naxçıvanın zəifləyəcəyini, tənəzzül edəcəyini, bu qədim torpağa asanlıqla yiyələnib torpaqlarına qatacaqlarını, Şərqin qapısının sahibi olacaqlarını xəyal edirdilər.
Ümummilli liderimiz Heydər Əliyev blokadanın ən ağır günlərində Naxçıvana gəldi. Bu gəliş erməniləri çox məyus etdi. Naxçıvana blokadanın bütün növlərini tətbiq edib nəticəsini səbirsizliklə gözləyənlər üçün, təbii ki, ulu öndərin Naxçıvana gəlməsi heç də yaxşı bir xəbər ola bilməzdi. Söz yox ki, onlar yaxşı başa düşürdülər ki, dahi şəxsiyyət naxçıvanlıların çıxış yolu olacaqdır. Bu, həqiqətən də belə oldu. Ulu öndər naxçıvanlılarla birlikdə qaranlıq gecələrdə çıraq işığında əyləşdi, çıraq işığında Naxçıvanı labüd vəziyyətdən çıxarmaq üçün qərarlar verdi. Soyuq otaqlarda gecələməli oldu. Lakin bütün bunlar müvəqqəti çətinliklər idi. Çünki qarşıda Naxçıvanın dünya tarixinin səhifələrinə düşəcək blokadalı-inkişaflı, inkişaflı-intibahlı günləri başlayırdı. Ermənilər yəqin düşünməyibmişlər ki, bizim başqa qonşularımız da var, həm də onlardan fərqli, yaxşı qonşularımız. Bizim siyasi aləmdə sözü keçərli şəxsiyyətimiz var. Və onun siyasi addımları ilə Naxçıvan çıxış yolunu tapacaqdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “1990-cı ilin iyul ayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvana gəlməsi, burada yaşayıb siyasi fəaliyyət göstərməsi muxtar respublika ərazisini işğaldan, muxtariyyətini isə ləğv olunmaq təhlükəsindən xilas etdi. Bu illərdə xalqımızın böyük oğlunun muxtar respublika Ali Məclisində xüsusi bəyanatla çıxış etməsi, Türkiyə Respublikasına səfəri zamanı Moskva və Qars müqavilələrini yenidən gündəmə gətirərək dünya ictimaiyyətinin diqqətini Ermənistanın təcavüzkar siyasətinə yönəltməsi Naxçıvanın muxtariyyət statusuna ikinci ömür vermişdir”.
Beləliklə, labüd olan yolların hər birindən böyük siyasi bacarıqla istifadə edən ulu öndər Naxçıvanın blokadasını yara bildi. Qonşu İran və Türkiyə muxtar respublikanı elektrik enerjisi və ərzaqla təmin etdilər. Bu elektrik enerjisi fasilələrlə verilsə də, ərzaq insanların tələbatından az olsa da, əsas məsələ onların mənəvi sarsıntısının aradan qaldırılması, bir sözlə, yaşamaları oldu.
İllər ötdükcə blokada Naxçıvanı düşmənə meydan oxudu. Məhv olmaması, yaşaması ilə onların gözdağına çevrildi. Blokada Naxçıvanı informasiya blokadasını yarıb, səsini dünyaya yaydı. Mənsub olduğu ölkənin rəhbərliyinin cəsarət edib toxuna bilmədiyi məsələlərə toxundu. 1990-cı il noyabrın 17-də Naxçıvan Parlamentinin dahi şəxsiyyət Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət bayrağı kimi qəbul edilməsi haqqında tarixi qərar qəbul edildi. Dahi şəxsiyyətin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “sovet sosialist” sözləri çıxarıldı.
Bütün bunlar blokadanın ilk illərində burada gələcək üçün blokada və inkişaf, blokada və tərəqqi mərhələsinin qığılcımları idi. Zamanın hökmü, diktəsi tarixə növbəti bir yeniliyi bəxş etməkdə idi ki, bu barədə ermənilər düşünə belə, bilməzdilər. Bu yenilik blokada ilə inkişafın illər sonra tarixin səhifələrinə həkk olunması idi. Və bu yenilik ondan ibarət idi ki, blokada ilə inkişaf, tərəqqi sözləri tarixin heç bir dönəmində bir araya gəlməmiş, qoşa səslənməmişdi.
