23 Dekabr 2024, Bazar ertəsi

2018-ci il dekabr ayının 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirədə verilən tapşırıqların icrası və qarşıda duran vəzifələrlə əlaqədar Sədərək Rayon İcra Hakimiyyətində yığıncaq olub.
Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov tədbirdə çıxış edərək bildirib ki, ümummilli ­liderin əsasını qoyduğu gənclər və idman siyasəti bu gün də uğurla davam etdirilir. Ölkəmizdə olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da bədən tərbiyəsi və idmanın inkişafına hərtərəfli diqqət və qayğı göstərilir. Naxçıvanda idmanın maddi-texniki bazasının gücləndirilməsi, yaradılan müasir şərait, öz növbəsində, muxtar respublikamızı beynəlxalq və yüksək səviyyəli yarışların keçirildiyi bir məkana çevirib.
Qeyd olunub ki, Ali Məclis Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikamızın bütün bölgələrində olduğu kimi, Sədərək rayonunda da müasir idman məktəbləri və qurğuları istifadəyə verilib. Hazırda rayonda Uşaq-gənclər şahmat və idman məktəbləri, mərkəzi stadion, süni örtüklü mini-futbol meydançası, məktəblərdə müasir idman zalları və açıq idman qurğuları mövcuddur. Muxtar respublikada fəaliyyət göstərən 12 federasiyanın yeddisinin Sədərək rayonunda bölmələri yaradılıb. Bölgədə idmanla məşğul olanların sayı 2200 nəfərdir ki, onların 231-ni qızlar təşkil edir. Sağlamlıq imkanları ­məhdud olan 15 uşaq və gənc də idmana cəlb edilib.

Rayonda 2018-ci il ərzində idman sahəsində əldə olunan uğurlardan bəhs edən Həbib İbrahimov bildirib ki, boks üzrə keçirilən muxtar respublika birinciliklərində rayonu təmsil edən komandanın üzvü Nofəl Əlizadə Naxçıvan şəhər açıq çempionatının qalibi adına layiq görülüb. Karate-do üzrə keçirilən muxtar respublika açıq birinciliyində iştirak edən Fuad Məmmədov birinci yerin qalibi olub, Canər Abbaszadə isə III yer ilə kifayətlənib. Bundan əlavə, respublika spartakiadasında 400 metr məsafəyə qaçışda Nərmin Əliyeva I, Selcan Hüseynova isə III yerin qalibi adını qazanıblar. İntellektual oyunlar üzrə muxtar respublika birinciliyində iştirak edən Nurşən Məmişova uğurlu nəticə əldə edərək I yerin sahibi olub.
Müşavirədə qarşıya qoyulmuş vəzifələrdən danışan icra başçısı diqqətə çatdırıb ki, rayonda müasir idman infrastrukturunun, hərtərəfli şəraitin yaradılmasına baxmayaraq, hələ də mövcud imkanlardan lazımınca istifadə olunmur. Qarşıya qoyulmuş vəzifələrin icrası üçün rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, federasiyaların rayon bölmələri öz fəaliyyətlərini gücləndirməlidirlər. Aidiy­yəti qurumlar tərəfindən rayonda idmanın müxtəlif növlərinin inkişaf etdirilməsi, gənclərin idmana cəlbi, idman yarışlarının kütləviliyinin artırılması işi diqqətdə saxlanılmalı, müxtəlif növlər üzrə rayon birinciliklərinin keçirilməsi davam etdirilməli, muxtar respublika, ölkə və beynəlxalq səviyyəli yarışlarda rayon idmançılarının iştirakı təmin olunmalıdır. Gənclər və İdman İdarəsi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi ilə birgə tədbirlər keçirməli, sağlamlıq imkanları məhdud idmançılar rayonun və muxtar respublikanın idman həyatına daha fəal inteqrasiya edilməlidirlər. Ümumtəhsil məktəblərində fiziki tərbiyə dərslərinin tədrisinə nəzarət artırılmalı, Uşaq-gənclər şahmat və idman məktəblərinin fəaliyyəti gücləndirilməli, müvafiq federasiya bölmələri ilə birlikdə idman yarışları və müxtəlif idman oyunları təşkil edilməlidir.
Tədbirdə çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi Polad Rzazadə, Uşaq-gənclər idman məktəbinin direktoru Nizami Bağırov bədən tərbiyəsi və idmanın inkişafına göstərilən diqqət və qayğıya görə muxtar respublika rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Sonda ötən il yarışlarda fərqlənən idmançılar mükafatlandırılıblar.

Sərxan İsmayılov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR