Culfa Rayon İcra Hakimiyyətində 2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirə ilə bağlı yığıncaq olub.
Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal Məmmədzadə bildirib ki, muxtar respublikada idman sahəsi daim diqqətdə saxlanılır, gənclərin idmana və təhsilə cəlbi istiqamətində ardıcıl tədbirlər görülür. Məhz bunun nəticəsidir ki, muxtar respublikanın bütün bölgələrində olduğu kimi, Culfa rayonunda da bədən tərbiyəsi və idman müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilib, yeni tikilən təhsil müəssisələrində ən müasir standartlara cavab verən idman zalları və açıq idman meydançaları yaradılaraq lazımi idman qurğuları ilə təchiz edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən ötən il noyabrın 1-də Culfa Rayon Mərkəzi Stadionu əsaslı şəkildə təmir olunaraq yenidən gənclərin istifadəsinə verilib.
Qeyd olunub ki, rayonda Uşaq-gənclər şahmat məktəbi, mərkəzi futbol meydançası, 10 kənd futbol meydançası, 6 məktəb stadionu var. Burada muxtar respublikadakı 12 idman federasiyasından 11-nin bölməsi fəaliyyət göstərir. Bu gün mövcud olan idman infrastrukturu rayonda federasiya şöbələrinin fəaliyyəti üçün lazım olan bütün tələblərə cavab verir. Yaradılmış şərait, bu sahəyə dövlət qayğısı idmanın kütləviliyinə öz təsirini göstərir.
Diqqətə çatdırılıb ki, rayonda 7 yaşdan 18 yaşadək olan yeniyetmə və gənclərdən 3597-si idmanla məşğul olur. Onlardan 14-ü sağlamlıq imkanları məhdud şəxslərdir. İdmançılarımız son illər həm ölkə, həm də beynəlxalq səviyyəli yarışlarda iştirak edərək rayonu layiqincə təmsil edirlər.
Qarşıda duran vəzifələrdən də bəhs edən icra başçısının müavini vurğulayıb ki, qazanılan uğur və nailiyyətlərə baxmayaraq, istedadlı idmançıların üzə çıxarılması, federasiyalarla birgə iş və digər sahələrdə nöqsanlar qalmaqdadır. Cari ildə federasiyaların rayon bölmələri Culfa Rayon Gənclər və İdman İdarəsi ilə birgə iş qurmalı, müxtəlif yarışlar təşkil olunmalıdır. Rayon Uşaq-gənclər şahmat və idman məktəbləri işlərində dönüş yaratmalı, Təhsil Şöbəsi ümumtəhsil məktəblərində fiziki tərbiyə dərslərinin tədrisinə nəzarəti daha da gücləndirməli, məktəblilərin fiziki cəhətdən sağlam böyümələri üçün səylə çalışmalıdır.
Yığıncaqda rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elçin Cəfərov, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Culfa rayon bölməsinin sədri Mehdixan Əliyev və Paralimpiya Federasiyasının rayon bölməsinin sədri Mustafa Cəlilovun çıxışları olub.
Sonda 2018-ci ildə müxtəlif idman növlərində fərqlənən məşqçi-müəllim və idmançılara hədiyyələr təqdim olunub.
Ceyhun MƏMMƏDOV