Ümummilli lider Heydər Əliyev Naxçıvanda yaşadığı illərdə böyük bir məktəbin təməlini qoymuşdu: Heydər Əliyev məktəbinin. Bu məktəbdə Heydər Əliyev zəkasından süzülənlərin hər birinin necə əxz olunması illər sonra–ulu öndər Bakıya qayıtdıqdan sonra Naxçıvana rəhbərlik edən insanın idarəçilik bacarığında, qabiliyyətində özünü göstərəcək, onu dövlət xadimi səviyyəsinədək yüksəldəcəkdi. O insanın ki onun ilk şüarı belə olacaqdı: “Mənim işim Heydər Əliyevin Naxçıvanda görmək istədiyi, ancaq zaman kəsiyinin yarımçıqlığı ucbatından gerçəkləşdirə bilmədiyi işləri tamamlamaqdan ibarət olmuşdur və bundan sonra da belə olacaq”.
23 illik fəaliyyət dövrünün hər anında bu sözlər başlıca məqsəd olub və muxtar respublikamızın ötən illər ərzində hərtərəfli inkişafı sırf bu prinsipin bəhrəsidir. Muxtar respublikamızın iqtisadiyyatından tutmuş mədəniyyətinədək, onlarla yeni məktəb binalarının tikintisindən tutmuş ali və orta ixtisas məktəblərinin, yüzlərlə inzibati və ictimai yaşayış binalarının tikintisi və yeniləşdirilməsinədək, tarixi abidələrimizin bərpası, milli dəyərlərimizin yaşadığı yerin – muzeylərimizin diqqətdə saxlanılmasınadək böyük quruculuq işlərinin ildən-ilə genişləndirilməsindən Naxçıvan Muxtar Respublikasının başdan-başa yaşıllıqlara qərq olunmasınadək, minlərlə hektar sahələrdə meyvə bağlarının salınmasınadək və günlərlə sadalamaqla bitməyən, tükənməyən, ümumilikdə, qədimdən qədim Naxçıvanın inkişafı, sərhədlərinin möhkəmləndirilməsi, qədimliyini saxlamaqla müasirləşdirilməsi üçün görülən bütün işlər ümummilli liderimiz Heydər Əliyevin istəklərini həyata keçirməkdən qaynaqlanırdı. Çünki ulu öndərimizin bir istəyi vardı. O, deyirdi: “İstəyirəm mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin”. Bu arzu və istəklərin reallaşması üçün Heydər Əliyev məktəbinin layiqli yetirmələri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun böyük əməyi, səyi olmuşdur.
Böyük qürurla söyləyə bilərik ki, tarixdə görünməmiş, tarixə yazılmamış məqamlar baş verib Naxçıvanda: blokada və inkişaf...blokada və tərəqqi. Son 23 il isə bu yeni mərhələnin ən məhsuldar dövrü olub. Blokada şəraitində insan ağlına sığmayan dəyişikliklər baş verib burada. O dəyişikliklər ki Naxçıvana ötən dövrdə yolu düşənlərin heyrətinə səbəb olub, xarici mətbuat səhiflərində jurnalistlərin təəssürat mövzularına, səliqə-sahmanı, təmizliyi ilə nümunə olaraq göstərilən regiona çevrilib. Naxçıvan indi bura gələnlərin ötənlərlə bu günü, özününkü ilə buranı müqayisəetmə məqamındadır. Naxçıvan bu gün dünyanın ən inkişaf etmiş regionları sırasındadır. Lakin bir fərq var: Naxçıvan bu intibaha blokada şəraitində nail olub. Deməli, məqsəd və prinsip olan yerdə blokada belə, əngəl yarada bilmirmiş.
Ötən illərin ən yüksək göstəriciləri Naxçıvanın elektrik enerjisi və təbii qazla fasiləsiz təminatı, informasiya blokadasının tamamilə aradan qaldırılması, Naxçıvanın ölkə ilə həm quru, həm də hava yolu nəqliyyatının bərpa edilməsidir. Və blokada Naxçıvanında bütün bunların bərpası səhifələndikcə səhifələnən bir tarixdir. Çünki bu sadalananlar üçün illərlə danışıqlar aparılıb, olmazın əziyyəti çəkilib, bir sözlə, bütün bunlara zərrə-zərrə nail olunub.
