Naxçıvan Müəllimlər İnstitutunda 2 fevral – Gənclər Gününə həsr olunmuş “Dövlət gənclər siyasəti” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransı institutun rektoru, dosent Elbrus İsayev açaraq bildirib ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan uğurlu gənclər siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da müasir gəncliyin inkişafı üçün əlverişli şərait yaradılıb. Bu gün doğma diyarımızda gənclərin yüksək vəzifələrdə təmsil olunması onlara inamın və qayğının ən bariz nümunəsidir.
Sonra Yeni Azərbaycan Partiyası Naxçıvan Müəllimlər İnstitutu ərazi ilk partiya təşkilatının sədri, pedaqogika və psixologiya kafedrasının baş müəllimi Çapay Quliyev məruzə ilə çıxış edərək Azərbaycanda gənclər siyasətinin uğurlarından ətraflı bəhs edib. Məruzəçi bildirib ki, gənclərimizin sosiallaşmasını stimullaşdırmaqla onların cəmiyyətin aparıcı qüvvələrinə inteqrasiyası yüksək tələblər səviyyəsində təmin edilir. Bu inteqrasiya gənclərdə vətənpərvərlik və soykökə bağlılıq, Vətənin gələcəyinə inam və məsuliyyət hisslərini yaradıb. Görülən işlərin sistemli aparılması və gələcəyə planlı şəkildə istiqamətləndirilməsi gəncliyin öz üzərinə düşən məsuliyyəti dərindən dərk etməsinə səbəb olub.
Konfrans institutun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, Pedaqoji fakültənin III kurs tələbəsi Günel Məmmədovanın “Dövlət gənclər siyasətinin həyata keçirilməsində tələbə-gənclərin fəallığı”, Yeni Azərbaycan Partiyası Naxçıvan Müəllimlər İnstitutu Gənclər Birliyinin sədri, Təbiət və incəsənət fakültəsinin III kurs tələbəsi Ruhid İslamlının “Naxçıvan Muxtar Respublikasında gənclərin inkişafına yaradılmış şərait” mövzularında məruzələri ilə davam edib. Məruzələr ətrafında müzakirələrdə tələbə-gənclər xüsusi fəallıq göstəriblər.
Sonda bir qrup gənc tələbəyə mükafatlar təqdim olunub, Gənclər Günü ilə bağlı hazırlanmış videoçarx nümayiş etdirilib.
Xəbərlər şöbəsi