23 il əvvəl hər bir naxçıvanlı ailəsində ümumi bir problem yaşanırdı. Buradakı ailələrin yüzündən birində ailə başçısı var idi. Qalanı isə iş yerlərinin yoxluğu ucbatından başqa dövlətlərə işləməyə yollanmışdı. Ötən illər gedənləri geri qaytardı. Muxtar respublikamızda təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş quruculuq siyasətinin geniş vüsət alması yeni iş yerlərinin yaranmasına səbəb oldu. Tək ötən ildə muxtar respublikada 2827 yeni iş yeri yaradılmışdır ki, bunun da 2782-si daimi iş yerləridir. Bu illərin hər biri Naxçıvanda yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması ilə müşayiət olunub ki, bu müəssisələrin sayı qədər sovet dövründə heç bütövlükdə Azərbaycanda istehsal müəssisəsi olmayıb. 2018-ci ildə muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 50 layihə üzrə istehsal və xidmət obyektləri yaradılması, 18 layihə üzrə isə davam etdirilməsi dünənlə bu günü müqayisə etmək üçün yetərli faktlardır.
Torpaq islahatının muxtar respublikamızda uğurla başa çatdırılmasının, zəhmət adamlarına göstərilən qayğının nəticəsi olaraq əkin sahələri ildən-ilə genişləndirilir, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin söylədiyi kimi əhalinin yerli məhsullarla təminatının vacibliyi məsələsi öz həllini tapıb. İndi muxtar respublikada onlarla adda məhsul istehsal olunur. Bu isə əhalinin məşğulluğu sahəsində həyata keçirilən işlərin məntiqi davamı, insanların sağlam, keyfiyyətli qida məhsulları ilə təminatının qeydinə qalınmasının göstəricisidir. Bu gün muxtar respublikada 383 növdə məhsul istehsal olunur. Bu məhsulların 126 növü ərzaq, 257 növü qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir.
Quruculuğun ahəngdar və davamlı olması muxtar respublikamızın sürətli sosial-iqtisadi inkişafına şərait yaradıb. Burada həyata keçirilən quruculuğun maraqlı tərəfi ondadır ki, bu proses ucqarlardan başlandı. Ucqar, sərhəd kəndlərimizdə müasirtipli məktəb binalarının, həkim ambulatoriyalarının, kənd mərkəzlərinin tikilməsi, yolların, körpülərin abadlaşdırılması kəndlini qədim yurd yerlərinə bağladı. Onlara kəndlərdə şəhər rahatlığı yaradıldı. Torpağı və hərtərəfli şəraiti olan kənd adamı bu gün dövlətin dəstəyini, qayğısını hiss edərək yaşayır. Dövlət ona əkmək, biçmək, istehsal etdiyi məhsulu satmaq, ümumilikdə, yaxşı yaşamaq üçün şərait yaradıb. 2018-ci ildə muxtar respublikada 212 müxtəlif təyinatlı obyekt tikilmiş, yenidən qurulmuş və ya əsaslı təmir olunmuş, 107-də bi işlər davam etdirilmişdir. Həmçinin yeni istehsal sahələrinin yaradılması, yaxud genişləndirilməsi və fərdi sahibkarlığın inkişafı üçün sahibkarlara 13 milyon 790 min 800 manat kreditlərin verilməsi muxtar respublikamızda insan amilinə verilən dəyərin göstəriciləridir.
95 illik muxtariyyətimizin 30 ilə yaxın dövrünü təşkil etməkdə olan blokada şəraitində yaşananlar, yaradılanlar özü böyük bir tarixdir. Oxunmalı, öyrənməli, gələcək nəsillərə çatdırılmalı bir tarix. Elə blokadanın bugünkü nəticələri – Naxçıvanın intibahı muxtariyyətimizin yubileyinə illərdən bəri hazırlanan bir töhfədir.
Blokada və inkişaf... intibah...Bir-birinin əksi olan bu sözlərin bir araya necə sığmasını isə dünya tarixçiləri gələcəkdə, bəlkə də, bizim müstəqilliyimizin altmışıncı, yetmişinci, yüzüncü illərində Naxçıvanın simasında tədqiq edəcəklər. Bu tədqiqat dünya tarixinə Naxçıvan nümunəsi ilə həkk olunacaq.

Mətanət Məmmədova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR